İyul 8, 2026
Baku
Müsahibə

“Şəhərdə yaşamaq artıq lüksə çevrilir” -Elçin Bayramlı

Son illərdə böyük şəhərlərə köç artmaqda davam edir. İnsanlar daha yaxşı iş, təhsil və həyat şəraiti üçün regionlardan paytaxta və iri şəhərlərə köç edirlər. Lakin bu axın yalnız üstünlüklər gətirmir, eyni zamanda bir sıra sosial problemlər də yaradır. Artan kirayə haqları, yüksələn yaşayış xərcləri, uzun və sıxlıq insanların gündəlik həyatını çətinləşdirir. Bu həm fiziki, həm də emosional yorğunluğa səbəb olur və sosial münasibətlərə təsir göstərir.
Bu mövzuda sosioloq Elçin Bayramlı ilə danışdıq. O, şəhər həyatının yaratdığı çətinlikləri və problemlərin mümkün həll yollarını izah etdi.
Şəhərə köç edən insanların sayı kirayə və yaşayış xərclərinə necə təsir edir?
Ümumiyyətlə, urbanizasiya-şəhərləşmə prosesi bütün dünyada və bütün ölkələrdə baş verir. Bu proses nəhəng şəhərlərin yaranmasına səbəb olur. İnsanların regionlardan, xüsusilə ucqar ərazilərdən böyük şəhərlərə axını müşahidə olunur. Bunun səbəbi böyük şəhərlərdə iş, karyera, müxtəlif təhsil və fəaliyyət sahələri üzrə daha çox imkan və dəstəyin olmasıdır. Bu səbəbdən insanlar böyük şəhərlərə köç edirlər. Lakin bu proses eyni zamanda müəyyən problemlər də yaradır. Şəhərlərdə sıxlıq meydana gəlir. Həm nəqliyyatın fəaliyyəti, həm də piyadaların hərəkəti gərginləşir. Kommunal xidmətlərdə problemlər ortaya çıxır. Şəhərlərə çox sayda insanın köçməsi iş bazarında rəqabəti artırır və mövcud iş yerləri tələbatı tam qarşılamır.
Belə şəhərlərdə əhali sayı artdıqca, təbii olaraq qiymətlər yüksəlir: evlərin qiyməti, kirayə haqları, məhsulların və xidmətlərin qiymətləri artır. Çünki tələbat çox olur və təklif onu tam qarşılaya bilmir. Nəticədə bazar qanunlarına uyğun olaraq qiymətlər bahalaşır və gündəlik həyat çətinləşir.
 Yüksək xərclər insanların gündəlik həyatını və sosial münasibətlərini necə çətinləşdirir?
 İnsanlar işə gedib-gəlmək üçün vaxtlarının böyük hissəsini yollarda, nəqliyyat vasitələrində keçirirlər. Bu da sosial münasibətlərin zəifləməsinə səbəb olur, çünki qohumlar və dostlarla əlaqə saxlamaq üçün vaxt azalır. Şəhər həyatı daha gərgin, daha əsəbi və stresli olur. Bu isə həm vaxt baxımından ciddi problemlər yaradır, həm də insan sağlamlığına da zərər verə bilir.
Regionlarda yaşamağı  daha əlçatan etmək üçün hansı sosial tədbirlər lazımdır?
 Regionlarda yaşamağı daha əlçatan etmək lazımdır ki, həm sosial-mədəni inkişaf baxımından, həm iqtisadi dövriyyə və iqtisadi aktivlik baxımından, həm də müxtəlif güzəştlər hesabına insanlar orada qalmaqda maraqlı olsunlar. Məsələn, vergi güzəştləri və buna bənzər imkanlarla regionlarda yaşayanların orada qalması, eləcə də başqa yerlərdə yaşayan insanların regionlara gedib iş qurmağa maraq göstərməsi mümkündür.
Bizdə də regionların inkişafı ilə bağlı proqramlar var.
Bakı şəhəri təxminən 5 milyona yaxın insanın yaşadığı və çalışdığı bir məkandır. Ölkə əhalisinin yarısı burada cəmləşib. Amma bu prosesi düzgün istiqamətə yönəltmək mümkündür. Regionların inkişafını təmin etməklə- regionlarda iş yerləri, sosial obyektlər və yeni imkanlar yaradıldıqca, əks-axın baş verə bilər.
Hökumət güclü proqramları həyata keçirməklə regionlarda, xüsusilə Qarabağ və Şərqi Zəngəzur ərazilərində böyük işlər görə bilər. Yaxın illərdə yarım milyon insanın bu ərazilərdə məskunlaşmasını təmin etmək mümkün olacaq. Bu isə iri şəhərlərdə yüksək xərclərin insanların gündəlik həyatını, yaşayışını və sosial münasibətlərini çətinləşdirməsinin qarşısını müəyyən qədər ala bilər.
Buna görə də, regionlara xarici və daxili investisiyalar cəlb olunmalı, iş adamlarına güzəştlər verilməlidir. Kommunal xidmətlərdə və digər sahələrdə də müəyyən güzəştlər tətbiq edilməlidir. Əhali stimullaşdırılmalıdır ki, regionlara köç etsin. Xüsusilə aqrar sektorda bu təşviqlər vacibdir.
Böyük şəhərlərdə əhali sıxlığı azaldılmalı, kənd və rayonlardan köç etmiş insanlar yenidən öz bölgələrinə qayıtmağa həvəsləndirilməlidir. Bütün bu məsələlər kompleks şəkildə həll olunmalıdır.
Göründüyü kimi, iri şəhərlərə köç artdıqca qiymətlər yüksəlir, həyat gərginləşir və sosial münasibətlər çətinləşir. Regionlarda yaşamağı əlçatan etmək üçün vergi güzəştləri, iş imkanları və investisiyalar vacibdir. Əgər bu tədbirlər həyata keçirilərsə, iri şəhərlərdə sıxlıq azalacaq, gündəlik həyat asanlaşacaq və insanlar regionlarda da rahat yaşayacaqlar. Artıq 2030-cu il üçün qəbul edilmiş milli prioritetlər və görülən işlər göstərir ki, ölkə əhalisinin balanslı paylanması, regionların inkişafı və iqtisadi imkanların tarazlı şəkildə bölüşdürülməsi uzunmüddətli perspektivdə davamlı inkişafı təmin edəcək.
Beləliklə, şəhərdə həyatın çətinlikləri və imkanları hər birimizin gündəlik təcrübəsində hiss olunur. Qiymətlərin artması, sıxlıq, işə gedib-gəlməyə sərf olunan vaxt və sosial münasibətlərin azalması reallıqlarımızın bir hissəsidir. Eyni zamanda, regionlarda həyatın daha əlçatan olması, iş və sosial imkanların yaradılması gələcəkdə insanların daha rahat və balanslı yaşamasına yol açır. Gələcək illərdə bu dəyişikliklərin gündəlik həyatımızı necə formalaşdıracağını izləmək maraqlı olacaq.
Hazırladı: Gülçin Abdullayeva
Gundelik.az