Şübhəsiz, dünya miqyaslı istənilən tədbir iştirakçılar üçün beynəlxalq münasibətləri və əməkdaşlığı genişləndirmək, ölkənin strateji maraqlarını təqdim və təmin etmək üçün unikal imkanlar verir. Lakin müşahidələr göstərir ki, bu unikal imkanlardan istifadə etmək bacarığı heç də bütün iştirakçılara xas deyil. Müasir dövrün ən effektiv qlobal platformalarından biri də Davos Dünya İqtisadi Forumudur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev növbəti dəfə bu forumda ən fəal və effektiv iştirakı ilə seçildi. Ümumi şəkildə vurğulamış olsaq, Azərbaycan Prezidenti keçirdiyi görüşlərlə, apardığı müzakirələrlə, səsləndirdiyi fikirlərlə regional və beynəlxalq proseslərdə ölkəmizin təsirli rolunu bir daha nümayiş etdirdi. Nəzərə almaq lazımdır ki, Davos Dünya İqtisadi Forumunun sayca 56-cı sessiyası tarixi şəraitin mürəkkəbliyi və müvafiq olaraq, qlobal siyasi və iqtisadi proseslərin ciddi turbulentliyi fonunda baş tutdu. Ölkə Prezidentinin Forum çərçivəsində ölkəmizin bugünkü və gələcək rifahina hesablanmış dəqiq gündəlik əsasında qurduğu təmaslar və müəyyənləşdirdiyi müzakirə predmetləri olduqca əhəmiyyətli idi. Bütün beynəlxalq platformalar kimi, Davos Dünya İqtisadi Forumu da əsasən məhz Azərbaycan Prezidentinin yüksək diplomatik bacarıqlarınin diqqət mərkəzində olması ilə müşaət olunurdu. Bunu digər iştirakçılar da açıq etiraf edirdilər. Belə ki, yanvarın 20-də baş tutan panel müzakirə zamanı Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışı ilə bağlı fikrini bildirərkən onu dostu və müasir dövrün böyük liderlərindən biri adlandırdı. A. Vuçiç Azərbaycan Prezidentinin regional əməkdaşlıq və vəziyyətlə bağlı fikirlərini də tam dəstəklədiyini vurğuladı. Göründüyü kimi, cənab İlham Əliyev öz fikirləri və sərgilədiyi mövqeyi ilə diqqət mərkəzində oldu. Çünki, o, dövlətlərin öz suverenliyini və müstəqilliyini qorumalarınin vacibliyindən çıxış edərəcək, birgə fəaliyyətin və əməkdaşlığın alternativsızliyini əsaslandırır ki, bu da iştirakçı dövlətlərin böyük əksəriyyətinin maraqlarına cavab verir. Diqqəti cəlb edən əsas məqamlardan biri də ondan ibarət olduğu ki, Azərbaycan Prezidenti sülh gündəliyini inkişaf etdirmək üçün də Davos Dünya İqtisadi Forumunu səmərəli platforma kimi istifadə etdi. Sözsüz ki, regionda dayanıqlı sülhün əldə olunması da bizim əsas məqsədlərimizdən biridir. Yəni, Prezident Forumda Ermənistanla münasibətdə bir daha sülh gündəliyini irəli sürdü. Prezident İlham Əliyev nəzərə çatdırdı ki, 30-illik münaqişədən sonra Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi və sülh gündəliyini formalaşdırdı. Hesab edirik ki, “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” adlı panel müzakirəsində sülh gündəliyinə toxunması həm də ona işarədir ki, ölkəmiz uzun müddət davam edən bir münaqişəyə öz iradəsi və gücü ilə son qoymaqla, unikal əməkdaşlıq imkanlarını da yaratmışdır. Eyni zamanda beynəlxalq ictimaiyyət bir daha əmin oldu ki, regionda yeni geosiyasi reallıqları və birgə fəaliyyət imkanlarını şərtləndirən məhz Azərbaycan tərəfidir. Xatırlatmaq istərdik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün vacib beynəlxalq platformalarda preventiv diplomatik və təsəvvür gücləndirici mövqelərini daim olduqca uğurla nümayiş etdirir və bu, beynəlxalq ictimai rəyin formalaşması üçün güclü təsiredici amil rolunda çıxış edir. Panel müzakirələrində iştirak edən Ermənistan prezidenti də etiraf etdi ki, İlham Əliyevin sözlərinə nəsə əlavə etmək çətindir. Yəni, müzakirə iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevin tezislərini dəstəkləmələri və inkişaf etdirmələri bir daha aydın göstərdi ki, Forum çərçivəsində Azərbaycan Prezidentinin mövqeyi və səsləndirdiyi fikirlər təyinedici və müəyyənləşdirici amil rolunda çıxış edir.
