Amerika Birləşmiş Ştatlarında (ABŞ) Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauellin bu gün Cekson Hole İqtisadi Siyasət Simpoziumunda çıxışı ərəfəsində qlobal bazarlarda qarışıq ticarət müşahidə olunur.
Gundelik.az xəbər verir ki, ABŞ-nin proteksionist ticarət siyasətlərinin qlobal iqtisadiyyata təsirləri fonunda bütün diqqətlər simpoziumdan gələcək mesajlara yönəlib. İnvestorlar Pauellin açıqlamalarında FED-in qarşıdakı dövrdə atacağı addımlarla bağlı daha aydın siqnallar gözləyirlər. Simpoziumda həmçinin Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Laqard və Yaponiya Bankının (BOJ) qubernatoru Kazuo Ueda da çıxış edəcəklər. Analitiklərin fikrincə, ABŞ-ın tətbiq etdiyi tariflərin yaratdığı qeyri-müəyyənlik fonunda böyük mərkəzi bank rəhbərlərinin bəyanatlarının bazarlara təsiri daha da güclənib.
Pauelin çıxışından əvvəl digər FED rəsmilərinin də açıqlamaları diqqətlə izlənir. Klivlend FED-in prezidenti Bet Hammak uçot dərəcəsinin endirilməsinə qarşı çıxdığını bildirib. FED İdarə Heyətinin üzvü Ostan Qulsbi isə iqtisadi məlumatların ziddiyyətli siqnallar verdiyini və inflyasiya göstəricilərinin gözləntilər baxımından yaxşı olmadığını vurğulayıb. Onun sözlərinə görə, FED hələlik yeni məlumatları qiymətləndirmək üçün kifayət qədər vaxta sahibdir.
Pul bazarlarında qiymətlər FED-in sentyabr iclasında faiz dərəcələrini azaltma ehtimalının 75 faizə qədər düşdüyünü, ilin sonuna qədər isə iki faiz endirimi gözləntilərinin dəyişməz qaldığını göstərir.
ABŞ iqtisadi göstəriciləri
Son məlumatlara əsasən, ABŞ-də ilkin işsizlik müraciətlərinin sayı avqustun 16-da bitən həftədə 235 min nəfərə yüksəlib. İstehsal sənayesi Satınalma Menecerləri İndeksi isə avqustda 53,3 bəndlə bazar proqnozlarını üstələyib.
Maliyyə bazarlarında dollar indeksi güclü olaraq qalır. ABŞ-nin 10 illik istiqrazlarının gəlirliliyi 4,33%-ə yüksəldikdən sonra sabitləşib. Qızılın qiyməti isə Fed-in daha az “güvercin” mövqedə çıxış edəcəyi gözləntiləri fonunda ucuzlaşaraq 3331 dollar/unsiyaya enib. Dollar indeksi hazırda 98,8 bənd səviyyəsindədir. Brent markalı neftin bir bareli 67,1 dollardan satılır.
Şirkət nəticələri
Pərakəndə satış nəhəngi Walmart tariflərlə bağlı xərclərin artmasına baxmayaraq, illik mənfəət və satış proqnozunu yüksəldib. Bununla belə, rüblük mənfəətin azalması şirkətin səhmlərinin 4,5% ucuzlaşmasına səbəb olub. Dünən Nyu-York birjasında S&P 500 indeksi 0,40%, Nasdaq 0,34%, Dow Jones isə 0,34% dəyər itirib.
Avropa və Asiya bazarları
Avropa fond bazarlarında Fransa istisna olmaqla, əksər indekslər müsbət ticarətlə günü tamamlayıb. Avrozona üzrə PMI göstəriciləri 15 ayın ən yüksək səviyyəsinə çataraq iqtisadi fəallığın artdığını göstərib. Almaniyada istehsal PMI 38 ayın zirvəsinə qalxıb.
Asiyada isə Yaponiyadan başqa əksər bazarlar müsbət əhval-ruhiyyədədir. Yaponiyanın CPI göstəricisi illik 3,1% artaraq gözləntiləri üstələyib və BOJ-un 2%-lik hədəfini xeyli geridə qoyub. Nikkei 225 indeksi cüzi itki ilə bağlanışa yaxınlaşsa da, Çin, Honq Konq və Cənubi Koreya indeksləri yüksəlib.
Türkiyə bazarları
İstanbul birjasında BIST 100 indeksi 1,61% artaraq 11 313,90 bəndlə tarixi rekorda imza atıb. Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının ümumi valyuta ehtiyatları da artaraq 176,5 milyard dollara çatıb. USD/TRY məzənnəsi isə bu gün 41,0120 səviyyəsində ticarət olunur.
Analitiklər bildirirlər ki, bu gün Almaniyanın ÜDM göstəriciləri ilə yanaşı, Pauellin Cekson Hole çıxışı da bazarların əsas diqqət mərkəzində olacaq. Texniki baxımdan BIST 100-də 11 400 və 11 500 bənd müqavimət, 11 100 bənd isə dəstək səviyyəsi kimi qiymətləndirilir.
Gundelik.az

