Gundelik.az Dünya Pakistanda silahlı hücum: 26 nəfər həlak olub
Dünya Hadisə Xəbərlər

Pakistanda silahlı hücum: 26 nəfər həlak olub

Pakistanın şimalında yerləşən yoxlama məntəqəsinə silahlı basqın zamanı azı 26 nəfər həyatını itirib. Ölənlərdən 11-i polis əməkdaşı, 15-i isə yaraqlıdır.

Gundelik.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Hadisə iyulun 29-da sərhədyanı Xayber-Paxtunxva əyalətinin Hangu bölgəsində qeydə alınıb. Rayon polis idarəsinin rəisi Tariq Həbib “Geo News” kanalına açıqlamasında daha 22 hüquq-mühafizə orqanı əməkdaşının xəsarət aldığını vurğulayıb. Hələlik heç bir silahlı qruplaşma bu hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Agentliyinin məlumatına görə, bu, son günlər ərzində bölgədə baş vermiş ikinci irimiqyaslı silahlı hücumdur. Ötən həftənin cümə günü yaraqlılar partlayıcı maddələrlə doldurulmuş avtomobili Tank rayonunda yerləşən postlardan birinə çırpıblar. Həmin vaxt baş vermiş insidentdə 15 nəfər dünyasını dəyişib, 12 hücumçu isə zərərsizləşdirilib.

Bildirilir ki, “Təhrik-i-Taliban Pakistan” qruplaşmasının fəaliyyəti səbəbindən Xayber-Paxtunxva əyalətində vəziyyət gərgin olaraq qalmaqdadır. Rəsmi İslamabad terror hücumlarının artmasını Əfqanıstan ərazisindən gələn yaraqlıların fəaliyyəti ilə əlaqələndirsə də, Kabil bu iddiaları qəti şəkildə təkzib edir.

Exit mobile version