“Qiyamət radiosu” kimi tanınan UVB-76 radiostansiyası gün ərzində beşinci sirli mesajını yayımlayıb.
Gundelik.az xəbər verir ki, bu barədə radiostansiyanın fəaliyyətini izləyən “UVB-76 loqları” “Telegram” kanalı məlumat yayıb.
Məlumata görə, Moskva vaxtı ilə saat 19:24-də radiostansiyanın efirində “Rautomax” sözü səslənib.
Həmin gün bundan əvvəl də bir sıra kodlaşdırılmış mesajlar qeydə alınıb. Bunlar arasında “Fiksiya”, “Nokdaun”, “Roqoja”, “Sulfosol”, “Mnemosema” və “Xrupotkaç” sözləri yer alıb.
UVB-76 1976-cı ildən fəaliyyət göstərən qısadalğalı radiostansiyadır. Radiohəvəskarlar arasında əsasən “Vızıldayan radio” (Jujjalkа) adı ilə tanınır. Bunun səbəbi efirin böyük hissəsində davamlı səs-küy və xarakterik vızıltının eşidilməsidir.
Radiostansiyanın efirində vaxtaşırı müxtəlif kodlaşdırılmış mesajlar səsləndirilir. Bu mesajlar uzun müddətdir radiohəvəskarların və müxtəlif müşahidəçilərin diqqətini cəlb edir. Bəzi şəxslər onları dünya hadisələri ilə əlaqələndirsələr də, mesajların dəqiq məqsədi və mənası ictimaiyyətə məlum deyil.
Qeyd edək ki, oktyabrın 7-də də UVB-76-nın efirində “Kupol” və “Mnitelniy” sözləri səslənib. Məlumata əsasən, Moskva vaxtı ilə saat 19:06-da “Mnitelniy”, saat 20:36-da isə “Kupol” sözü qeydə alınıb.
Nuri
Gundelik.az
