İş yerində tənhalıq hissi müxtəlif vəzifə və statusda çalışan insanlara təsir edir. Rəqabətli iş mühiti, uzaqdan çalışma, həmkarlarla zəif münasibətlər, etimad və səmimiyyət çatışmazlığı, idarəetmə problemləri və işdən narazılıq bu hissi gücləndirən əsas amillərdəndir.
Üsküdar Universitetinin sosioloqları tərəfindən aparılan araşdırmaya görə, iş yerində tənhalıq yalnız müəyyən vəzifədə çalışanlara xas deyil. Bu hiss rəhbərlərdən tutmuş aşağı vəzifələrdə çalışanlara qədər hər kəsdə yarana bilər.
İş yerində tənhalıq nəyə səbəb olur?
Tənhalıq insanın həmkarlarından uzaqlaşmasına və özünü kollektivdən təcrid etməsinə səbəb olur. Bunun nəticəsində stress, narahatlıq və işə qarşı marağın azalması müşahidə edilir. İş yerində özünü kənarda qalmış hiss edən insanların iş məmnuniyyəti azalır, işdən ayrılmaq istəyi isə artır.
Mütəxəssislər bildirirlər ki, iş yerində tənhalıq insanın şəxsi həyatına da təsir göstərir. İşdə yaşanan mənfi emosiyalar ailə və dostlarla münasibətlərə də yansıya bilər.
Tənhalığın qarşısını necə almaq olar?
Mütəxəssislərin fikrincə, işçilər arasında əməkdaşlığın və kollektiv fəaliyyətlərin artırılması, işdənkənar üzbəüz tədbirlərin təşkili, eləcə də iş yerində etimad və aidiyyət hissinin gücləndirilməsi tənhalıq hissinin azalmasına kömək edir.
Əsas məqsəd işçilərin özlərini kollektivin bir hissəsi kimi hiss etmələrini təmin edən sağlam və dəstəkləyici iş mühiti yaratmaqdır.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

