Gundelik.az Mədəniyyət və cəmiyyət Ülserativ kolit və Kron xəstəliyinə laqeyd yanaşmayın
Mədəniyyət və cəmiyyət Xəbərlər

Ülserativ kolit və Kron xəstəliyinə laqeyd yanaşmayın

Təbii həyat tərzindən uzaqlaşmaq, stress, düzgün qidalanmamaq və siqaret bir sıra həzm sistemi xəstəliklərinin yaranma riskini artırır. Bunlardan Kron xəstəliyi və ülserativ kolit xüsusilə diqqət tələb edir. Erkən diaqnoz və müntəzəm nəzarətlə xəstəlikləri nəzarətdə saxlamaq mümkün olsa da, müalicə olunmadıqda ciddi fəsadlara, hətta xərçəng riskinin artmasına səbəb olur.

Kron xəstəliyi və ülserativ kolit iltihablı bağırsaq xəstəlikləri qrupuna daxildir. Hər iki xəstəlik xroniki xarakter daşıyır və müəyyən dövrlərdə kəskinləşir. Lakin onların bağırsaqlara təsiri və müalicə üsulları fərqlənir.

Əlamətləri nələrdir?

Ülserativ kolit əsasən qarın ağrısı və qanlı ishal ilə başlayır. Bundan əlavə, qaz və qarında köp kimi şikayətlər yaranır.

Kron xəstəliyində isə ilkin mərhələdə həzm problemləri və qarın ağrısı daha çox nəzərə çarpır. İshal xəstəliyin sonrakı mərhələlərində meydana çıxır. Buna görə də Kron xəstəliyinin diaqnozu bəzən 1-2 il gecikə bilir. Xəstəlik irəlilədikcə qanlı ishal, çəki itkisi, ürəkbulanma və qusma kimi əlamətlər yaranır.

Mikrobiotanın tarazlığı mühüm rol oynayır

Mütəxəssislərin fikrincə, bağırsaq mikrobiotasının tarazlığının pozulması xəstəliyin yaranmasında mühüm rol oynayır. Stress, siqaret, qeyri-sağlam qidalanma və bəzi ətraf mühit amilləri mikrobiotanın tərkibinə mənfi təsir göstərir. Ailə tarixçəsinin də xəstəliyin yaranmasında müəyyən payı var.

Xəstəliklər necə müalicə olunur?

Həm Kron xəstəliyi, həm də ülserativ kolit xroniki xəstəliklərdir. Müasir müalicə üsulları ilə xəstələrin böyük hissəsində xəstəliyi nəzarətdə saxlamaq və normal həyat keyfiyyətini qorumaq mümkündür.

Kron xəstəliyində əsasən dərman müalicəsindən, o cümlədən bioloji preparatlardan istifadə edilir. Bəzi hallarda cərrahi müdaxiləyə ehtiyac yaranır. Lakin əməliyyatdan sonra xəstəliyin yenidən yaranma ehtimalı olduğundan cərrahi müalicəyə mümkün qədər ehtiyatla yanaşılır.

Müalicə olunmadıqda xərçəng riski artır

Mütəxəssislər bildirirlər ki, xüsusilə uzunmüddətli iltihablı bağırsaq xəstəliklərində müalicə və nəzarətin gecikdirilməsi bağırsaq xərçəngi riskini artırır. Buna görə xəstələrin həkim nəzarətində olması və həkimin tövsiyəsinə uyğun olaraq müntəzəm müayinələrdən keçməsi vacibdir.

Qarın ağrısı, uzunmüddətli ishal, xüsusilə də səbəbsiz çəki itkisi kimi əlamətlər müşahidə olunarsa, həkimə müraciət etmək və diaqnozu gecikdirməmək tövsiyə olunur.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version