Gundelik.az Xəbərlər İqtisadiyyat Qlobal bazarlar həftəyə müsbət notla başladı
Dünya İqtisadiyyat Xəbərlər

Qlobal bazarlar həftəyə müsbət notla başladı

Geosiyasi risklərlə bağlı narahatlıqların azalması fonunda investorların risk iştahı artıb.

Gundelik.az xəbər verir ki, sabah ABŞ-də açıqlanacaq inflyasiya göstəriciləri bazarların əsas diqqət mərkəzindədir.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaskada Ukrayna böhranının həlli istiqamətində görüşəcəyi xəbəri bazarlarda nikbinliyi gücləndirib. Asiya fond bazarlarında və indeks fyuçerslərində artım müşahidə olunub.

FED-in faiz dərəcələrini endirəcəyi gözləntiləri də bazarlara dəstək verir. ABŞ-nin bəzi növ külçə qızıllara tətbiq etdiyi qarşılıqlı tariflər isə qızıl bazarında qeyri-müəyyənlik yaradıb. Ağ Evin bu mövzuda yeni qərar verəcəyi gözlənilir.

Şirkət xəbərlərində Trampın “Intel” baş direktorunu istefaya çağırması fonunda şirkət səhmləri əvvəl düşsə də, sonradan 0,9% artıb. “Apple” 100 milyard dollarlıq yeni sərmayə planını açıqladıqdan sonra səhmləri 4,2% yüksəlib. “Pinterest”in mənfəəti gözləntilərin altında qaldığı üçün səhmləri 10,3% ucuzlaşıb, Expedia isə gəlir proqnozunu artıraraq 4,1% dəyər qazanıb.

Günün sonunda ABŞ indeksləri müsbət bağlanıb:
• Dow Jones – +0,47%
• S&P 500 – +0,78%
• Nasdaq – +0,98%

ABŞ-nin 10 illik istiqraz faizi 4,28%-ə yüksəlib, dollar indeksi isə 98,1 səviyyəsindədir. Qızılın unsiyası 0,6% azalaraq 3 376 dollar olub, Brent markalı neft isə 65,9 dollara satılır.

Avropa bazarlarında cümə günü qarışıq dinamika müşahidə olunub. DAX 40 və FTSE 100 indeksləri cüzi geriləyib, CAC 40 və FTSE MIB isə artıb.

Asiya birjalarında, Cənubi Koreya istisna olmaqla müsbət tendensiya qeydə alınıb. Çin iqtisadi göstəriciləri istehsal sektorunda deflyasiya risklərini ortaya qoyur.

Türkiyədə BIST 100 indeksi 0,15% artaraq 10 972,63 bənddə bağlanıb. USD/TRY məzənnəsi isə 40,73 səviyyəsində ticarət olunur. Analitiklər texniki baxımdan 11 100 və 11 200 bəndlərini müqavimət, 10 900 və 10 800 bəndlərini isə dəstək səviyyəsi kimi qiymətləndirirlər.

Gundelik.az 

Exit mobile version