Tramp administrasiyası İkinci Dünya Müharibəsindəki “Demokratiyanın arsenalı” ruhunu yenidən canlandırmaq üçün hərəkətə keçib. ABŞ Müdafiə Nazirliyi – Pentagon – sursat ehtiyatlarını artırmaq məqsədilə avtomobil nəhənglərinin istehsal gücünü hərbi sahəyə yönəltməyi planlaşdırır.
Qlobal münaqişələrin təsiri ilə sürətlə azalan sursat ehtiyatlarını doldurmaq üçün ABŞ mülki ağır sənayeyə üz tutur. Tramp rəhbərliyi, amerikalı avtomobil istehsalçıları və iri sənaye şirkətlərinin silah istehsalında kritik rol oynamasını istəyir.
The Wall Street Journal qəzetinin məlumatına görə, yüksək vəzifəli müdafiə rəsmiləri General Motors (GM) CEO-su Mary Barra və Ford Motor Company CEO-su Jim Farley ilə görüşüblər. Müzakirələrin əsas mövzusu avtomobil istehsal xətlərinin nə qədər tez silah və hərbi avadanlıq istehsalına uyğunlaşdırıla biləcəyi olub.
Ehtiyatlar təhlükə siqnalı verir
Pentaqonun bu addımı seçimdən çox zərurətdən irəli gəlir. Ukrayna və İran müharibələri ABŞ-ın sursat ehtiyatlarını ciddi şəkildə azaldıb. Müdafiə rəsmiləri ənənəvi hərbi sənaye şirkətlərinin tələbi qarşılaya bilmədiyi şəraitdə mülki istehsalçıların “logistik təhlükəsizlik yastığı” olub-olmayacağını araşdırır.
Bu prosesə həmçinin GE Aerospace və ağır texnika istehsalçısı Oshkosh Corporation kimi şirkətlərin də cəlb olunduğu bildirilir.
“Müharibə rejimi” strategiyası
Pentaqon rəsmilərinin açıqlamaları göstərir ki, bu addım müvəqqəti deyil. Məqsəd ABŞ ordusunun üstünlüyünü qorumaq üçün bütün kommersiya texnologiyalarını səfərbər etməkdir. Bu yanaşma Müdafiə naziri Pete Hegseth tərəfindən tez-tez vurğulanan “müharibə rejiminə keçid” strategiyasının konkret nümunəsi sayılır.
Pentaqon xüsusilə raket sistemləri və dron əleyhinə texnologiyalar kimi sahələrdə istehsalı mülki tərəfdaşlarla çox sürətlə artırmağı hədəfləyir.
Bürokratik maneələr aradan qaldırılır
Müdafiə rəsmiləri şirkətlərdən yalnız istehsal etməyi deyil, həm də bu prosesə mane olan bütün bürokratik çətinlikləri müəyyənləşdirməyi istəyiblər. İhale prosedurlarından müqavilə şərtlərinə qədər hər cür əngəlin aradan qaldırılması planlaşdırılır.
Mənbə: Haber Global
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

