Gundelik.az Müsahibə Qlobal siyasi proseslərin Azərbaycana təsiri və politoloqların ictimai rolu
Müsahibə Siyasət Xəbərlər

Qlobal siyasi proseslərin Azərbaycana təsiri və politoloqların ictimai rolu

Qlobal siyasi proseslər bu gün yalnız dövlətlərin xarici siyasət kursunu deyil, eyni zamanda cəmiyyətlərin sosial, iqtisadi və mədəni həyatını da birbaşa formalaşdırır. Bu proseslərin Azərbaycan cəmiyyətinə təsiri, eləcə də medianın və politoloqların ictimai rəyin yönləndirilməsindəki rolu daim aktual mövzulardandır.

Bu mövzu ətrafında sabiq deputat, siyasi elmlər doktoru, peşəkar politoloq Elşad Mirbəşiroğlu ilə söhbətləşdik.

– Qlobal siyasi proseslərin Azərbaycan cəmiyyətinə təsiri hansı istiqamətlərdə hiss olunur?

— Biz bu gün qloballaşan dünyada yaşayırıq. Qloballaşmanı səciyyələndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, bu proses artıq kiminsə iradəsinə tabe olmadan, dönməz xarakter almışdır. Qloballaşan dünyada baş verən hadisələr hər bir xalqın və dövlətin həyatına birbaşa təsir göstərir.

Azərbaycan cəmiyyətinə bu təsirləri bir neçə əsas istiqamətdə qruplaşdırmaq olar. Şübhəsiz ki, bunlar iqtisadi, siyasi, sosial və mədəni sahələri əhatə edir. Müasir dövrdə yeni dünya düzəninin formalaşması prosesini müşahidə edirik və Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində kifayət qədər mühüm yerə və təsir imkanlarına malikdir.

Bu reallıq birbaşa ölkə Prezidenti cənab İlham Əliyevin praqmatik və uzaqgörən xarici siyasət kursu ilə bağlıdır. Dövlət başçısı qlobal proseslərin mümkün inkişaf ssenarilərini dəqiq müəyyənləşdirməyi bacarır və bu da Azərbaycanın milli maraqlarının etibarlı şəkildə təmin olunmasına xidmət edən düşünülmüş addımların atılmasına şərait yaradır.

Nəticə etibarilə, qlobal proseslər fonunda Azərbaycan beynəlxalq iştirakçılığını genişləndirir, regional və qlobal miqyasda təsir imkanlarını artırır, eyni zamanda iqtisadi əməkdaşlığını uğurla diversifikasiya edir.

Xüsusilə iqtisadi təsir amilini qeyd etmək vacibdir. Beynəlxalq iqtisadi əməkdaşlığı düzgün quran dövlətlər paralel şəkildə öz siyasi manevr imkanlarını da genişləndirirlər. Bu gün dünya enerji bazarı uğrunda rəqabət daha da kəskinləşib. Dövlətlərarası siyasi gərginliklər qlobal enerji təchizatına, xüsusilə enerji bazarlarına ciddi təsir göstərir.

Azərbaycan isə bu proseslər fonunda Avropanın enerji bazarında mövqelərini ardıcıl şəkildə möhkəmləndirir. Hazırda ölkəmiz 16 dövlətə təbii qaz ixrac edir ki, onların 10-u Avropa İttifaqına üzv ölkələrdir. Eyni zamanda bərpa olunan enerji sahəsində də yeni əməkdaşlıq istiqamətləri formalaşır ki, bu da gələcək perspektivlər baxımından mühüm əhəmiyyət daşıyır.

Qlobal proseslər təkcə iqtisadi deyil, sosial və mədəni təsirlər də yaradır. Biz qabaqcıl dəyərləri qəbul etməklə yanaşı, milli-mənəvi və sosial-mədəni dəyərlərimizi qoruyub saxlamağa xüsusi diqqət yetirməliyik. İnternetin sərhədsizliyi fonunda ölkəmizə qarşı aparılan informasiya müharibəsi, milli mentalitetimizə uyğun olmayan kontentin yayılması narahatlıq doğuran məqamlardandır.

Bu baxımdan düşünürəm ki, qlobal proseslərin həm müsbət, həm də mənfi tərəflərini düzgün qiymətləndirməli, xüsusilə milli identikliyin qorunması istiqamətində qabaqlayıcı addımlar atmalıyıq. Ümumilikdə isə qlobal proseslərin cəmiyyətlərə təsiri həmin cəmiyyətlərin bu proseslərə verdiyi reaksiyadan birbaşa asılıdır. Dövlətimizin həyata keçirdiyi siyasət qlobal proseslərin neqativ təsirlərini minimuma endirməyə və müsbət imkanlardan səmərəli istifadə etməyə imkan verir.

– Media və ictimai rəyin formalaşmasında politoloqların rolu sizcə nə dərəcədə əhəmiyyətlidir?

— Politoloqların media məkanında və ictimai rəyin formalaşmasında rolu kifayət qədər əhəmiyyətlidir. Onlar cərəyan edən siyasi prosesləri təhlil etməklə, diskussiyalarda iştirak etməklə və analitik yanaşma təqdim etməklə cəmiyyətin düşüncə tərzinə təsir göstərirlər.

Lakin burada vacib bir məqamı da qeyd etmək lazımdır: peşəkar politoloqların sayı çox deyil. Bəzi hallarda subyektiv yanaşmalar üstünlük təşkil edir ki, bu da yanlış ictimai rəyin formalaşmasına səbəb olur. Buna baxmayaraq, obyektiv təhlil aparmağı və onu düzgün formada cəmiyyətə çatdırmağı bacaran politoloqlar sağlam ictimai rəyin formalaşmasında mühüm rol oynayırlar.

Politoloqlar eyni zamanda siyasi kommunikasiya texnologiyalarının inkişafında iştirak edirlər. Müxtəlif platformalarda çıxış edərək cəmiyyətdə siyasi proseslərə dair təsəvvür formalaşdırır, gələcək siyasi mənzərə ilə bağlı öz baxışlarını bölüşürlər.

Burada bir məqam xüsusilə vurğulanmalıdır ki, politoloq sadəcə informasiya ötürücüsü deyil. İnformasiya bolluğu şəraitində düzgün nəticə çıxarmağı bacaran, məqsədli şəkildə yönləndirilmiş məlumatları ayırd edə bilən mütəxəssis məhz politoloqdur. Mövcud informasiyalar arasında obyektiv olanı seçmək, təhlil aparmaq və nəticəni cəmiyyətə düzgün təqdim etmək politoloqun əsas funksiyalarından biridir.

Bunun üçün isə baza təhsili, analitik düşüncə və peşəkar vərdişlər olduqca vacibdir. Siyasi proseslərin mahiyyətini, oradakı oyun qaydalarını və məqsədləri anlamaq xüsusi hazırlıq tələb edir. Ümumilikdə hesab edirəm ki, dövlət siyasətinin düzgün təbliğində, cəmiyyətin sağlam dəyərlər üzərində formalaşmasında politoloqların rolu danılmazdır.

Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

Exit mobile version