İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Qəhvə qiymətləri son 6 ayın ən yüksək səviyyəsinə yüksəldi: Təklif narahatlığı bazarı hərəkətə gətirdi

Qlobal qəhvə bazarında son həftələrdə qiymətlər yenidən yüksəlişə keçib. Braziliya və Vyetnamda əlverişsiz hava şəraiti, həmçinin dünya ehtiyatlarının azala biləcəyi ilə bağlı narahatlıqlar qəhvənin qiymətini təxminən son altı ayın ən yüksək səviyyəsinə çatdırıb.

İlin ilk yarısında ucuzlaşan qəhvə iyun ayından etibarən bahalaşmağa başlayıb. İlin əvvəlində bir funt (libre) qəhvənin qiyməti 3,48 dollar olduğu halda, iyunda 2,38 dollara qədər geriləmişdi. Lakin iyun ayını 11,62 faiz artımla 2,96 dollardan başa vuran qiymətlər iyulda da yüksəlişini davam etdirərək 3,57 dollara çatıb. Bu, təxminən son altı ayın ən yüksək göstəricisidir. Cari ilin ən yüksək qiyməti isə yanvarın 28-də 3,72 dollar olub.

İlin ilk yarısında qiymətlərin enməsinə nə səbəb olmuşdu?

Qiymətlərin azalmasına Cənubi Amerikada əlverişli hava şəraiti, Yaxın Şərqdəki geosiyasi proseslər və ABŞ-ın Braziliyaya tətbiq etdiyi əlavə gömrük rüsumlarını ləğv etməsi təsir göstərmişdi.

Bununla yanaşı, ABŞ/İsrail–İran müharibəsi fonunda artan daşınma və sığorta xərcləri də qlobal qəhvə tələbinə mənfi təsir edib. Nəticədə qəhvə qiymətləri ilin ilk altı ayında təxminən 15 faiz ucuzlaşıb.

Yeni narahatlıq – istehsalın azalması riski

Hazırda bazarda əsas amil iqlim şəraiti ilə bağlı narahatlıqlardır. Braziliya və Vyetnamda temperaturun yüksəlməsi, yağıntıların azalması qlobal qəhvə istehsalının azalacağı gözləntilərini gücləndirib və bu da qiymətlərin yenidən artmasına səbəb olub.

Əmtəə və fyuçers bazarları üzrə ekspert Zəfər Ərgəzən bildirib ki, iyun ayından etibarən El Nino fenomeninin təsiri yenidən hiss olunmağa başlayıb. Onun sözlərinə görə, xüsusilə Braziliya və Vyetnamda artan istilər və quraqlıq qiymət artımının əsas səbəbidir.

Ekspert xatırladıb ki, Braziliya “Arabica”, Vyetnam isə “Robusta” növlü qəhvənin dünyanın ən böyük istehsalçı və ixracatçı ölkələri sırasındadır. Buna görə də bu ölkələrdəki hava şəraiti qlobal bazara birbaşa təsir göstərir.

Çiçəklənmənin azalması məhsuldarlığı təhlükə altına salır

Zəfər Ərgəzənin sözlərinə görə, yüksək temperatur qəhvə ağaclarının çiçəklənməsini zəiflədir ki, bu da gələcək məhsuldarlığın azalacağı ilə bağlı narahatlıqları artırır. Daha aşağı məhsul gözləntiləri isə qiymətlərin yüksəlməsini sürətləndirən əsas amillərdən biridir.

Ekspert qeyd edib ki, El Nino təsirinin 2027-ci ilin ilk rübünə qədər davam edəcəyi proqnozlaşdırılır. Bu səbəbdən investorların qəhvə bazarına marağı artır, xüsusilə ETF-lər vasitəsilə edilən investisiyaların çoxalması qiymətlərdəki yüksəlişi dəstəkləyir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az