İsrail hakimiyyəti bir neçə böyük layihə həyata keçirir, o cümlədən yeni yaşayış məskənlərinin tikintisi və torpaqların ilhaqı ilə gələcəkdə Fələstin dövlətinin yaranmasının qarşısını almağa çalışır.
İşğal altındakı Şərqi Qüdsdə, istifadəsiz qalmış Qalandia hava limanının yerində 9000 yeni mənzil tikiləcəyi gözlənilir. Layihə Fələstin torpaqlarını bir-birindən ayırmaq və müstəqil Fələstin dövlətinin yaranmasının qarşısını almaq məqsədini daşıyır.
Şimal Şərqi Qüdsdə yerləşən “Atarot” məhəlləsi Fələstin dövlətçiliyini zəiflətməyi hədəfləyən E1 planını xatırladır. İsrail qrupundan olan “Peace Now” təşkilatının məlumatına görə, məhəllənin layihəsi və konturları çərşənbə günü Rayon Planlaşdırma və Tikinti Komitəsində müzakirə ediləcək və təsdiqlənəcək.
Təşkilat bildirir ki, yeni məskən sıx məskunlaşmış fələstinli şəhər ərazisində tikiləcək və layihə Ramallahdan başlayaraq şimalda Kafr Akab, Qalandia qaçqın düşərgəsi, ar-Ram, Beit Hanina və Bir Nabala boyunca davam edəcək.
Layihə yüz minlərlə fələstinlinin yaşadığı bu ərazidə İsrailin nəzarət etdiyi kiçik bir sahə yaradacaq, ərazidə inkişafı məhdudlaşdıracaq və müstəqil Fələstin dövlətinin yaranma ehtimalını xeyli azaldacaq.
Mənbə: Al Jazeera
Tərcümə etdi: Gülçin Abdullayeva

