“Oropuche” virusu Zika və “Dengue” qızdırmasına bənzər qızdırmalara səbəb olur. Son araşdırmalara görə, virusun Latın Amerikasında əvvəllər düşünüldüyündən daha çox yayıldığını, xüsusilə hamilə qadınlar üçün potensial risklər yaratdığına dair faktları üzə çıxarıb. Ekspertlər qlobal iqlim dəyişikliyinin bu yayılmada təsirli ola biləcəyinə diqqət çəkirlər.
Gundelik.az xəbər verir ki, Almaniyanın “Charite – Universitätsmedizin Berlin” alimləri tərəfindən aparılan geniş araşdırma “Oropuche” virusunun Latın Amerikasında geniş yayıldığını, lakin böyük ölçüdə diaqnoz qoyulmadığını ortaya qoydu.
Araşdırmanın nəticələri “The Lancet Infectious Diseases” jurnalında dərc olunub.
Nəşr yazır ki, 1950-ci illərdə müəyyən edilmiş “Oropuche” virusu bu günə qədər məhdud sayda hallarda məlum olub. Bununla belə, 2023-cü ilin sonundan bəri bu virusa yoluxanların sayı 20 mini keçib. Sözügedən virusun iki gənc qadının ölümünə və bəzi hamiləliklərdə müxtəlif problemlərə və ya körpədə inkişaf pozğunluğuna səbəb olduğu bildirilir.
Virus qızdırma, titrəmə, baş ağrısı, əzələ və oynaq ağrıları, ürəkbulanma və dəri problemləri kimi əlamətlərlə özünü göstərir.
Buna baxmayaraq, “Oropuche” virusuna qarşı hələ də peyvənd hazırlanmayıb.
İnfeksiyanın iqlim şəraiti ilə sıx bağlı olduğu qeyd olunur.
Tədqiqatçılar 2001-2022-ci illər arasında Boliviya, Braziliya, Kolumbiya, Kosta-Rika, Ekvador və Peruda toplanmış 9400-dən çox qan nümunəsini araşdırıblar. Araşdırmalara əsasən, Latın Amerikasında hər 100 nəfərdən təxminən 6-da virusa qarşı antikorlar aşkar edilib.
Virus adətən “görünməz milçəklər” kimi tanınan 3 millimetrdən kiçik milçəklər vasitəsilə ötürülür. Bu milçəklər standart ağcaqanad torlarının məsamələrindən keçəcək qədər kiçikdir. Mütəxəssislər həmin həşaratlara qarşı xüsusi diqqətli olmağa çağırır.
Gundelik.az
