“Şaxtyor Donetsk” klubunun baş məşqçisi Arda Turan UEFA Çempionlar Liqasında “İnter”lə keçirəcəkləri oyun öncəsi Ukraynadakı müharibənin komandaya təsirindən və üzləşdikləri çətinliklərdən danışıb. Turan müharibənin adi hal kimi qəbul edilməməli olduğunu vurğulayaraq, insanların hər gün öldüyünü və dünyanın bundan xəbərdar olması gərəkdiyini bildirib.
Gundelik.az “Haberler”ə istinadən xəbər verir ki, “Şaxtyor Donetsk”in baş məşqçisi Arda Turan “İnter”lə qarşılaşma öncəsi İtaliyanın “La Gazzetta dello Sport” nəşrinə müsahibə verib.
Ukraynadakı müharibənin komandaya təsirindən “Qalatasaray”dakı xatirələrinə qədər bir çox mövzuya toxunan Turan, müharibənin acılarını uşaq yaşlarında yaşayan Roman adlı azarkeşlə arasında baş verənləri də bölüşüb.
“Bunu göstərmək istəyirik”
Komandasının vəziyyətini dəyərləndirən Arda Turan deyib:
“Buraya gələndə istedadlı, lakin güclü kollektiv kimliyi formalaşdırmağa ehtiyacı olan bir komanda gördüm. İlk mövsümümüzdə liqanın qalibi olduq və Konfrans Liqasında yarımfinala yüksəldik. İndi isə Çempionlar Liqasında da mübarizə apara biləcəyimizi göstərmək istəyirik.
Söhbət elə bir səviyyədən gedir ki, burada çox vaxt xırda detallar həlledici olur. Hətta bədənin yanlış mövqedə olması belə sizə baha başa gələ bilər. İnanıb güvəndiyimiz oyun sistemimiz var. Meydanda nə etməli olduğumuzu hər zaman bilirik. Oyuna nəzarət etmək, topa sahib olmaq və topu itirdikdə dərhal reaksiya vermək istəyirik.
İdman baxımından gördüyümüz iş son dərəcə çətindir. Ancaq bunun bəhanə kimi qəbul edilməsini istəmirəm”.
“Bəzən evə belə qayıda bilmirik”
Ukraynadakı müharibənin komandaya təsirindən danışan mütəxəssis bildirib ki, uzun səfərlər futbolçuların bərpasına və məşqlərinə ciddi təsir göstərir:
“Avtobus və qatarla saatlarla yol gedirik. Futbolçuların bərpa olunması üçün kifayət qədər vaxt qalmır. Məşq etmək üçün güclə vaxt tapırıq. Avropa oyunları üçün səfərlərimiz orta hesabla 14-16 saat çəkir. Bəzən evə belə qayıda bilmirik.
Yalnız oyunların yükünü deyil, bu səfərlərin yaratdığı yorğunluğu da nəzərə almalıyıq. Bu qrafiki elmi baxımdan davamlı şəkildə qorumaq demək olar ki, mümkün deyil. Gənc komandayıq və təcrübəsi az olan futbolçular zədələrə qarşı daha həssasdırlar.
Klubuma təşəkkür edirəm. Bəzən münaqişənin bizə təsirini minimuma endirmək üçün inanılmaz planlar hazırlayırlar”.
“Dünya bilməlidir, insanlar ölür”
Arda Turan müharibənin adi vəziyyət kimi qəbul edilməməli olduğunu xüsusi vurğulayıb:
“Bir daha deyirəm, bunun bəhanə kimi qəbul edilməsini istəmirəm. Ancaq eyni zamanda bu vəziyyəti normal hal kimi qəbul edə bilmərik. Ukraynada müharibə gedir, hər gün insanlar ölür və dünya bunu bilməlidir.
İnsanlar inanılmaz güc və dözümlülük nümayiş etdirirlər. Onlar yaşamaq sevincini itirməyiblər. Gecəni sığınacaqda keçirdikdən sonra səhər çölə çıxıb işə gedə, uşaqlarını məktəbə apara bilirlər. Həyatın dayanmasına imkan vermək istəmirlər.
