Avqustun 1-dən Bakı–Balakən–Bakı qatarlarının hərəkəti müvəqqəti dayandırılır.
Gundelik.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Qax, Zaqatala və Balakən rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Məlumata görə, təhlükəsizlik məqsədilə iyulun 31-dək Bakı–Balakən qatarları yalnız Qax stansiyasına qədər hərəkət edəcək, Balakən–Bakı qatarları isə Qax stansiyasından yola düşəcək.
Qeyd olunub ki, yolun tam bərpası və qatarların təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə avqustun 1-dən etibarən Bakı–Balakən–Bakı reysləri müvəqqəti dayandırılacaq.
Bu marşrut üzrə avqustun 1–13-də səfər üçün bilet alan sərnişinlərə biletlərin dəyəri tam həcmdə geri qaytarılacaq.
ADY bildirib ki, məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

