Böyük Britaniyada Durham Universitetinin hüquq professoru yadplanetlilərə aid olduğu ehtimal edilən naməlum uçan obyektlərə (UNO) hücum etməyin dəhşətli nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Gundelik.az xəbər verir ki, bu barədə Daily Star yazır.
Hüquqşünas Maykl Bolander bildirib ki, UNO-ları vurmağa cəhd bəşəriyyətin qalib gəlmək şansının olmadığı müharibəyə səbəb ola bilər. Onun fikrincə, yadplanetlilərin texnoloji üstünlüyü o qədər böyük ola bilər ki, insanlığın onlarla mübarizə aparması mümkün olmaz.
Professor bu xəbərdarlığı ABŞ Konqresinə amerikalı qırıcı təyyarə pilotunun naməlum obyekti raketlə vurmağa çalışdığını, lakin buna nail olmadığını göstərən videonun təqdim edilməsindən sonra edib.
Bolander dünya liderlərinə müraciət edərək avantürist addımlardan çəkinməyə və UNO-lara qarşı hərbi güc tətbiq etməməyə çağırıb.

“Bu aparatların bəziləri ümumi texnoloji səviyyələri qədər inkişaf etmiş silah sistemləri ilə təchiz oluna bilər. Səbəb və qələbəyə əminlik olmadan onları təhrik etməməliyik”, – deyə professor bildirib.
O əlavə edib ki, hazırda Yer kürəsini ziyarət etdiyi iddia olunan kosmik qonaqlar təmkinli davranırlar. Lakin bunun nə qədər davam edəcəyini heç kim bilmir.
Bolander hesab edir ki, beynəlxalq hüquq normalarına əsasən, UNO-lar mülki obyektlər kimi nəzərdən keçirilməli və hərbi hücumlardan qorunmalıdır.
Daily Star-ın yazdığına görə, 2023-cü ildə ABŞ-da Çin casus şarının vurulmasından sonra bir sıra ölkələrin hərbçiləri naməlum obyektlərə qarşı daha tez-tez müdaxilə etməyə və onları vurmağa başlayıblar.
Bundan əvvəl isə tamaşaçılar İlon Maskın SpaceX şirkətinin kosmik gəmisinin 14-cü buraxılışını canlı yayımla izləyərkən Yer kürəsinin üzərində nəhəng UNO müşahidə etdiklərini bildiriblər. Obyektin bir ucunda parlaq ləkə olan solğun-mavi işıq qövsünə bənzədiyi qeyd olunub.
Nurəddin Abdullayev
Gundelik.az
