Gundelik.az Mədəniyyət və cəmiyyət Qırıq qəlb sindromu necə yaranır?
Mədəniyyət və cəmiyyət Xəbərlər

Qırıq qəlb sindromu necə yaranır?

Sevilən bir insanın itkisi, qəfil ayrılıq, ağır psixoloji sarsıntı və ya güclü emosional stress təkcə ruh halına deyil, ürəyin fəaliyyətinə də təsir göstərir. Tibbdə Takotsubo kardiomiopatiyası, xalq arasında isə “qırıq qəlb sindromu” adlandırılan bu vəziyyət infarktı xatırladan əlamətlərlə ortaya çıxır və vaxtında müdaxilə edilmədikdə ciddi fəsadlara səbəb olur.

Qırıq qəlb sindromu nədir?

Qırıq qəlb sindromu ürək əzələsinin müvəqqəti zəifləməsi ilə xarakterizə olunan ürək xəstəliyidir. Əksər hallarda bu vəziyyət güclü emosional və ya fiziki stressdən sonra inkişaf edir. Xəstələrdə sinə ağrısı, nəfəs darlığı və elektrokardioqrammada (EKQ) infarktı xatırladan dəyişikliklər müşahidə olunduğu üçün ilk baxışda onu ürək böhranından ayırmaq çətin olur.

Lakin əsas fərq ondan ibarətdir ki, bu sindrom zamanı ürəyi qidalandıran koronar damarlarda adətən tıxanma və ya ciddi daralma aşkarlanmır.

Sindrom necə yaranır?

Mütəxəssislərin fikrincə, güclü emosional sarsıntı zamanı orqanizmdə stress hormonlarının səviyyəsi kəskin yüksəlir. Bu hormonal dəyişikliklər ürəyi qidalandıran damarlarda qan axınının pozulmasına və ürək əzələsinin fəaliyyətinin müvəqqəti zəifləməsinə səbəb olur.

Sindromu tətikləyə bilən hallar bunlardır:

Sevilən bir insanın vəfatı;

Ayrılıq və ya boşanma;

Ani qorxu və ya şok;

Böyük maddi itki;

Ağır xəstəlik və ya cərrahi əməliyyat;

Hətta bəzən çox güclü sevinc və həyəcan kimi müsbət emosiyalar.

Hansı əlamətlərlə özünü göstərir?

Qırıq qəlb sindromunun ən çox rast gəlinən əlamətləri bunlardır:

Ani başlayan sinə ağrısı;

Nəfəs darlığı;

Ürəkdöyünmə;

Halsızlıq və zəiflik;

EKQ-də infarktı xatırladan dəyişikliklər.

Bu əlamətlər infarktla çox oxşar olduğu üçün belə hallarda mütləq təcili tibbi yardım almaq lazımdır.

“Takotsubo” adı haradan gəlir?

Bu sindrom zamanı ürəyin sol mədəciyinin ucu genişlənərək balon formasını alır. Görünüş etibarilə bu forma yapon balıqçılarının ahtapot tutmaq üçün istifadə etdiyi “Takotsubo” adlı saxsı qaba bənzədiyi üçün xəstəlik də bu adla tanınır.

Kimlər risk altındadır?

Qırıq qəlb sindromu daha çox menopauzadan sonrakı qadınlarda müşahidə edilir. Son illərdə exokardioqrafiya və ürək MRT-si kimi müasir görüntüləmə üsullarının geniş tətbiqi sayəsində xəstəliyin diaqnozu daha asan qoyulur.

Müalicəsi mümkündürmü?

Əksər hallarda düzgün və vaxtında aparılan dəstəkləyici müalicə ilə ürəyin fəaliyyəti bir neçə gün və ya həftə ərzində normallaşır. Lakin bəzi xəstələrdə ürək ritm pozğunluğu, kardiogen şok və ya ürək çatışmazlığı kimi ciddi ağırlaşmalar inkişaf edir. Nadir hallarda isə qalıcı ürək çatışmazlığı riski də mövcuddur.

Psixoloji dəstək də vacibdir

Mütəxəssislər bildirirlər ki, xəstənin sağalmasından sonra da uzunmüddətli müşahidə vacibdir. Stressin idarə olunması, psixoloji dəstək və emosional sağlamlığın qorunması sindromun yenidən təkrarlanmasının qarşısını almaqda mühüm rol oynayır.

Xüsusilə son dövrlərdə ağır emosional və ya fiziki stress keçirən, lakin koronar damarlarında daralma aşkarlanmayan qadınlarda qəfil yaranan sinə ağrısı zamanı qırıq qəlb sindromu ehtimalı da mütləq nəzərə alınmalıdır.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version