Təhsildə nailiyyət göstəricilərinin azalması ilə üzləşən Norveç uşaqların əsas öyrənmə proseslərini qorumaq məqsədilə ibtidai məktəblərdə süni intellekt alətlərinin istifadəsinə demək olar ki, tam qadağa tətbiq etmək qərarına gəlib.
Norveç hökuməti rəqəmsallaşmanın təhsil üzərindəki mənfi təsirlərini azaltmaq üçün daha bir radikal addım atır.
Norveçin Baş naziri Conas Qahr Stor keçirdiyi mətbuat konfransında bildirib ki, süni intellekt alətlərindən istifadə uşaqların təhsildə vacib mərhələləri keçmədən irəliləməsinə və əsas bilikləri lazımi səviyyədə mənimsəməməsinə səbəb olur.
Baş nazir vurğulayıb ki, məktəblərin ən əsas vəzifəsi uşaqlara oxuma, yazma və elementar riyaziyyat bacarıqlarını öyrətməkdir. O, yeni qaydaların avqust ayının sonunda başlayacaq yeni tədris ilindən qüvvəyə minəcəyini açıqlayıb.
Hökumət bundan əvvəl də məktəblərdə akademik göstəriciləri yüksəltmək və sinif daxilində intizamı bərpa etmək məqsədilə smartfon istifadəsini qadağan etmişdi.
Yaş qruplarına görə mərhələli məhdudiyyət
Yeni qaydalara əsasən, 6-13 yaş arasında olan, yəni birinci sinifdən yeddinci sinfə qədər təhsil alan şagirdlər ümumi qayda olaraq süni intellekt alətlərindən istifadə edə bilməyəcəklər.
14-16 yaş aralığındakı şagirdlər isə bu texnologiyalardan yalnız müəllimlərin ciddi nəzarəti altında və məhdud şəkildə istifadə edə biləcəklər.
Hökumət hesab edir ki, süni intellektdən düzgün istifadə etməyi əsasən 17-19 yaşlı lisey şagirdləri öyrənməlidirlər. Məqsəd onların ali təhsilə və əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmalarını təmin etməkdir.
Planşetlərdən kitablara dönüş
Norveçdə siniflərdə kompüter istifadəsi 1990-cı illərdə, planşet istifadəsi isə 2010-cu illərin əvvəllərində geniş yayılmışdı. Bunun nəticəsində ölkə uzun müddət ənənəvi kitab və əl yazısına əsaslanan tədris modellərindən uzaqlaşmışdı.
Lakin süni intellektə qoyulan məhdudiyyətlərlə paralel olaraq hökumət bu rəqəmsallaşma tendensiyasını qismən geri çevirməyi planlaşdırır. Hazırlanan yeni qanun layihəsi məktəblərdə planşet istifadəsini azaltmağı və çap olunmuş dərsliklərin sayını artırmaq üçün xüsusi maliyyə fondu yaratmağı nəzərdə tutur.
Sosial mediaya da məhdudiyyət planı
Norveçin texnologiya istifadəsini məhdudlaşdırmağa yönəlmiş addımları yalnız təhsil sahəsi ilə məhdudlaşmır.
Hökumət daha əvvəl də uşaqların rəqəmsal cihazlar qarşısında keçirdiyi vaxtı azaltmaq məqsədilə 16 yaşdan kiçik şəxslərin sosial media istifadəsinin qadağan olunmasını nəzərdən keçirdiyini açıqlamışdı.
Bu qərar Norveçdə uşaqların təməl bilik və bacarıqlarının möhkəmləndirilməsi, diqqət dağınıqlığının azaldılması və rəqəmsal asılılığın qarşısının alınması istiqamətində atılan ən mühüm addımlardan biri kimi qiymətləndirilir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
