ABŞ Federal Ehtiyat Sistemi (FED) 2024-cü ilin dekabrından sonra ilk dəfə faiz dərəcələrini 25 baza bəndi azaldaraq 4–4,25 faiz aralığına endirib. Fed sədri Cerom Pauell inflyasiya və məşğulluqla bağlı risklərə diqqət çəkərək, risk balansının dəyişdiyini və daha neytral siyasət mövqeyinə keçməyin məqsədəuyğun olduğunu bildirib.
Gundelik.az-ın məlumatına görə, Pauell inflyasiya risklərinin hələ də yuxarı, məşğulluq risklərinin isə aşağı istiqamətli olduğunu vurğulayıb. Onun sözlərinə görə, əmək bazarındakı zəifləmənin dərinləşməsi arzuolunmaz nəticələr doğura bilər. Fed yeni proqnozlarında 2025-ci il üçün federal fondların faiz dərəcəsini 3,6 faiz səviyyəsində gözlədiyini açıqlayıb.
ABŞ-də son açıqlanan göstəricilər də bu siyasəti dəstəkləyib. Avqust ayında istehlak qiymətləri illik müqayisədə 2,9 faiz artıb. Kənd təsərrüfatı ilə bağlı olmayan məşğulluq göstəricisi isə gözləntilərin altında – 22 min nəfərlik artımla qeydə alınıb, işsizlik isə 4,3 faizə yüksəlib.
Fed-in qərarı fonunda dollar indeksi 96,2 səviyyəsinə enərək son 3,5 ilin minimumunu görüb, daha sonra 97,2-yə yüksəlib. ABŞ Xəzinədarlığının 10 illik istiqrazlarının gəlirliliyi isə 3,99 faizə qədər geriləyib. Qızılın unsiyası qərardan sonra 3707,65 dollara qədər bahalaşsa da, satış təzyiqi nəticəsində 3656 dollara enib. Brent markalı neftin bir bareli isə 67,5 dollara satılır.
ABŞ fond bazarlarında müsbət dinamika müşahidə olunub. Nyu-York birjasında S&P 500 indeksi 0,10 faiz, Nasdaq 0,33 faiz, Dow Jones isə 0,57 faiz artıb.
Avropa birjalarında isə qarışıq mənzərə qeydə alınıb. Böyük Britaniyada inflyasiya 3,8 faizlə son 18 ayın maksimumunda qalsa da, İngiltərə Bankının siyasət faizini dəyişməyəcəyi gözlənilir. Almaniyada DAX 40 indeksi 0,13 faiz, Fransada CAC 40 indeksi 0,4 faiz ucuzlaşıb.
Asiyada isə, Honq-Konq istisna olmaqla, müsbət tendensiya üstünlük təşkil edib. Nikkei 225 indeksi 1,5 faiz, Kospi 1,2 faiz, Şanxay Kompozit 0,5 faiz artıb, Honq-Konqun Hang Senq indeksi isə 0,1 faiz geriləyib.
Türkiyədə BIST 100 indeksi 0,15 faiz azalaraq 11 165,85 bənddə bağlanıb. Dollar/TL məzənnəsi isə günə 41,3230 səviyyəsində başlayıb.
Analitiklər bildirirlər ki, qlobal bazarlarda qeyri-müəyyənliklər, Fed-in faiz endirimlərinə dair gözləntilər və mərkəzi bankların siyasətləri yaxın günlərdə də istiqamətverici amillər olacaq.
Gundelik.az

