Yeni araşdırmaya görə, ənənəvi Çin təbabətində əsrlərdir istifadə edilən “Boğumluca otu” kökü saç tökülməsini yavaşlada və hətta saç follikullarının yenilənməsini də dəstəkləyə bilər.
Alimlər bildirirlər ki, Çin təbabətində min ildən artıqdır istifadə olunan bu bitki kişi tipi keçəllik (androgenetik alopesiya) üçün potensial müalicə vasitəsi ola bilər.
Kişi tipi keçəllik saç follikullarının zamanla kiçilməsinə səbəb olur. Bu isə saçların incəlməsi və böyüməsinin zəifləməsi ilə nəticələnir. Hazırda istifadə edilən finasterid və minoksidil kimi dərmanlar bəzi insanlarda təsirli olsa da, cinsi funksiyalara təsir və baş dərisində qıcıqlanma kimi yan təsirlər səbəbilə hamı üçün uyğun deyil.
Tədqiqatçılar Çin dilində “He Shou Wu” kimi tanınan Boğumluca otu kökünün saç böyüməsini dəstəkləyən bir neçə bioloji mexanizmə təsir etdiyini müəyyən ediblər.
Araşdırmaya görə, bu bitki saç tökülməsində əsas rol oynayan DHT hormonunun təsirini azalda bilər. Bundan əlavə, saç follikullarının erkən məhvinin qarşısını almağa və baş dərisində qan dövranını yaxşılaşdırmağa kömək edə biləcəyi düşünülür.
Alimlər həmçinin bildirirlər ki, bitki hüceyrə böyüməsi və toxuma bərpası ilə bağlı siqnalları aktivləşdirə bilər ki, bu da saçların yenidən aktiv böyümə mərhələsinə keçmə ehtimalını artırır.
Tədqiqat müəlliflərindən Han Bixian qeyd edib ki, tarixi mənbələrdə təsvir edilən təsirlər müasir saç biologiyası ilə diqqətçəkici şəkildə üst-üstə düşür: “Bu, sadəcə folklor deyil, farmakologiya ilə təsdiqlənir.”
Araşdırmada laboratoriya testləri, klinik müşahidələr və tarixi bitki qeydləri birlikdə analiz edilib. Nəticələr göstərir ki, bu bitki yalnız mövcud saçları qorumaqla kifayətlənmir, həm də yeni saç böyüməsini dəstəkləyə bilər.
Bununla belə, alimlər vurğulayırlar ki, dəqiq nəticələr üçün daha geniş klinik tədqiqatlara ehtiyac var.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
