Yay aylarında sərinləmək üçün seçilən soyuq qəhvələr, hazır smuzilər və ətirli içkilər göründüyü qədər zərərsiz olmur. Bu məhsullardakı gizli şəkər qan şəkərinin sürətlə yüksəlib-enməsinə, tez acmağa və gün ərzində halsızlığa səbəb olur. Mütəxəssislər bildirirlər ki, isti havalarda enerjini qorumağın əsas yolu kifayət qədər su içmək və balanslı qidalanmaqdır.
Havanın isinməsi ilə ağır yeməklərin yerini meyvələr, soyuq içkilər və daha yüngül qidalar tutur. Lakin sərinləşdirici hesab edilən bəzi məhsulların tərkibindəki yüksək miqdarda əlavə şəkər qidalanma balansını pozur. Yay boyunca edilən kiçik qidalanma səhvləri halsızlıq, qəfil aclıq hissi və həzm problemləri ilə nəticələnir.
Zərərsiz görünən yay içkiləri gizli şəkər mənbəyidir
Qidalanma və Dietologiya üzrə mütəxəssis Uzm. Dyt. Gamze Akbaş İşbilir bildirir ki, buzlu qəhvələr, ətirli içkilər, hazır limonadlar, frozen içkilər və paketlənmiş smuzilər yüksək miqdarda əlavə şəkər ehtiva edir.
Gün ərzində fərqinə varmadan qəbul edilən bu içkilər qan şəkərində kəskin dəyişikliklər yaradaraq qısa müddət sonra yenidən aclıq hissi yaradır.
Mütəxəssis susuzluğu aradan qaldırmaq üçün ilk seçimin su olmasını tövsiyə edir. Bundan əlavə, şəkərsiz ayran, sadə mineral su və evdə hazırlanmış şəkərsiz soyuq bitki çayları da sağlam alternativlər hesab olunur.
Yay meyvələrini düzgün birləşdirin
Qarpız, yemiş, əncir, şaftalı və gilas vitamin, antioksidant və polifenollarla zəngindir. Lakin tərkiblərindəki fruktoza görə onların porsiyasına diqqət yetirmək vacibdir.
Meyvələri təkbaşına çox miqdarda yemək əvəzinə, badam, qoz, balqabaq tumu və ya şəkərsiz ev yoqurtu ilə birlikdə qəbul etmək qan şəkərinin daha sabit qalmasına və toxluq hissinin uzun sürməsinə kömək edir.
Ağır yeməklərdən uzaq durun
İsti havalarda yağlı və qızardılmış yeməklər həzmi çətinləşdirə və yorğunluğu artırır. Bunun əvəzinə aşağıdakı qidalar tövsiyə olunur:
Mövsümi tərəvəzlər;
Zeytun yağlı yeməklər;
Yoqurt və kefir kimi fermentləşdirilmiş süd məhsulları;
Qril üsulu ilə hazırlanmış balıq və ya toyuq;
Paxlalılar;
Tam taxıllı məhsullar.
Antioksidantlarla zəngin qidalar seçin
Pomidor, qırmızı bibər, qaragilə, böyürtkən, albalı, gilas, yaşıl yarpaqlı tərəvəzlər və digər rəngarəng mövsüm məhsulları vitamin, mineral və fitokimyəvi maddələrin qəbulunu artırmağa kömək edir.
Mütəxəssisin sözlərinə görə, yay qidalanmasının məqsədi yalnız çəkiyə nəzarət etmək deyil. Kifayət qədər maye qəbul etmək, balanslı qidalanmaq, meyvə və tərəvəzləri düzgün porsiyada yemək, həmçinin şəkərli və ultra emal olunmuş məhsulları məhdudlaşdırmaq ümumi sağlamlıq üçün vacibdir.
Yayda ən çox edilən 6 qidalanma səhvi
Yemək əvəzinə yalnız meyvə ilə qidalanmaq;
Su yerinə şəkərli və ətirli içkilər içmək;
Gün ərzində ac qalaraq axşam bir dəfəyə həddindən artıq yemək;
Dondurma, frozen içkilər və soyuq qəhvələri tez-tez qəbul etmək;
Günəş altında uzun müddət qalmasına baxmayaraq kifayət qədər su içməmək;
Tətildə tərəvəz istehlakını azaldıb fast-food qidalarına üstünlük vermək.
Bu vərdişlər qısa müddətdə halsızlıq, həzm pozğunluğu və enerji azalmasına, uzun müddətdə isə sağlam qidalanma rejiminin pozulmasına səbəb olur.
Əsas məqsəd qadağalar deyil, balansdır
Mütəxəssislər vurğulayırlar ki, yay aylarında sevilən qidalardan tamamilə imtina etmək əvəzinə porsiyaya nəzarət etmək, kifayət qədər su içmək və qidalanmada tarazlığı qorumaq daha sağlam və davamlı yanaşmadır.
Uzm. Dyt. Gamze Akbaş İşbilir qeyd edir ki, sağlam yay qidalanması qadağalar siyahısı deyil, orqanizmin isti havalarda artan ehtiyaclarını düzgün qarşılayan, fərdi xüsusiyyətlərə uyğun və davamlı qidalanma planıdır.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

