Qida allergiyası çox vaxt yalnız uşaqlıq dövrü ilə əlaqələndirilir. Halbuki mütəxəssislərin sözlərinə görə, bu problem hər yaşda yarana bilər. Hətta əvvəllər dəfələrlə heç bir problem olmadan qəbul edilən bir qida məhsulu bir gün qəfil həyati təhlükə yarada bilər.
Dünya üzrə aparılan araşdırmalar qida allergiyasının getdikcə artdığını göstərir. Avropa Allergiya və Klinik İmmunologiya Akademiyasının (EAACI) məlumatlarına görə, uşaqlarda qida allergiyasının yayılma faizi 6–8%, böyüklərdə isə 3–4% arasındadır. Lakin yüngül əlamətlər səbəbindən diaqnoz qoyulmayan halların daha çox olduğu düşünülür.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatları da son 20 ildə uşaqlarda qida allergiyası hallarının nəzərəçarpacaq dərəcədə artdığını göstərir.
Allergiyanın yaşı yoxdur
Türkiyə Tənəffüs Araşdırmaları Dərnəyinin Astma və Allergiya İşçi Qrupunun rəhbəri, professor Zeynep Ferhan Özşeker bildirir ki, qida allergiyası çox vaxt lazımi qədər ciddiyə alınmır:
“Qida allergiyası bir dəfə başladıqda ölümcül nəticələrə səbəb ola bilər. Bu, həm uşaqlarda, həm də böyüklərdə müşahidə oluna bilər. İlk dəfə hətta yetkin yaşda da ortaya çıxa bilər.”
İmmunitet sisteminin qəfil və həddindən artıq reaksiyası nəticəsində yaranan bu vəziyyətdə, reaksiyanın ağırlığı çox vaxt qəbul edilən qidanın miqdarı ilə əlaqəli olmur.
Miqdar deyil, təmas vacibdir
Cəmiyyətdə geniş yayılmış yanlış fikirlərdən biri “az miqdarda yesəm heç nə olmaz” düşüncəsidir. Halbuki çox kiçik miqdarda, hətta mikroqram səviyyəsində allergen belə ağır reaksiyaya və ölüm riskinə səbəb ola bilər.
Bəzi hallarda sadəcə qida ilə təmas belə təhlükəli ola bilir.
Xüsusilə aşağıdakı məhsullar çox az miqdarda belə ağır allergik reaksiyaya səbəb ola bilər:
Yer fıstığı və digər çərəzlər
Süd
Yumurta
Bəzi dəniz məhsulları
Bu reaksiyalardan ən təhlükəlisi Anafilaksi adlanır. Anafilaksi bir neçə dəqiqə ərzində inkişaf edərək tənəffüs yollarını bağlaya və həyati təhlükə yarada bilər.
Hansı əlamətlər ciddi qəbul edilməlidir?
Qida allergiyası hər zaman ağır simptomlarla başlamır. Lakin aşağıdakı əlamətlər müşahidə olunarsa, təcili tibbi yardım almaq lazımdır:
Ağızda və ya dildə metal dad hissi
Dil və dodaqlarda şişkinlik
Səsin tutulması və ya boğulaşması
Udqunma çətinliyi
Sinədə sıxılma hissi
Bədəndə və ya üzdə qaşınma
Nəfəs darlığı
Belə hallarda vaxt itirmədən təcili tibbi xidmətə müraciət etmək vacibdir. Allergiya diaqnozu qoyulmuş şəxslər üçün adrenalin otoinyektoru həyatı xilas edə bilər.
Məktəblərdə qida paylaşımı niyə məhdudlaşdırılır?
ABŞ, İngiltərə və Kanadada bir çox məktəbdə uşaqlar arasında qida paylaşımı qadağan edilib və ya ciddi şəkildə məhdudlaşdırılıb. Restoranlarda allergenlər barədə məlumat vermək, qablaşdırılmış məhsullarda isə “eyni istehsal xəttində hazırlanıb” xəbərdarlığını qeyd etmək geniş tətbiq olunur.
Mütəxəssislər bildirirlər ki, məktəbdə bir uşağın təhlükəsiz hesab etdiyi qida digər uşaq üçün həyati risk daşıya bilər. Allergiyası olan uşaq üçün kiçik bir tikə belə ağır nəticələrə səbəb ola bilər.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
