İyul 8, 2026
Baku
Müsahibə Xəbərlər

Peşəkarlıq, Keyfiyyət və Etibarın Ünvanı – “Tofiqoglu Company”

Müasir tikinti sektorunda keyfiyyətli mühəndis-kommunikasiya sistemlərinin qurulması yaşayış və iş məkanlarının təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Elektrik, santexnik və qaz sistemləri sahəsində peşəkar yanaşma həm insanların rahatlığını təmin edir, həm də gələcəkdə yarana biləcək risklərin qarşısını alır.

Bu gün təqdim etdiyimiz müsahibənin qonağı “Tofiqoglu Company” şirkətinin təsisçisi və direktoru Anar Bababəylidir. Uzun illər tikinti sektorunda fəaliyyət göstərən Anar Bababəyli öz peşəkar təcrübəsini bir şirkət çərçivəsində birləşdirərək müştərilərinə müasir və etibarlı texniki xidmətlər təqdim edir. O, müsahibəsində şirkətin yaranma tarixindən, fəaliyyət istiqamətlərindən, müasir elektrik sistemlərinin xüsusiyyətlərindən və keyfiyyətli xidmət prinsiplərindən danışıb.

Gundelik.az-ın əməkdaşı Səid Mikayılzadənin “Tofiqoglu Company” şirkətinin təsisçi-direktoru Anar Bababəyli ilə müsahibəsini təqdim edirik.

Anar müəllim, “Tofiqoglu Company” şirkətini yaratmaq qərarına necə gəldiniz və əsas fəaliyyət istiqamətləriniz hansılardır?

– “Tofiqoğlu Company” şirkətini yaratmaq arzusu məndə uzun illər əvvəl formalaşıb. 2011-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra tikinti sahəsində fəaliyyətə başladım və həmin dövrdən etibarən qarşıma məqsəd qoydum ki, gələcəkdə öz şirkətimi yaradım.

Şirkətin adını isə atamın xatirəsinə və adına hörmət əlaməti olaraq seçdim. Atamın adı Tofiq olduğu üçün şirkətimizi “Tofiqoğlu Company” adlandırdıq. Bu arzumu reallaşdırmaq isə 2026-cı ilə təsadüf etdi.

Şirkətimizin əsas fəaliyyət istiqamətləri yaşayış evləri və obyektlərdə elektrik, santexnik və qaz sistemlərinin sıfırdan qurulması, müasir mühəndis-kommunikasiya xətlərinin çəkilməsi, mövcud nasazlıqların aşkarlanması və aradan qaldırılmasıdır. Eyni zamanda müxtəlif elektrik avadanlıqlarının quraşdırılması, çılçıraqların, rozetkaların, açarların dəyişdirilməsi və bərpası, elektrik qaynaq işləri və digər texniki xidmətlər də fəaliyyət sahəmizə daxildir.

Ev və obyekt sahiblərinə elektrik sistemlərinin quraşdırılması zamanı hansı tövsiyələri verərdiniz?

– Elektrik və santexnik sistemləri tikintinin ən məsuliyyətli sahələrindən biridir. Xüsusilə elektrik işlərində edilən kiçik bir səhv belə ciddi fəsadlara səbəb ola bilər.

Bu baxımdan ilk tövsiyəm odur ki, insanlar bu işləri mütləq peşəkar mütəxəssislərə həvalə etsinlər. Çünki qısaqapanma və digər texniki nasazlıqlar nəticəsində baş verən yanğınların böyük hissəsi düzgün qurulmayan elektrik sistemlərindən qaynaqlanır.

İkinci vacib məqam isə keyfiyyətli materiallardan istifadə edilməsidir. Elektrik sistemlərində istifadə olunan kabel, avadanlıq və digər materialların keyfiyyəti təhlükəsizliyin əsas təminatçılarından biridir. Buna görə də həm peşəkar xidmətə, həm də keyfiyyətli material seçiminə xüsusi diqqət yetirilməlidir.

 Müasir binalarda tətbiq olunan elektrik sistemləri ilə əvvəlki illərin sistemləri arasında hansı fərqlər var?

– Texnologiya inkişaf etdikcə elektrik sistemləri də müasirləşir və daha funksional xarakter alır. Əvvəlki illərdə yaşayış evlərində və binalarda daha sadə elektrik qurğularından istifadə olunurdu. Bir otaqda bir açar və bir neçə rozetka kifayət hesab edilirdi.

Bu gün isə vəziyyət tamamilə fərqlidir. Müasir mənzillərdə və obyektlərdə ağıllı ev sistemləri, keçid açarları (vavien sistemləri), gizli işıqlandırmalar, spot lampalar, internet və təhlükəsizlik sistemləri geniş tətbiq olunur.

Bir neçə il əvvəl ölkəmizdə geniş yayılmayan bu texnologiyalar artıq müasir tikintinin ayrılmaz hissəsinə çevrilib. Bu da həm rahatlığı artırır, həm də enerji idarəetməsini daha səmərəli edir.

Şirkətinizi digər texniki xidmət göstərən müəssisələrdən fərqləndirən əsas üstünlüklər hansılardır?

– Şirkətimizin əsas üstünlüyü gördüyümüz işlərin keyfiyyətinə tam məsuliyyət daşımağımızdır. Biz elektrik, santexnik, qaz və digər texniki xidmət sahələrində peşəkar yanaşma nümayiş etdirməklə yanaşı, müştərilərimizlə uzunmüddətli əməkdaşlığa üstünlük veririk.

Bir çox şirkətlər xidmətlərinə müəyyən müddətli zəmanət təqdim edir. Biz isə bununla kifayətlənmirik. Müştərilərimizə əlaqə vasitələrimizi təqdim edir və gördüyümüz işlərlə bağlı hər hansı problem yarandıqda vaxt məhdudiyyəti qoymadan dəstək göstəririk.

İstər bir il, istər üç il, istərsə də beş il sonra belə, görülən işlə bağlı hər hansı nasazlıq yaranarsa, müraciətlərə operativ şəkildə baxır və problemin aradan qaldırılması üçün lazımi tədbirləri həyata keçiririk. Bizim üçün əsas prioritet müştəri məmnuniyyəti və etibarlı xidmət göstərməkdir.

Müsahibəni hazırladı: Səid Mikayılzadə
Mənbə: Gundelik.az
Müsahib: Anar Bababəyli – “Tofiqoglu Company” şirkətinin təsisçisi və direktoru