Plastik qablar qida və içkiləri saxlamaq, dondurmaq, qızdırmaq və daşımaq üçün gündəlik həyatda geniş istifadə olunur. Lakin bəzi alimlər plastiklərin tərkibindəki kimyəvi maddələrin qidaya keçərək sağlamlığa təsir göstərə biləcəyindən narahatdır.
Araşdırmalar göstərir ki, plastik məhsulların hazırlanmasında istifadə olunan minlərlə maddənin bir hissəsi qida və içkilərə keçir. Bununla belə, istehsalçılar və əksər qida təhlükəsizliyi qurumları plastik qida qablarının nəzərdə tutulduğu qaydada istifadəsinin təhlükəsiz olduğunu bildirir. Bəzi mütəxəssislər isə ehtiyat tədbiri kimi qidaların plastik qablarda qızdırılmamasını tövsiyə edir.
Böyük Britaniyanın Qida Standartları Agentliyinin (FSA) qaydalarına əsasən, qida ilə təmasda olan plastiklərdə hansı maddələrin istifadə edilə biləcəyi müəyyən edilir. Zərərli miqdarda kimyəvi maddə qidaya keçirə bilən materialların istifadəsi qadağandır.
Kimyəvi maddələr plastik qablardan qidaya necə keçir?
Böyük Britaniya Plastik Federasiyasının məlumatına görə, qida qablaşdırmalarında ən çox istifadə olunan plastik növlərindən biri polipropilendir. Bu material çips paketlərindən tutmuş biskvit qablaşdırmalarına qədər müxtəlif məhsullarda istifadə olunur.
Evdə saxlanılan və dəfələrlə istifadə edilən hazır yemək qabları da adətən polipropilen, polietilen və ya bu iki plastik növünün birləşməsindən hazırlanır.
İstehsal zamanı plastiklərə rəngləndiricilər və materialı daha elastik edən maddələr də əlavə edilə bilər. Qida Qablaşdırması Forumunun baş elmi əməkdaşı və baş direktoru doktor Jane Muncke plastikin kimyəvi tərkibinin olduqca mürəkkəb olduğunu bildirir.
Onun sözlərinə görə, istehsal zamanı kimyəvi maddələr bir-biri ilə reaksiyaya girərək dəyişə, həmçinin qarışığa nəzərdə tutulmadan əlavə olunan maddələr də daxil ola bilər. Bunlar NIAS adlandırılır.
Mütəxəssislər bəzi kimyəvi maddələrin plastikdən qida və içkilərə keçdiyini, bir qisminin isə orqanizm tərəfindən mənimsənildiyini bildirirlər.
Qidanın növü də bu keçidə təsir göstərir. Məsələn, pomidor sousu kimi turşulu və lazanya kimi yağlı qidaların plastik qablardan daha çox kimyəvi maddə keçirməsinə səbəb ola biləcəyi qeyd olunur.
İstilik də bu prosesi artıra bilər. Buna görə qidanı plastik qabda mikrodalğalı sobada qızdırmaq, eyni qabda soyuq salat saxlamaqla müqayisədə daha çox kimyəvi maddənin qidaya keçməsinə səbəb olur.
Plastik qablardakı hansı maddələr sağlamlıq riskləri ilə əlaqələndirilir?
Plastiklərlə bağlı ən çox müzakirə olunan maddələrdən ikisi ftalatlar və bisfenol A-dır (BPA).
Ftalatlar plastiki daha elastik etmək üçün, BPA isə daha sərt plastiklərin istehsalında istifadə olunub.
Bu maddələrin hormon sisteminə müdaxilə edə, böyümə və reproduktiv funksiyalara təsir göstərə, immun sisteminə mənfi təsir edə və xərçəng riski ilə əlaqəli ola biləcəyi ilə bağlı araşdırmalar mövcuddur.
Avropa İttifaqı Komissiyası BPA ilə bağlı sağlamlıq risklərinə dair sübutların artmasından sonra 2024-cü ildə onun qida ilə təmasda olan materiallarda istifadəsini qadağan edib. Bu qərar su şüşələri də daxil olmaqla müxtəlif gündəlik məhsulların istehsalında BPA-dan mərhələli şəkildə imtina edilməsini nəzərdə tutur.
Böyük Britaniya da BPA və digər zərərli bisfenollarla bağlı oxşar qadağanı nəzərdən keçirir.
Plastik qida qablarına daha təhlükəsiz alternativlər hansılardır?
Qidaya kimyəvi maddələrin keçməsini mümkün qədər azaltmaq istəyənlər üçün şüşə və keramika qablar alternativ hesab olunur.
Vaşinqtondakı Milli Sağlamlıq Araşdırmaları Mərkəzinin prezidenti doktor Diana Zuckerman plastiklərin tərkibinin zamanla dəyişdiyini və köhnə plastik qabların tərkibində hansı maddələrin olduğunu bilməyin çətin olduğunu bildirir.
Plastiklər zaman keçdikcə köhnələ, təkrar istifadə və yuyulma nəticəsində aşına və müəyyən miqdarda maddənin qidaya keçməsi ehtimalı artır. Bu risk xüsusilə plastik qablar qızdırıldıqda və ya uzun müddət istifadə edildikdə diqqət çəkir.
Bu səbəbdən Zuckerman isti qidaların saxlanması və xüsusilə mikrodalğalı sobada qızdırılması üçün şüşə və ya keramika qablardan istifadə etməyi tövsiyə edir.
Onun sözlərinə görə, qabın üzərində “mikrodalğalı sobada istifadəyə uyğundur” qeydinin olması onun qızdırılarkən əriməyəcəyi anlamına gəlir və bu, kimyəvi maddələrin qidaya keçməyəcəyinə zəmanət vermir.
ABŞ-ın Qidalanma və Pəhriz Akademiyası da plastik qabların əsasən soyuq qidaların saxlanması üçün istifadə edilməsini tövsiyə edir.
Plastik qablar xərçəng riskini artırırmı?
Mütəxəssislər plastik qabların sağlamlıq riskləri ilə bağlı tamamilə eyni fikirdə deyil.
Böyük Britaniyanın Xərçəng Araşdırmaları təşkilatından doktor Rachel Orritt plastik istifadəsinin xərçəngə səbəb olduğunu göstərən mövcud sübutların kifayət qədər olmadığını bildirir.
Onun sözlərinə görə, plastik butulkalardan içmək, qidaları plastik qab və paketlərdə saxlamaq da bu çərçivəyə daxildir. Orritt qeyd edir ki, qidaların plastik qablarda qızdırılması ilə bağlı mövcud məlumatlar bunun xərçəng riskini artırdığını göstərmir.
Bu səbəbdən plastik qabların istifadəsində əsas məsələ onların düzgün məqsədlə və istehsalçının göstərişlərinə uyğun istifadə edilməsidir. İsti qidaların saxlanması və qızdırılması zamanı isə şüşə və keramika qablara üstünlük vermək əlavə ehtiyat tədbiridir.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

