Sentyabr 12, 2026
Baku
Dünya Hadisə Xəbərlər

Nepalda sel fəlakətində ölənlərin sayı 1385-ə çatıb

Nepalın Çin sərhədinə yaxın Rasuva bölgəsi və ətrafında avqustun 26-da baş verən sel nəticəsində ölənlərin sayının 1385-ə yüksəldiyi bildirilib.

Nepal Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi Qurumunun açıqlamasında qeyd olunub ki, itkin düşən 5 min 130 nəfərin axtarış-xilasetmə işləri davam etdirilir.

Fəlakət bölgələrində axtarış-xilasetmə, yardımın paylanması, meyitlərin çıxarılması və digər təxirəsalınmaz əməliyyatlar üçün 21 min 22 təhlükəsizlik əməkdaşı cəlb olunub.

Sel nəticəsində 13 min 676 nəfərin xilas edildiyi, 337 yaralının isə müalicə aldığı bildirilib.

Mütəxəssislər buzlaq çökməsinə diqqət çəkir

Avqustun 26-da Rasuva bölgəsində baş verən sel nəticəsində onlarla körpünün dağıldığı, yolların zədələndiyi və axtarış-xilasetmə işlərinə kömək üçün helikopterlərin cəlb edildiyi açıqlanmışdı.

Selin baş verməsindən əvvəl bölgədə zəlzələ qeydə alındığı bildirilmişdi. ABŞ Geoloji Xidməti sonradan məlumatlarını yeniləyərək 5,2 maqnitudalı seysmik hərəkətin səbəbinin zəlzələ deyil, buzlaq çökməsi olduğunu açıqlayıb.

Katmanduda yerləşən Beynəlxalq Dağlıq İnkişaf Mərkəzinin mütəxəssisləri isə selin dağlıq ərazidən qopan buzlaq parçalarının yaratdığı uçqun nəticəsində baş verdiyini bildiriblər.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az