Son zamanlarda intihar hadisələrinin sayı çoxalıb. Həmin faktlarla əlaqədar Prokurorluq orqanlarında işi açılaraq, araşdırmalar aparılıb.
Öz həyatına qəsd hadisələri ilə bağlı Cinayət Məcəlləsinin hansı maddəsi ilə cinayət işi açılır və həmin maddə ilə nə kimi cəza nəzərdə tutulur?
Bildirirəm ki, intihar hadisələri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi qeyd etdiyimiz cinayəti, yəni özünü öldürmə həddinə çatdırmaya cinayətini və cəzanı müəəyən edir.
Cinayət Məcəlləsinin “125-ci maddəsinə əsasən, şəxsin özünü öldürməsi və ya özünü öldürməyə cəhd etməsinin özünü öldürmə həddinə çatdırma cinayəti hesab olunması üçün bəzi nüanslar var. Belə ki, maddədə göstərilir ki, zərərçəkmişin özünü öldürməsinə və ya özünü öldürməsinə cəhd etməsinə təqsirkar şəxsin ondan maddi, xidməti və ya sair cəhətdən asılı olan zərərçəkmiş şəxslə amansız rəftarı səbəb ola bilər. Buraya intihar edən şəxsin döyülməsi, işgəncə verilməsi, ac, susuz, paltarsız qalması, gücü çatmayan fiziki işlərə məcbur edilməsi və s. aiddir. Bundan əlavə, onun ləyaqətinin mütəmadi olaraq alçaldılması, yəni təhqir edilməsi, söyülməsi, məsxərəyə qoyulması, haqqında rüsvayedici məlumatlar yayılması, böhtan atılması da cinayət işi üçün səbəb ola bilir. Həmçinin hədə-qorxu, yəni maddi və sair yardımdan məhrum etməklə, işdən çıxarmaqla, yaşayış sahəsindən qovmaqla, barəsində rüsvayedici məlumatlar yaymaqla hədələmə də şəxsin intiharına səbəb ola bilər. Bu hallarda Cinayət Məcəlləsinin 125-ci maddə ilə cinayət işi açılır.
Hazırkı Cinayət Məcəlləsinə görə, intiharla bağlı cinayət məsuliyyətinə cəlbetmə üçün zərərçəkmiş şəxs qismində yalnız təqsirkardan maddi, xidməti və sair cəhətdən asılı şəxs çıxış edə bilər. Yəni, iki eyni statuslu adam arasında amansız rəftar, ləyaqətin mütəmadi olaraq alçaldılması, hədə-qorxu və s. ilə şəxsi özünü öldürmə həddinə çatdırma halı baş versə, bu, məsuliyyətə səbəb olmayacaq. Bu halda maddənin dispozisiyasının yumşaldılması əsas şərtlərdəndir. Məsələn, istənilən müəssisədə rəhbər şəxslə əməkdaş arasında olan insident nəticəsində baş vermiş intihar hadisəsi Cinayət Məcəlləsinin 125-ci maddəsinin tərkibini yaratsa da, iki eyni statuslu əməkdaş arasında yaşanmış oxşar hal özünü öldürməyə çatdırılma kimi qiymətləndirilmir.
Özünü öldürmə həddinə çatdırma cinayəti obyektiv cəhətdən təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırmada ifadə olunur.
Özünü öldürmə həddinə çatdırma cinayətinin subyektiv cəhətdən dolayı qəsdlə törədilə bilməsi mübahisə doğurmur. Yəni, özünü öldürmə həddinə çatdıran təqsirkar öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdir.
Bəzi elmi şərhlərə görə, özünü öldürmə həddinə çatdırma cinayəti birbaşa qəsdlə törədilə bilməz. Məsələn, F.Səməndərovun redaktəsi ilə dərc olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Kommentariyası”nda bu cinayətin yalnız dolayı qəsdlə və ya ehtiyatsızlıqdan törədilməsi, birbaşa qəsdlə törədildiyi halda qəsdən adam öldürməyə (Cinayət Məcəlləsinin 120-ci maddəsi) görə cinayət məsuliyyətinə səbəb olduğu şərh olunmuşdur.
Respublikamızın məhkəmə təcrübəsindən görünür ki, özünü öldürmə həddinə çatdırma cinayət işləri üzrə cinayət əməlləri qəsdən törədilən cinayət kimi qiymətləndirilmiş və birbaşa qəsdlə törədildikdə də (məsələn, təqsirkarın zərərçəkmiş şəxsi müəyyən qısa vaxt ərzində özünü öldürməsə onda olan şəxsi həyatına dair video materialı yaxın qohumuna göndərəcəyi ilə hədələməsi (həmin videonu gördükdən sonra onsuzda yaxın qohumunun onu öldürəcəyini bildirməklə) və zərərçəkmiş şəxsin özünü öldürməsi) Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə tövsif edilmişdir.
Kazus olaraq zərərçəkmiş şəxsin özünü dərhal hündürlükdən ataraq öldürməyəcəyi halda əlindəki silahla atəş açaraq öldürəcəyi ilə hədələyən təqsirkarın əməlinin özünü öldürmə həddinə çatdırma və ya qəsdən adam öldürmə (və ya cəhd) cinayəti olaraq tövsif edilmasində fikir ayrılıqları vardır.