Belə bir xalqın qarşısında bizim şikayət etməyimiz haqsızlıq olardı. Futbol bu insanlara bir neçə saatlıq xoşbəxtlik bəxş edə bilər. Biz sadəcə bir komanda deyilik, bir ölkənin ümidini təmsil edirik”.
“8 yaşında mənə həyatımın dərslərindən birini verdi”
Arda Turan Ukraynada yaşadığı və ona dərindən təsir edən hadisəni də danışıb. O, müharibədə anasını itirən, 8 yaşlı “Şaxtyor” azarkeşi Romanla söhbətindən bəhs edib.
“Ötən il öz meydanımızda LNZ-yə 1:4 hesabı ilə uduzduq. Oyundan bir gün əvvəl Lvov ağır hücuma məruz qalmışdı və insanlar gecəni sığınacaqlarda keçirmişdilər. Oyundan sonra çox əsəbi idim.
Bir anda özümü 8 yaşlı uşağın qarşısında gördüm. Onun adı Roman idi və “Şaxtyor” azarkeşi idi. Evi bombalanmış, anasını itirmiş və 35 əməliyyat keçirmişdi.
Mənə dedi: “Müəllim, üzülmə. Həyatda yaxşı günlər də olur, pis günlər də. Yoluna davam etməlisən”.
Yaşadıqlarını nəzərə alsaq, onun gələcəyə baxışı heyrətamiz idi. Həmin gün Romandan həyatımın ən vacib dərslərindən birini öyrəndim. Peşəmizə hörmət etməli və insanları sevindirmək üçün əlimizdən gələni etməliyik. Ancaq bunun bir oyun olduğunu, əsl həyatın isə daha böyük olduğunu heç vaxt unutmamalıyıq.
Roman mənə bunu xatırlatdı. Əlaqəmizi davam etdiririk və imkan olduqca görüşürük”.
Frank Raykardla bağlı xatirəsini bölüşdü
Arda Turan “Qalatasaray”da çıxış etdiyi dövrdə baş məşqçisi olmuş Frank Raykardla bağlı xatirəsini də bölüşüb.
“Gənclərə sistemimizə sadiq qaldıqları müddətdə səhv etmək üçün geniş imkan verirəm. Prinsiplərimizə uyğun hərəkət edərkən etdikləri səhvlərə görə onları heç vaxt günahlandırmıram.
Bunu yaxşı bilirəm. Çünki mən də 18-19 yaşımda oyuna fərqli baxırdım və hər şeyi istedadımla həll edə biləcəyimi düşünürdüm.
“Qalatasaray”da Raykard mənim məşqçim idi. Məşq zamanı hamını driblinqlə keçirdim. Bir gün Frank hamını dayandırdı və mənə dedi: “Arda, cərimə meydançasından 30 metr aralıda 10 nəfəri driblinqlə keçməyin nə mənası var? Özünə inanırsansa, bunu son metrlərdə et. Əsl əhəmiyyətli olan məhz oradır””.
“Simeone, Enrike və Terimdən öyrəndim”
Baş məşqçilik fəlsəfəsindən və özünə nümunə götürdüyü mütəxəssislərdən danışan Arda Turan deyib:
“Müdafiə baxımından Dieqo Simeonedən çox şey öyrənirəm. Mövqe seçimi, kompaklıq, pressinq və ötürmə yollarının bağlanması kimi məsələlərdə ondan nümunə götürürəm. Hücumda, xüsusilə oturuşmuş müdafiələrə qarşı həll yolları tapmaq məsələsində Luis Enrikedən ilham alıram. Futbolçularla münasibətlər və stressin idarə olunması baxımından Fatih Terimi, mövsümöncəsi hazırlıq prosesində məşqçimiz Orteqanı, standart vəziyyətlərin təşkilində isə Burqosu nümunə götürürəm. Ancaq baş məşqçi öz kimliyini yalnız bir nəfərin təsiri altında formalaşdırmır. Hər kəsdən nəsə öyrənirsiniz, daha sonra isə bu dərsləri öz sisteminizə uyğunlaşdırırsınız”.
Nurəddin Abdullayev
Gundelik.az

