Çin və Azərbaycan arasında bu gün imzalanmış sənəd bir çox istiqamətlərdə fürsətlər verəcək.
Gundelik.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Eldəniz Əmirov fikirlərini bölüşüb.
O, ilk növbədə qeyd edib ki, artıq Azərbaycan sahibkarları Çində sərgilərə, işgüzar danışıqlara və digər məsələlərin dalınca viza almadan gedə biləcək: “Bu isə həm idxal çeşidin zənginliyi, həm də öz məhsullarımızın, xüsusilə kənd təsərrüfatı və qidanın orada təbliği üçün real fürsətdir”.
İqtisadçının sözlərinə görə, çinli investorların da eyni ilə Azərbaycana vizasız səfər edə biləməsi üçün ölkənin sənaye zonalarına, texnoparklarına və innovasiya layihələrinə yeni sərmayələrin cəlb olunması şansı artacaq: “Həmçinin Zəngəzur dəhlizi perspektivilə bağlı yüksək gözləntilər formalaşır. Ölkəmizin logistik mərkəz statusunu daha da möhkəmlənir.
Çin texnologiyalarının ölkəmizə layihələr şəklində ayaq açmasına ciddi şans yaradır. “Yaşıl enerji” sahəsində Çin təcrübəsinə Azərbaycanın enerji keçidi strategiyasını dəstəkləməsi imkanı verir. Bu ölkənin Azərbaycanın əqli mülkiyyət sisteminə maraq göstərməsi isə bizim texnoloji startaplarımız üçün beynalxalq müdafiə və kommersiyalaşma imkanlarını artırır”.
İqtisadçı vurğulayıb ki, turist məsələsi isə ən tez hiss ediləcək müsbət tərəflərdən biri olacaq: “Çünki Çin dünyada ən çox turist göndərən ölkələrdən biridir — 2023-cü ildə xaricə 87 milyon nəfər səfər edib. Bu axının bir hissəsini Azərbaycana yönləndirmək artıq real görünür. Bu da turizm sektoruna nələr verə biləcəyini aydınlaşdırır.
Eyni zamanda onsuz da Ələt Azad İqtisadi Zonasına Çini marağı artmaqda idi. Bu imzalanan sənədlər zonanın beynəlxalq investisiya platformasına çevrilməsi prosesini sürətləndirib texnologiya transferini təşviq edə bilər”.
“Ən vacib qeyd etmək istədiyim isə odur ki, Çin artıq öz iqtisadi potensialı ilə sərhədlərinə sığmayan ölkəyə çevrilib. O, genişlənmək və yeni etibarlı tərəfdaşlar axtarır. Azərbaycan isə bu mənada onun üçün həm etibarlı, həm də strateji baxından əvəzolunmaz tərəfdaşdır. Odur ki, 2024-cü ildə Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 27,7% artaraq 3,7 milyard dollara çatsa da, bu rəqəm hələ potensialdan çox uzaqdır. Hazırda qarşılıqlı investisiya və idxal-ixracat imkanlarının genişlənməsi bu rəqəmi dəfələrlə artırmaq potensialına malikdir”, – E. Əmirov qeyd edib.
“Son oxuduğum statistikaya görə, bu günə qədər Çin 25 ölkə ilə qarşılıqlı vizasız gediş-gəlişlə bağlı sənəd imzalayıb. Azərbaycan Çinlə qarşılıqlı vizaların ləğv edildiyi 26-cı ölkə oldu. Bunun özünü də rəsmi Pekinin ölkəmizə verdiyi strateji etimad kimi qəbul etmək olar.
Bir sözlə, bu səfərin nəticələri daha gələcək illərə hesablandığı üçün onu xüsusi strateji əhəmiyyətli səfər kimi xarakterizə etmək olar”, – deyə iqtisadçı E. Əmirov fikirlərini yekunlaşdırıb.
Gundelik.az
