Müasir dövrdə sosial şəbəkələr və süni intellekt insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Bu texnologiyalar məlumat əldə etməyi, ünsiyyəti və müxtəlif xidmətlərdən istifadəni asanlaşdırsa da, onların insan psixologiyası və sosial münasibətlərə təsiri geniş müzakirə olunur. Xüsusilə gənclər arasında sosial mediadan həddindən artıq istifadə, virtual həyatın reallıqla qarışması və süni intellektlə artan ünsiyyət yeni psixoloji və sosial problemlərin meydana çıxmasına səbəb olur.
Mövzu ilə bağlı psixoloq Sevinc Həbibova fikirlərini Gundelik.az-la bölüşüb.
– Sosial şəbəkələrin insan psixologiyasına ən böyük təsiri nədir?
Sosial şəbəkələrin həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət cəhəti ondan ibarətdir ki, insanlar istədikləri məlumatı və xəbəri qısa zamanda əldə edə bilirlər. İnternet informasiyaya çıxışı asanlaşdırır və bu, müasir dövrün mühüm üstünlüklərindən biridir.
Lakin sosial şəbəkələrdən həddindən artıq istifadə müəyyən problemlər də yaradır. İnsanlar getdikcə bir-birindən uzaqlaşır, canlı ünsiyyət azalır. Əvvəllər insanlar daha çox bir-birinin evinə qonaq gedər, münasibətlərə və dəyərlərə daha çox önəm verərdilər. Bu gün isə bir çox hallarda insanlar görüşərkən belə diqqətlərini telefondan ayıra bilmirlər.
Xüsusilə uşaqlar və yeniyetmələr sosial şəbəkələrdə yayılan müxtəlif məzmunlarla qarşılaşırlar. Bu səbəbdən zərərli və həssas mövzuların işıqlandırılmasına daha diqqətlə yanaşılmalıdır. Sosial şəbəkələrdən ölçülü və məqsədli istifadə edilmədikdə insanlar real həyatdan uzaqlaşa, sosial təcrid hissi yaşaya bilərlər.
– Süni intellektlə ünsiyyət insanların sosial münasibətlərinə necə təsir göstərir?
Süni intellekt sürətlə inkişaf edir və insanların həyatında daha çox yer tutmağa başlayır. Bu texnologiyalar gündəlik işləri asanlaşdırsa da, bəzi hallarda insanların canlı ünsiyyətə olan marağının azalmasına səbəb olur.
Müşahidə edirik ki, insanlar artıq bir çox məsələlərdə texnologiyalara üstünlük verirlər. Halbuki insan münasibətlərinin əsasını emosiyalar, hisslər və qarşılıqlı anlayış təşkil edir. Əvvəllər insanlar bir-birini tanımaq, münasibət qurmaq üçün daha çox səy göstərirdilər. Bu proseslər ünsiyyəti və emosional bağlılığı gücləndirirdi.
Bu gün isə texnologiyaların həyatımıza həddindən artıq daxil olması bəzi insanlarda tənhalığa meyilliliyi artırır. İnsanların təbiətlə, ailə ilə və yaxın çevrələri ilə keçirdiyi vaxtın azalması da sosial münasibətlərə müəyyən təsir göstərir.
– Sosial mediada başqalarının həyatı ilə özünü müqayisə etmək hansı psixoloji problemlərə yol aça bilər?
Sosial şəbəkələrdə insanlar çox vaxt başqalarının həyatının yalnız ən uğurlu və xoş tərəflərini görürlər. Halbuki heç kimin həyatı sosial mediada göründüyü qədər mükəmməl deyil.
Başqalarının həyatını izləyərək özünü onlarla müqayisə etmək insanlarda narazılıq, özgüvən azalması və daxili gərginlik yarada bilər. İnsan öz dəyərlərini və imkanlarını unutduqda, başqalarının həyatını ideal hesab etməyə başlayır və bu da psixoloji narahatlıqlara səbəb olur.
Özünü sevmək və özünə dəyər vermək vacibdir. Lakin sosial mediada yaradılan ideal obrazların təsiri altında yaşamaq düzgün deyil. Son illərdə xüsusilə gənclər arasında tənhalığa meyilliliyin artması, ailədaxili ünsiyyətin azalması və insanların daha çox virtual münasibətlərə üstünlük verməsi müşahidə olunur. Buna görə də real həyatdakı münasibətləri qorumaq, ailə və dostlarla canlı ünsiyyəti gücləndirmək böyük əhəmiyyət daşıyır.
Müsahibəni hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