Qeyd olunan məsələ ilə əlaqədar xarici ölkələrin qanunvericilik təcrübəsi təhlil edilmiş və müəyyən edilmişdir ki, Rusiya, Qazaxıstan, Ukrayna, Belarus, Latviya, Moldova, Türkmənistan, Özbəkistan, Tacikistan və Qırğızıstan kimi MDB dövlətlərinin cinayət qanunvericiliklərində özünü öldürmə həddinə çatdırma əməlinin müxtəlif tərkibləri müəyyən edilmişdir. Rusiya Federasiyasının 07.07.2017-ci il tarixli 120-FZ No-li Federal Qanunu ilə Cinayət Məcəlləsinə intihara təhrik və ya kömək etmə aməllərinə görə cinayət məsuliyyətini müəyyən edən 110-1-ci, intihara təhrik etməyə yönəlmiş fəaliyyətin təşkil edilməsinə görə cinayət məsuliyyətini müəyyən edən 110-2-ci maddələr əlavə edilmişdir. Belarus Respublikasının Cinayət Məcəlləsinə həm özünü öldürmə həddinə çatdırma (maddə 145), həm də intihara təhrik etmə (maddə 146) əməlinə görə məsuliyyət müəyyən edən iki maddə daxil edilmişdir.
Qırğızıstan Respublikasının Cinayət Məcəlləsi də həm özünü öldürmə həddinə çatdırma (maddə 136), həm də intihara təhrik etmə (maddə 137) əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Burada əməlin ehtiyatsızlıqdan və ya qəsdən törədilməsi fərqləndirilməklə, əməl ehtiyyatsızlıqdan törədildikda Cinayət Məcəlləsinin 136-cı maddəsinin 1-ci, qəsdən törədildikdə isə 3-cü hissəsi ilə tövsif edilir. Cinayət Məcəlləsinin 137-ci maddəsində “intihara təhrik etmə, yəni digər şəxsdə özünü öldürmək qətiyyətini oyatmaq, əgər bu zərərçəkmiş şəxs tərəfindən özünü öldürmə və ya özünü öldürməyə cəhdlə nəticələnmişdirsə” əməlinə görə cinayətməsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddənin dispozisiyasında bu əməlin törədilmə üsulları da öz əksini tapmışdır: “ələ alma, aldatma və ya digər üsulla”.
“Özünü öldürmə həddinə çatdırma cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Özbəkistan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 sentyabr 1998-ci il tarixli qərarının 6-cı bəndinə əsasən özünü öldürmə həddinə çatdırma cinayəti subyektiv tərəfi nəticələrə münasibətdə dolayı qəsd və ehtiyatsızlıqla, intihara sövq etmədə isə qəsdlə ifadə olunur.
İntihar etməyə kömək və ya intihara təhrik etməyə görə cinayat məsuliyyəti, əgər bu əməllər özünü öldürmə və ya özünü öldürməyə cəhdlə nəticələnmişlərsə, digər ölkələrin də cinayət qanunvericiliyində öz əksini tapmışdır. Misal üçün, Avstriyanın CM-də intihara meyilləndirməyə və zərərçəkənə bunda köməklik göstərilməsinə görə, Litva Respublikasının Cinayət Məcəlləsinin 113-cü maddəsində “özünü öldürmə həddinə çatdırma və ya buna təhrik etməyə görə, Bolqarıstan Respublikası Cinayət Məcəlləsinin 127-ci maddəsində intihar etməyə kömək və ya intihara təhrik etməyə görə, Polşa Respublikasının Cinayət Məcəlləsinin 151-ci maddəsində razılığa gətirmə və ya kömək etmə yolu ilə zərərçəkmiş şəxsi özünü öldürmə həddinə çatdırma əməlinə görə, Niderland Cinayət Məcəlləsinin 294-cü maddəsində özünü öldürməyə təhrik etməyə, kömək etməyə və ya zərərçəkmiş şəxsi intihar etmək üçün lazımi vasitələrlə təmin etməyə görə, əgər bu əməllər intihara səbəb olduqda, Norveç Cinayat Məcəlləsinin 236-ci maddəsində özünü öldürməyə təhrik etməyə görə, Yaponiya Cinayət Məcəlləsinin 202-ci maddəsində zərərçəkmiş şəxsi özünü öldürməyə hazırlamağa, özünü öldürməyə kömək etməyə və ya zərərçəkmiş şəxsin razılığı və ya təkidi ilə adam öldürməyə görə, Türkiyənin Cəza Qanunun 84-cü maddəsində özünü öldürməyə təhrik etməyə və ya kömək etməyə görə cinayət mǝsuliyyəti nəzərdə tutulmuşdur. Avstriya Respublikasının Cinayət Məcəlləsinin 78-ci (özünü öldürməyə təhrik etmə) və İsveçrə Cinayət Məcəlləsinin 115-ci (tamah məqsədi ilə özünü öldürməyə təhrik etmə və ya kömək etmə) maddələrində isə özünü öldürməyə təhrik etmə özünü öldürmə həddinə çatdırmanın bir üsulu kimi müəyyən edilmişdir.
İspaniya Krallığının Cinayət Məcəlləsində özünü öldürmə həddinə çatdırmağa görə məsuliyyət müəyyən edən ayrıca maddə nəzərdə tutulmamış, özünü öldürmə həddinə çatdırma va ya özünü öldürməyə kömək etmə əməlləri adam öldürmə cinayətinin növləri qismində “Adam öldürmə və onun növləri” adlı 143-cü maddənin 1-ci hissəsində öz əksini tapmışdır.
Göründüyü kimi, bir çox xarici dövlətlərin cinayət məcəllələrində, həm özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma, həm də özünü öldürməyə təhrik və ya köməketmə əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutan maddələr mövcuddur.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinə əsasən əsasən, təqsirkar üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Elmar İbrahimov
Hüquqşunas
Gundelik.az
