Gundelik.az Xəbərlər İqtisadiyyat Polşadan Azərbaycana pul axını artıb
İqtisadiyyat Xəbərlər

Polşadan Azərbaycana pul axını artıb

Bu ilin birinci yarımilində Azərbaycandan Polşaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,242 milyon ABŞ dolları təşkil edib.

Gundelik.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 537 min ABŞ dolları və ya 19,3% azdır.

Məlumata görə hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Polşanın payı 0,9% təşkil edib. Bununla da sözügedən ölkə Azərbaycandan ən çox pul köçürülən ölkələr siyahısında 18-ci yerdə qərarlaşıb.

Həmçinin cari ilin ilk 6 ayında Polşadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,256 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 542 min ABŞ dolları və ya 31,6% artım deməkdir.

Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Polşanın payı 0,4% təşkil edib. Bununla da Polşa dövr ərzində Azərbaycana ən çox pul daxilolmaları üzrə 19-cu pillədə qərarlaşıb.

2024-cü ilin birinci yarımilində Azərbaycandan Polşaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,779 milyon ABŞ dolları, əks istiqamətdə isə 1,714 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 238,180 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 21,420 milyon ABŞ dolları və ya 8,2% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 533,957 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin birinci yarımilindəki göstərici ilə müqayisədə 33,847 milyon ABŞ dolları və ya 6% azdır.

Gundelik.az

Exit mobile version