Azərbaycan Prezidentinin görüşlər və müzakirələr zamanı ölkəmizin enerji sahəsində əhəmiyyətini vurğulaması və yeni sərmayələrin cəlb olunması istiqamətində təşəbbüsləri ölkəmizin iqtisadi gücünün komponentlərinin davamlı təmin edilməsi baxımından çox əhəmiyyətlidir. Belə ki, digər iştirakçılar daha çox münaqişəli vəziyyətlər ətrafında müzakirələr apardığı halda, cənab İlham Əliyev həm ölkəmizin, həm də əksər iştirakçı ölkələrin iqtisadi rifahı baxımından strateji əhəmiyyət kəsb edən enerji gündəliyini fəal təşviq etdi. Prezident növbəti dəfə diqqətə çatdırdı ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan Respublikasının kifayət qədər təsirli rolu var. O, ölkəmizin 16 dövlətə təbii qaz ixrac etdiyini və onlardan 10-nun Avropa İttifaqı üzvü olduğunu səsləndirməklə, ümumilikdə, Avropa enerji bazarında Azərbaycanın əlahiddə roluna işarə etdi. Prezident həmçinin, “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə yaşıl enerji mənbələrinin inkişaf etdirilməsi istiqamətində ölkəmizin potensialından və planlarından da bəhs etdi və nəzərə çatdırdı ki, ölkəmiz 2032-ci ilə qədər 8 QVt günəş və külək enerjisi istehsal etməyi planlaşdırır. Bu isə, o deməkdir ki, ölkə Prezidenti enerji sahəsində yeni əməkdaşlıq və sərmayələrin yönləndirilməsi istiqamətini müəyyənləşdirməkdədir. Nəzərə almaq lazımdır ki, cənab İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində biznes və maliyyə strukturlarının təmsilçiləri ilə də kifayət qədər məhsuldar müzakirələr apardı. Bu müzakirələri təhlil edərək və ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, aparılan müzakirələr ölkəmizin sərmayə mühitinin daha da gücləndirilməsinə və enerji, texnologiya və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsinə yönəlmişdi. Eyni zamanda ölkə Prezidentinin müzakirələr zamanı tərəf müqabilləri Azərbaycandakı investisiya mühitinin əlverişliliyini kifayət qədər yüksək qiymətləndirirlər. Məsələn, J.P. Morgan şirkətinin sədri və baş icraçı direktoru Ceymi Daymon ölkəmizin beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyini yüksək qiymətləndirərək, proqnozlaşdırılan investisiya mühitinin və ardıcıl maliyyə siyasətinin mövcudluğunu vurğuladı. O, həmçinin J.P. Morgan şirkətinin ARDNF ilə uzunmüddətli əməkdaşlığının vacibliyini vurğuladı və onu daha da dərinləşdirməkdə maraqlı olduğunu bildirdi. Eləcədə digər çoxsaylı maliyyə və biznes qurumlarının nümayəndələri ilə görüşlər çərçivəsində ölkəmizin həmin qurumlarla uzunmüddətli əməkdaşlıq imkanları müzakirə olundu. Göründüyü kimi, Davos Forumu Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ölkənin beynəlxalq iqtisadi əməkdaşlıq imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsi üçün olduqca səmərəli bir platforma kimi istifadə olunur və biz bunu Azərbaycanın beynəlxalq nüfuzunun və təsir imkanlarının artan fonunda hər il müşahidə edirik.
Təbii ki, Davos Dünya İqtisadi Forumu Azərbaycanın beynəlxalq siyasi iştirakçılıq imkanlarının və perspektivlərinin genişlənməsi ilə də yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Davosda bir sıra ölkələrin rəhbərləri, həmçinin ABŞ prezidenti Donald Trampla görüşlər keçirdi. ABŞ prezidenti ilə görüş zamanı Azərbaycanla ABŞ arasında siyasi dialoqun və praktiki əməkdaşlığın dinamikliyinin əhəmiyyəti xüsusi vurğulandı. Regionda reallaşdırılan Zəngəzur dəhlizi layihəsi ətrafında da müzakirələrin aparılması nəqliyyat-logistika sahəsində Azərbaycanla ABŞ-ın ortaq maraqlarının mövcudluğuna dəlalət edir. Azərbaycanın “Sülh Şurasına” təsisçi ölkə qismində dəvət edilməsi iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin təzahürü kimi qiymətləndirilə bilər. Azərbaycan və ABŞ Prezidentləri arasında baş tutan görüş çərçivəsində yadda qalan vacib məqamlardan biri də cənab İlham Əliyev tərəfindən “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanması oldu. Bunu da ayrıca olaraq, Azərbaycan Respublikasının beynəlxalq iştirakçılıq imkanlarının genişlənməsi kimi qiymətləndirmək lazımdır. Həmçinin, ölkəmizin dünya proseslərində təsirli iştirakı potensialının tanınması kimi nəzərdən keçirmək olar.
Beləliklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvar ayinin 19-23 tarixində keçirilən Davos Dünya İqtisadi Forumunda növbəti effektiv iştirakı ölkəmizin beynəlxalq nüfuzunun və təsirinin daha da güclənməsini şərtləndirdi. Bununla yanaşı, ölkəmizdə sosial-iqtisadi rifahın davamlı yüksəlməsinin təsirli drayverinə çevriləcək beynəlxalq maliyyə və iqtisadi əməkdaşlıq imkanları genişləndi. Azərbaycan qlobal səhnədə fəal aktor kimi öz mövqeyini və rolunu bir daha təsdiq etdi.
Elşad Mirbəşir oğlu
YAP İdarə Heyətinin üzvü,
Siyasi elmlər doktoru
Gundelik.az

