Gundelik.az Xəbərlər İqtisadiyyat Qlobal bazarlar həftəyə müsbət başlayıb
Dünya İqtisadiyyat Xəbərlər

Qlobal bazarlar həftəyə müsbət başlayıb

Qlobal maliyyə bazarları yeni həftəyə müsbət notla start verib.

Gundelik.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) gözlənildiyindən daha yumşaq pul siyasəti həyata keçirəcəyi ilə bağlı artan gözləntilər investorların risk iştahını gücləndirib.
Keçən həftə açıqlanan məşğulluq məlumatlarına görə, JOLTS iş yerlərinin sayı iyulda 7,181 milyona düşərək 2024-cü ilin sentyabrından bəri ən aşağı səviyyəyə geriləyib.

Kənd təsərrüfatı olmayan məşğulluq avqustda 22 min nəfər artıb, işsizlik isə 4,3 faizə yüksəlib. Analitiklər FED-in bu il faiz dərəcələrini ümumilikdə 75 baza bəndi endirəcəyini, ilk addımın sentyabrda atılacağını proqnozlaşdırırlar.

Bazar reaksiyası da nikbin olub. ABŞ-də indeks fyuçers müqavilələri həftəyə artımla başlayıb. Ötən həftə qızılın unsiya qiyməti 3 600 dollara qədər yüksəlsə də, bu gün 0,1 faiz ucuzlaşaraq 3 584 dollar təşkil edib. ABŞ-ın 10 illik istiqrazlarının faizi 4,09 faizə enib. Dollar indeksi isə 97,9 səviyyəsinə qalxıb. Brent markalı neftin bir bareli hazırda 66,1 dollardan satılır.

Avropada diqqətlər Ukrayna-Rusiya müharibəsi ilə bağlı proseslərə yönəlib. Avropa İttifaqı Şurasının sədri Antonio Kosta Rusiyaya qarşı yeni sanksiyaların hazırlanmaqda olduğunu bildirib. Prezident Vladimir Zelenski isə Avropa tərəfdaşları ilə ölkəyə xarici hərbçilərin göndərilməsini müzakirə etdiklərini açıqlayıb. Keçən həftə Avropa birjalarında satış meyli müşahidə olunsa da, indeks fyuçersləri həftəyə müsbət başlayıb.

Asiyada isə Yaponiyanın Baş naziri İşiba Şigerunun istefa qərarı siyasi riskləri artırsa da, FED-in faiz endirimi gözləntiləri region bazarlarını dəstəkləyib. Nikkei 225 indeksi 1,5 faiz, Şanxay Kompozit indeksi 0,2 faiz, Honq Konq Hang Seng indeksi 0,4 faiz, Cənubi Koreya Kospi indeksi isə 0,1 faiz artıb.

Türkiyədə isə BIST 100 indeksi cümə günü 0,92 faiz azalaraq 10 729,49 bəndlə bağlanıb. Bununla yanaşı, ölkənin 2024–2028-ci illəri əhatə edən Orta Müddətli Proqramı təsdiqlənərək Rəsmi Qəzetdə dərc olunub. Sənəddə bu il üçün iqtisadi artım proqnozu 3,3 faiz müəyyən edilib, inflyasiyanın isə ilin sonunda 28,5 faiz olacağı gözlənilir.

Gundelik.az 

Exit mobile version