ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci mediada tələbələr arasında baş vermiş hadisə ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Kollecdən Gundelik.az-a verilən açıqlamada qeyd olunub ki, 15 oktyabr 2026-cı il tarixində bir sıra xəbər saytlarında və sosial media platformalarında yayılan məlumatlarda hadisənin nəticələri və sonrakı hüquqi proseslərlə bağlı həqiqətə uyğun olmayan məqamlara yer verilib.
Bildirilib ki, hadisə 2026-cı ilin may ayında iki tələbə arasında yaranmış mübahisə və yumruq zərbəsi nəticəsində baş verib. Hadisədən sonra kollecin rəhbərliyi tərəfindən araşdırma aparılıb, tələbələrdən və məlumatlı şəxslərdən izahatlar alınıb.
Kollecdən vurğulanıb ki, tələbələrdən birinin komaya düşməsi barədə yayılan məlumat müəssisəyə məlum olan faktlarla uzlaşmır. Açıqlamaya görə, xəsarət alan tələbə xəstəxanada bir neçə gün həkim nəzarətində saxlanıldıqdan sonra evə buraxılıb, 2026-cı ilin oktyabr ayında isə həqiqi hərbi xidmətə yola salınıb.
Hadisənin digər iştirakçısının kolleclə bağlı hazırkı vəziyyətinə də aydınlıq gətirilib. Qeyd olunub ki, həmin tələbənin ötən tədris ilində, son kursda oxumasına baxmayaraq, bir neçə fəndən akademik borcu yaranıb. Cari semestrdə bu borcları ləğv etmək üçün müvafiq fənləri təkrar dinləmək məqsədilə müəyyən edilmiş müddətdə qeydiyyatdan keçmədiyinə görə, kollecin müvafiq əmrinə əsasən tələbələr sırasından xaric ediləcək.
Məhkəmə prosesi ilə bağlı açıqlamada bildirilib ki, əldə edilən məlumata əsasən, tələbəyə təyin olunmuş cəzanın şərti tətbiqi barədə qərar verilib. Bununla belə, məhkəmə qərarının rəsmi surəti kollecə daxil olmadığından cəzanın növü və şərtləri barədə dəqiq məlumatın məhkəmə sənədinə əsasən təqdim edilməsi zəruri hesab olunur.
Kollec hesab edir ki, hadisədən beş ay sonra məlumatların dəqiqliyi və ilkin mənbələrlə uyğunluğu yoxlanılmadan yayılması hadisənin mahiyyətinin təhrif olunmasına, ictimaiyyətdə yanlış təsəvvürlərin yaranmasına, təhsil müəssisəsinin nüfuzuna, eləcə də hadisədə iştirak etmiş şəxslərin hüquq və qanuni mənafelərinə xələl gəlməsinə səbəb ola bilər.
Açıqlamada mediada və sosial şəbəkələrdə yayılan, qeyd olunan faktlarla uzlaşmayan məlumatlara etiraz edilib. Media subyektləri informasiya yayarkən dəqiqlik, obyektivlik və məsuliyyət prinsiplərinə riayət etməyə çağırılıb.
Kollec media qurumlarından rəsmi açıqlamanın əvvəlki materiallara münasibətdə nəzərə alınmasını, həqiqətə uyğun olmayan məlumatların müvafiq qaydada düzəldilməsini və açıqlama mətninin ictimaiyyətə çatdırılmasını xahiş edib.
Sonda bildirilib ki, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci öz nüfuzunu və qanuni maraqlarını qorumaq məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hüquq və vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır.
Gundelik.az
