Sağlamlıq araşdırmalarına görə, idmandan maksimum fayda əldə etmək üçün məşq vaxtını bədən saatına uyğun seçmək faydalı olur.
Səhər erkən oyanan insanlar məşqlərini səhər saatlarında, gecə daha aktiv olanlar isə axşam saatlarında etməklə daha yaxşı nəticə əldə edirlər.
Open Heart jurnalında dərc olunan yeni araşdırmaya görə, məşq vaxtının bədən saatına uyğunlaşdırılması, xüsusilə ürək-damar xəstəlikləri riski yüksək olan insanlarda bəzi sağlamlıq göstəricilərinə müsbət təsir göstərir.
Araşdırmada məşq vaxtını bədən saatına uyğunlaşdıran iştirakçılarda yuxu keyfiyyətinin, qan təzyiqinin və qan şəkərinin tənzimlənməsi ilə bağlı göstəricilərin daha çox yaxşılaşdığı müşahidə olunub.
Məşq vaxtı önəmlidir
Pakistanlı alimlərin apardığı araşdırmada 40–50 yaşlarında 134 nəfər iştirak edib. İştirakçıların heç biri yüksək fiziki hazırlıq səviyyəsinə malik olmayıb və onların hamısında yüksək qan təzyiqi və ya artıq çəki kimi ən azı bir ürək xəstəliyi risk faktoru olub.
İştirakçılardan üç ay ərzində həftədə beş dəfə, hər dəfə 40 dəqiqə olmaqla, nəzarət altında sürətli yerimələri istənilib.
Sorğulara əsasən, 70 nəfər özünü səhər daha aktiv olan insan, 64 nəfər isə gecə daha aktiv olan insan kimi qiymətləndirib.
İştirakçıların bir hissəsi məşq vaxtını bədən saatına uyğunlaşdırıb, digər qrup isə bunun əksinə hərəkət edib.
Hər iki qrupda fiziki hazırlıq səviyyəsinin yaxşılaşdığı müşahidə olunub. Lakin məşq vaxtını bədən saatına uyğunlaşdıranlarda qan təzyiqi, fiziki hazırlıq, maddələr mübadiləsi ilə bağlı göstəricilər və yuxu keyfiyyətində daha nəzərəçarpan yaxşılaşma qeydə alınıb.
Tədqiqatçılar bildirirlər ki, daxili bədən saatı yuxu-oyanıqlıq rejiminə, həmçinin gün ərzində hormonların və enerji səviyyəsinin dəyişməsinə təsir edir. Bu amillər isə fiziki fəaliyyət zamanı performansa təsir göstərir.
“Sosial jetlag” nədir?
Mütəxəssislərin fikrincə, nəticələr məşq vaxtı ilə bağlı “hamıya uyğun bir yanaşma”nın ideal olmaya biləcəyini göstərir.
Bədənin bioloji ritmi ilə sosial həyatın tələb etdiyi rejim arasındakı uyğunsuzluq “sosial jetlag” adlandırılır. Bu vəziyyət ürək-damar xəstəlikləri riskinin artması ilə əlaqələndirilir.
Tədqiqatçılar gecə daha aktiv olan insanların səhər tezdən məşq etməyə məcbur edilməməli olduğunu vurğulayırlar.
İngiltərə Kardiologiya Cəmiyyətindən Dr. Rajiv Sankaranarayanan araşdırmanın məşq vaxtının insanın bədən saatına uyğunlaşdırılmasını dəstəklədiyini, lakin bu nəticələri təsdiqləmək üçün daha geniş araşdırmalara ehtiyac olduğunu bildirib.
Cambridge Universitetindən bədən ritmləri üzrə mütəxəssis Dr. Nina Rzechorzek isə məşq vaxtının nəzərə alınmalı amillərdən biri olduğunu, lakin kifayət qədər və müntəzəm fiziki aktivliyin daha vacib olduğunu qeyd edib.
Mütəxəssislər nə qədər idman etməyi tövsiyə edir?
İngiltərənin Milli Səhiyyə Xidməti (NHS) əksər böyüklərə:
həftədə ən azı 2 gün əsas əzələ qruplarını – ayaqlar, omba, bel, qarın, sinə, çiyinlər və qolları – işlədən gücləndirici məşqlər etməyi;
həftədə ən azı 150 dəqiqə orta intensivlikli fiziki fəaliyyət, məsələn, sürətli yerimə, və ya 75 dəqiqə yüksək intensivlikli fəaliyyət, məsələn, qaçış etməyi;
fiziki aktivliyi həftə və gün ərzində mümkün qədər bərabər bölməyi və uzun müddət oturmağı azaltmağı tövsiyə edir.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

