ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini azaltmaqla bağlı gözləntilərin güclü qalması həftənin ilk ticarət günündə qlobal bazarlarda müsbət ab-hava yaradıb.
Gundelik.az xəbər verir ki, ABŞ-də federal hökumətin bağlanması təhlükəsinə baxmayaraq, əmək bazarının zəifləməsi FED-in yumşaq monetar siyasətə yönələcəyi gözləntilərini artırıb. Bu isə risk iştahını yüksəldərək bazarların canlanmasına səbəb olub.
Hökumətin bağlanması ilə əlaqədar ABŞ Əmək Statistikaları Bürosu (BLS) sentyabr ayına dair işsizlik və kənd təsərrüfatı olmayan məşğulluq məlumatlarını açıqlaya bilməyib. Analitiklər qeyd edirlər ki, məlumatların gecikməsi FED-in növbəti addımları ilə bağlı qeyri-müəyyənliyi artıra bilər. Ağ Evin mətbuat katibi Karolin Leavitt isə bildirib ki, hökumətin bağlanması iqtisadiyyata hər gün artan zərbə vurur.
Makroiqtisadi göstəricilərə görə, ABŞ-da Təchizat İdarəetmə İnstitutunun (ISM) xidmət sektoru üzrə Satınalma Menecerləri İndeksi (PMI) sentyabrda 50 bəndə enib. S&P Global-ın xidmət sektoru PMI-si isə 54,5-dən 54,2-yə düşüb.
FED rəsmilərinin çıxışları da investorların diqqət mərkəzindədir. Dallas FED-in prezidenti Lori Loqan faiz endirimi qərarlarında ehtiyatlı davranmağın vacibliyini qeyd edib. Sədr müavini Filip Cefferson isə bankın qərar vermək üçün kifayət qədər məlumata sahib olduğunu bildirib. Bu həftə açıqlanacaq FED iclas protokolları da bazarların əsas gündəmindədir.
FED-in faiz endirimi gözləntiləri və hökumət böhranı fonunda investorların “təhlükəsiz liman” aktivlərinə üz tutması nəticəsində qızılın qiyməti rekord həddə – 3 945,1 dollar/unsiyaya qədər yüksəlib. Hazırda bir unsiya qızıl 3 929 dollara satılır. ABŞ-ın 10 illik istiqraz faizləri 4,15%-ə, dollar indeksi isə 98,1 bəndə qədər artıb.
Enerji bazarlarında da artım müşahidə olunur. OPEC və OPEC+ ölkələrinin gündəlik hasilatı noyabrda 137 min barel artırmaq qərarı Brent markalı neftin qiymətini 1,6% yüksəldərək 65,3 dollar/barrel səviyyəsinə gətirib.
ABŞ birjalarında həftə sonu müsbət dinamika izlənilib. Dow Jones indeksi 0,51% artıb, S&P 500 sabit qalıb, Nasdaq isə 0,28% geriləyib. Avropa bazarlarında da əsasən artım qeydə alınıb – yalnız Almaniya birjası mənfi zonada bağlanıb.
Avrozonada sentyabr ayında İstehsalçı Qiymətləri İndeksi (ÜFE) aylıq 0,3%, illik isə 0,6% azalıb. Kompozit PMI 51,2, xidmət sektoru PMI isə 51,3 bəndə yüksəlib. Cümə günü İngiltərədə FTSE 100 indeksi 0,67%, Fransada CAC 40 – 0,31%, İtaliyada FTSE MIB 30 – 0,42%, Almaniyada isə DAX 40 indeksi 0,18% azalıb.
Asiya bazarlarında isə Yaponiyanın Nikkei 225 indeksi tarixi rekorda çatıb. Hakim Liberal Demokrat Partiyasının (LDP) lider seçkilərində Takaichi Sanae-nin qalib gəlməsi və Mərkəzi Bankın genişləndirici siyasətə davam edəcəyi gözləntiləri fonunda indeks 4,7% artaraq 47 976,98 bəndə yüksəlib. Dollar/yen məzənnəsi isə 150 səviyyəsini keçib.
Honq Konqda Hang Seng indeksi 1%-ə yaxın ucuzlaşıb, Cənubi Koreya və Çində isə bayram səbəbilə ticarət aparılmayıb.
Türkiyədə Borsa İstanbul-da (BIST) cümə günü satışlar üstünlük təşkil edib – BIST 100 indeksi 2,02% azalaraq 10 858,52 bənddə bağlanıb. Lakin VIOP bazarında oktyabr fyuçersləri axşam sessiyasında 0,5% bahalaşıb.
USD/TRY məzənnəsi cümə günü 41,6888 səviyyəsində bağlanıb və bu gün 41,69 səviyyəsində ticarət olunur. Analitiklər qeyd edirlər ki, daxildə real effektiv məzənnə və qiymət göstəriciləri, xaricdə isə Avrozonada investor etimadı indeksi və pərakəndə satış məlumatları diqqətdə saxlanılacaq.
Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard və İngiltərə Bankının rəhbəri Endryu Beylinin açıqlamaları da bazarların istiqamətinə təsir göstərə bilər. Texniki baxımdan, analitiklər BIST 100 üçün 10 750 və 10 650 bəndlərini dəstək, 11 000 və 11 100 bəndlərini isə müqavimət səviyyələri kimi qiymətləndirirlər.
Gundelik.az

