Davranışları, məsuliyyətləri və uğurları ilə böyüklərin diqqətini çəkən, tez-tez digər uşaqlara nümunə göstərilən uşaqlar “qızıl uşaq” adlandırılır. Lakin daim nümunəvi və qüsursuz olmağa çalışmaq uşaqlarda ciddi psixoloji təzyiq yaradır. Bu vəziyyət “qızıl uşaq sindromu” kimi tanınır.
“Nümunə uşaq” olmağın yaratdığı təzyiq
“Çinar necə də tərbiyəli uşaqdır”, “Zeynəb nə qədər çalışqandır”, “Arda otağını özü yığışdırır” kimi ifadələrlə uşaqların bir-biri ilə müqayisə edilməsi onların üzərində əlavə təzyiq yaradır.
Klinik psixoloq Seda Aydoğdunun sözlərinə görə, qızıl uşaq sindromu olan uşaqlarda mükəmməllik arzusu güclü olur. Onlar səhv etdikləri halda böyüklərin gözündəki “nümunəvi uşaq” statusunu itirməkdən qorxurlar. Buna görə də yaşlarına uyğun olandan daha çox məsuliyyət götürürlər.
Belə uşaqlarda stresə dözümlülük də aşağı olur. Daim uğurlu və qüsursuz olmaq cəhdi onların yaşıdları ilə münasibət qurmasını çətinləşdirir.
Bu vəziyyət uşaqlara necə təsir edir?
Uşaqlar bəzən valideynlərinin reallaşdıra bilmədiyi məqsədləri həyata keçirməli olduqlarını düşünürlər. Valideynlərin yüksək gözləntiləri isə uşaqlarda “sevilmək üçün səhv etməməliyəm” düşüncəsinin formalaşmasına səbəb olur.
Uşaqlıqda daim “qızıl uşaq” kimi etiketlənən şəxslər yetkinlik dövründə də problemlərlə üzləşirlər. Onlarda özünəinamın aşağı olması, stresə dözümsüzlük, daim kənardan təsdiq və tərif gözləmək, münasibətlərdə ünsiyyət və emosional bağ qurmaqda çətinliklər müşahidə olunur.
Valideynlər nə etməlidirlər?
Mütəxəssis bildirir ki, uşaqları təzyiqdən qorumağın ilk addımı valideynlərin öz gözlənti və məqsədlərinə nəzarət etməsidir. Uşağın akademik uğuru, nümunəvi davranışı və müxtəlif sahələrdə aktiv olması ilə bağlı yüksək gözləntilər onun fərdi xüsusiyyətləri nəzərə alınaraq müəyyənləşdirilməlidir.
Valideynlər xüsusilə bacı-qardaşlar arasında uşaqlara bərabər diqqət göstərməli, onları bir-biri ilə müqayisə etməməlidirlər. Ailədə empatiya və emosional ünsiyyət inkişaf etdirilməli, uşağa səhv etməyin normal olduğu göstərilməlidir.
Mütəxəssisin fikrincə, stresin idarə olunması və mükəmməllik meylinin nəzarətdə saxlanılması ilə bağlı çətinliklər olduqda peşəkar psixoloji dəstək də faydalı olur.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

