Bəzən ac olmadığımız halda yeməyə, xüsusilə də şirniyyat, peçenye və çips kimi qidalara güclü istək duya bilərik. Mütəxəssislər bunun yalnız stress və kədərlə bağlı olmadığını bildirirlər. Yuxusuzluq, yorğunluq, cansıxıcılıq və tənhalıq da yemək istəyini artırır.
Emosional yeməyin əlamətləri
Qəfil yemək istəyi yaranır.
Müəyyən “rahatladıcı” qidalara güclü həvəs yaranır.
Stressli, kədərli, tənha və ya cansıxıcı olduqda yeməyə yönəlirsiniz.
Ac olmadığınız halda yeyirsiniz.
Yeməkdən sonra peşmanlıq və günahkarlıq hiss edirsiniz.
Niyə belə olur?
Stress zamanı orqanizm sürətli enerji verən qidalara, xüsusilə şəkər və karbohidratlarla zəngin məhsullara meyl göstərir.
Cansıxıcılıq da insanı aclıq hiss etmədən yeməyə sövq edir. Bu zaman məqsəd qidalanmaqdan çox diqqəti yayındırmaq olur.
Yuxusuzluq isə iştahı və yüksək kalorili qidalara olan istəyi artırır. Buna görə kifayət qədər yatmamaq gün ərzində daha çox yeməyə səbəb olur.
Emosional yeməyin qarşısını necə almaq olar?
Bunun üçün “3F” üsulundan istifadə etmək olar:
Hiss et: Yemək istəyəndə özünüzdən soruşun: Həqiqətən acam, yoxsa stressli, tənha və ya cansıxıcıyam?
Qidalan: Seçdiyiniz qidanın sizi necə hiss etdirdiyini düşünün. Özünüzü daha yaxşı hiss edirsiniz, yoxsa sonradan peşman olursunuz?
Alternativ tap: Hisslərinizlə yeməkdən başqa yollarla mübarizə aparmağa çalışın. Gəzmək, idman etmək, dostunuzla danışmaq, duş qəbul etmək, musiqi dinləmək və ya nəfəs məşqləri etmək kömək edir.
Bundan əlavə, gecələr ən azı 7 saat yatmaq, müntəzəm qidalanmaq və sizi yeməyə sövq edən vəziyyətləri müəyyənləşdirmək faydalıdır.
Mütəxəssislər bildirirlər ki, zaman-zaman emosional səbəblərlə yemək normaldır. Əsas məqsəd yeməyin stress, cansıxıcılıq və ya pis əhval-ruhiyyə ilə mübarizənin əsas vasitəsinə çevrilməsinin qarşısını almaqdır.
Mənbə:BBC Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
