Gün ərzində işlərin çoxluğu və diqqəti yayındıran amillər səbəbindən arxa planda qalan düşüncələr gecə ətraf sakitləşdikdə daha qabarıq hiss olunur. Mütəxəssis psixoloq Beste Çokaygilin sözlərinə görə, bu, problemlərin gecələr böyüməsi ilə bağlı deyil. Səbəb beynin diqqətini başqa istiqamətə yönəldən stimulların azalmasıdır. Yəni gecə insanın zehnini məşğul edən düşüncələr əslində yeni deyil, sadəcə sakit mühitdə daha aydın hiss olunur.
Mütəxəssis psixoloq Beste Çokaygil gecə saatlarında beynin daha çox işlədiyi hissinin təbii olduğunu bildirib:
“Gün ərzində iş, telefon, sosial media və gündəlik məsuliyyətlər diqqətimizi daim xarici dünyada saxlayır. Gecə isə bu stimullar azalanda zehnimiz iç dünyaya yönəlir. Buna görə də gecə ortaya çıxan düşüncələr çox vaxt yeni olmur. Sadəcə gün ərzində fərq etmədiyimiz düşüncələri sakitlik içində daha aydın hiss edirik.”
Mütəxəssisdən diqqətçəkən xəbərdarlıq
Çokaygil günün sonunda yalnız bədənin deyil, zehnin də yorulduğunu vurğulayıb. Onun sözlərinə görə, yorğun zehn emosiyaları tənzimləməkdə və hadisələrə müəyyən məsafədən yanaşmaqda daha çox çətinlik çəkir.
Gündüz həll edilə bilən kimi görünən bir məsələ gecə daha mürəkkəb və ümidsiz təsir bağışlayır. Buna görə də xüsusilə gecə saatlarında mühüm qərarlar verməmək və məsələyə səhər yenidən baxmaq daha doğru olur.
“İnsan həllə yaxınlaşdığını düşünsə də, çox vaxt eyni narahatlığın ətrafında düşünməyə davam edir”
Çokaygil gecə zehni məşğul edən düşüncələrin böyük hissəsinin keçmişdən daha çox gələcəklə bağlı narahatlıqlardan qaynaqlandığını bildirib.
Onun sözlərinə görə, qeyri-müəyyənlik qarşısında beyin çıxış yolu tapmağa çalışır. Lakin gecə yataqda olarkən bir çox problemi dərhal həll etmək mümkün olmadığı üçün düşünmək müəyyən müddətdən sonra eyni fikirlərin təkrarlanmasına çevrilir. Psixologiyada bu vəziyyət “ruminasiya”, yəni eyni düşüncələri təkrar-təkrar beynində çevirmək kimi izah olunur.
İnsan həll yoluna yaxınlaşdığını düşünsə də, əslində çox vaxt eyni narahatlığın ətrafında düşünməyə davam edir.
“Ağlınızdakıları qeyd edin”
Çokaygil gecələr artan düşüncələrlə mübarizə aparmaq üçün bəzi sadə vərdişlərin faydalı ola biləcəyini qeyd edib.
Mütəxəssis ağla gələn məsələləri qısa şəkildə qeyd etməyi, özünə “Bunu sabah düşünəcəyəm” deyərək zehni müəyyən qədər məhdudlaşdırmağı, yatmazdan əvvəl ekran qarşısında keçirilən vaxtı azaltmağı və müntəzəm yuxu rejimi yaratmağı tövsiyə edib.
Onun sözlərinə görə, bu vərdişlər zehnin sakitləşməsinə kömək edir. Lakin uzun müddət gecələr güclü narahatlıq, düşüncələri dayandıra bilməmək və ya yuxu problemləri yaşanırsa, mütləq peşəkar dəstəyə müraciət etmək lazımdır.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

