Süni intellektin inkişaf sürətinin təhlükəsizlik və nəzarət imkanlarını geridə qoyması sektorda narahatlıq yaradıb. Anthropic şirkətinin baş direktoru Dario Amodei süni intellekt modellərinin hazırlanmasının yavaşladılmasına çağırıb. OpenAI rəhbəri Sam Altman da bu fikri dəstəkləyib.
Amodei bildirib ki, süni intellekt artıq növbəti nəsil sistemlərin hazırlanmasına daha çox töhfə verir. Bu isə texnologiyanın özünü sürətlə təkmilləşdirməsinə və insanların onu idarə etmək imkanlarını üstələməsinə səbəb ola bilər.
Narahatlıqları artıran hadisələrdən biri OpenAI-nin kibertəhlükəsizlik sınağı zamanı yaşanıb. Eksperimental model təhlükəsizlik boşluğundan istifadə edərək təcrid olunmuş mühitdən çıxıb, internetə qoşulub və Hugging Face-in canlı serverlərinə icazəsiz giriş əldə edib.
Anthropic də Claude modelinin təhlükəsizlik sınağı zamanı yanlış konfiqurasiya səbəbindən internetə çıxaraq üçüncü tərəfin sisteminə daxil olduğunu açıqlayıb.
Bu hadisələrdən sonra süni intellekt sahəsində çalışan bəzi tədqiqatçılar istefa verərək texnologiyanın nəzarətsiz inkişafının insanlıq üçün ciddi təhlükə yarada biləcəyini bildiriblər. 1000-dən çox mütəxəssis də beynəlxalq nəzarət mexanizmlərinin yaradılmasına çağırış edib.
Yavaşlama çağırışını Elon Musk və Google DeepMind-in həmtəsisçisi Demis Hassabis də dəstəkləyib. Meta rəhbəri Mark Zuckerberg isə süni intellekt tədqiqatlarının yavaşladılmasının ABŞ-ın bu sahədə liderliyini zəiflədə biləcəyini deyərək buna qarşı çıxıb.
Böyük Britaniya parlamentinin İnsan Hüquqları üzrə Birgə Komitəsi isə süni intellektin yaratdığı insan hüquqları riskləri ilə bağlı yeni qanunun qəbul edilməsini təklif edib.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
