Gundelik.az Mədəniyyət və cəmiyyət Özgüvən təriflə deyil, təcrübə ilə formalaşır
Mədəniyyət və cəmiyyət Xəbərlər

Özgüvən təriflə deyil, təcrübə ilə formalaşır

Valideynlər uşaqlarını həvəsləndirmək üçün tez-tez “Nə qədər ağıllısan!”, “Möhtəşəmsən!”, “Sən ən yaxşısan!” kimi təriflərdən istifadə edirlər. Lakin mütəxəssislər bildirirlər ki, həddindən artıq və məzmunsuz tərif uşağın özünəinamını artırmaq əvəzinə onda narahatlıq və xarici təsdiqə ehtiyac yaradır.

TRT Uşaq kanalının uşaq inkişafı üzrə mütəxəssisi Ayşegül Koçali qeyd edir ki, yerində və ölçülü verilən tərif motivasiyaedici olsa da, davamlı və şişirdilmiş təriflər zamanla dəyərini itirir. Belə hallarda uşaq “Nə etsəm də məni tərifləyəcəklər” düşüncəsinə qapılır və daxili motivasiyasını itirərək daim başqalarının təsdiqini gözləyən bir xarakter formalaşdırır.

Həqiqi özünəinam təcrübə ilə yaranır

Mütəxəssisin sözlərinə görə, uşağın sağlam özünəinamı yalnız öz səyi ilə uğur qazanması, məsuliyyət götürməsi və səhvlərindən nəticə çıxarması sayəsində inkişaf edir. “Edərək və yaşayaraq öyrənmək” uşaqlar üçün ən təsirli öyrənmə üsuludur. Kiçik uğurlar əldə edən uşaq “Mən bunu bacardım” hissini yaşayır və bu, istənilən tərifdən daha güclü təsir göstərir.

“Nə qədər ağıllısan!” demək həmişə doğru deyil

Ayşegül Koçali bildirir ki, uşağın doğuşdan malik olduğu xüsusiyyətləri – məsələn, zəkasını və ya istedadını – davamlı şəkildə tərifləmək onda narahatlıq yaradır. Uşaq zamanla “Bəlkə də əslində o qədər ağıllı deyiləm?” və ya “Bir dəfə uğursuz olsam, hamı məndən məyus olacaq” qorxusu yaşayır.

Bu səbəbdən mütəxəssis “Nə qədər ağıllısan!” əvəzinə “Çox gözəl fikir irəli sürdün”, “Bu iş üçün çox çalışdın” kimi zəhməti və prosesi qiymətləndirən ifadələrdən istifadə etməyi tövsiyə edir.

Səhvdən qorxmayan uşaq daha güclü olur

Mütəxəssis vurğulayır ki, səhvlər öyrənmə prosesinin ayrılmaz hissəsidir. Səhv etdiyinə görə tənqid olunmaqdan və ya alçaldılmaqdan qorxmayan uşaq problemlərə həll yolu axtarır və yenidən cəhd etməkdən çəkinmir. Valideynlərin həddindən artıq qoruyucu davranmaq əvəzinə istiqamət göstərməsi uşağın məsuliyyət hissini və özünəinamını gücləndirir.

Bundan əlavə, yalnız nəticəni deyil, göstərilən səyi də qiymətləndirmək vacibdir. Məsələn, “Bu iş üçün çox əziyyət çəkdin”, “Çətinliklərə baxmayaraq, həll yolu tapmağa çalışdın” kimi ifadələr uşağın əzmkarlığını və yenidən cəhd etmək istəyini artırır.

Həddindən artıq tərif narsisizm riskini artırır

Ayşegül Koçalinin sözlərinə görə, sağlam özünəinam insanın özünə hörmət və inam hissi ilə bağlıdır. Narsisizm isə özünü həddindən artıq üstün görmək və başqalarını kiçiltmək kimi mənfi xüsusiyyətlərlə xarakterizə olunur.

Mütəxəssis xəbərdarlıq edir ki, uşağa davamlı olaraq “Sən hamıdan yaxşısan”, “Sən mükəmməlsən” mesajı vermək onun özünü digərlərindən üstün hesab etməsinə, başqalarının hüquq və hisslərinə qarşı laqeyd yanaşmasına səbəb olur.

Mütəxəssislərin əsas tövsiyəsi: Uşaqları nəticəyə görə deyil, göstərdikləri səyə, əzmə və öyrənmə prosesinə görə qiymətləndirmək onların sağlam özünəinam formalaşdırmasına kömək edir. Həqiqi özünəinam təriflə deyil, əldə olunan təcrübə və qazanılan bacarıqlarla inkişaf edir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version