Elmi araşdırma göstərir ki, kitab oxumaq, yazı yazmaq, yeni dillər öyrənmək və digər zehni fəaliyyətlərlə məşğul olmaq demensiya riskini 38 faiz azaldır. Tədqiqatın nəticələrinə görə, bu vərdişlər dünya üzrə milyonlarla insanda xəstəliyin qarşısının alınmasına və ya onun başlanmasının gecikdirilməsinə kömək edir.
Demensiya dünyada ən ciddi sağlamlıq problemlərindən biri hesab olunur. Proqnozlara əsasən, 2050-ci ilədək demensiyadan əziyyət çəkən insanların sayı üç dəfə artaraq 150 milyonu ötəcək. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu artım gələcəkdə səhiyyə və sosial qayğı sistemləri üzərində ciddi yük yaradacaq.
Zehni fəaliyyətlər idrak sağlamlığını qoruyur
ABŞ-ın Çikaqo şəhərində yerləşən Rush Universiteti Tibb Mərkəzinin tədqiqatçısı Andrea Zammit bildirib ki, yaşlı dövrdə idrak sağlamlığı insanın həyat boyu məruz qaldığı intellektual fəaliyyətlərdən əhəmiyyətli dərəcədə asılıdır.
Araşdırma çərçivəsində tədqiqatın əvvəlində demensiyası olmayan, orta yaşı 80 olan 1 939 nəfər təxminən səkkiz il ərzində izlənilib.
İştirakçıların həyatının üç mərhələsindəki zehni vərdişləri qiymətləndirilib:
18 yaşdan əvvəl: kitab oxuma tezliyi, evdə qəzet, atlas və digər məlumat mənbələrinin olması, xarici dil təhsili.
Orta yaş dövrü: kitabxana üzvlüyü, muzey ziyarətləri və müxtəlif nəşrlərə abunə.
Yaşlılıq dövrü: kitab oxuma, yazı yazma və müxtəlif oyunlarla məşğul olma tezliyi.
Xəstəliyin başlanğıcı 5 ildən çox gecikir
“Neurology” jurnalında dərc olunan nəticələr göstərib ki, zehni cəhətdən ən aktiv olan 10 faiz iştirakçıda Alzheimer xəstəliyinə tutulma riski ən az aktiv qrupla müqayisədə 38 faiz, yüngül idrak pozuntusu riski isə 36 faiz daha aşağıdır.
Həyat boyu zehni fəaliyyəti yüksək olan şəxslərdə Alzheimer xəstəliyi orta hesabla 94 yaşında, ən aşağı göstəriciyə malik qrupda isə 88 yaşında qeydə alınıb. Bu isə xəstəliyin başlanmasının 5 ildən çox gecikməsi deməkdir.
Yüngül idrak pozuntularında isə bu gecikmə 7 ilə qədər çata bilir.
Alimlər bildirirlər ki, həyat boyu öyrənməyin demensiyanın qarşısını birbaşa aldığına dair qəti sübut olmasa da, zehni fəaliyyətlərlə idrak sağlamlığı arasında çox güclü əlaqə mövcuddur.
Mütəxəssislərin fikrincə, demensiya qocalmanın qaçılmaz nəticəsi deyil. Kitabxanalar, təhsil proqramları və insanların intellektual inkişafını dəstəkləyən mühitlərə çıxışın genişləndirilməsi bu xəstəliyin yayılma tezliyinin azalmasına mühüm töhfə verir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
