Gundelik.az Dünya Netanyahu: “Livanda atəşkəs olmayacaq” 
Dünya Xəbərlər

Netanyahu: “Livanda atəşkəs olmayacaq” 

İsrailin baş naziri Benyamin Netanyahu, kabinetinə Hizbullahı tərksilah etmək üçün Livanla birbaşa danışıqlara başlamaq barədə göstəriş verdiyini açıqlayıb. Bununla belə, o, Livanda “atəşkəs”in olmadığını da vurğulayaraq, İsrailin “Hizbullaha güc tətbiq edərək zərbələr endirməyə davam edəcəyini” bildirib. Çərşənbə günü, aprelin 8-də Livanda İsrail ordusunun intensivləşdirdiyi hücumlar nəticəsində ölənlərin sayı 300-ü keçib, 1150 nəfər yaralanıb. Beyrut hökuməti danışıqlara başlamazdan əvvəl İsraildən dağıdıcı hava hücumlarını dayandırmağı tələb etmişdi. Lakin İsrail rəsmiləri beynəlxalq təzyiqlərə baxmayaraq, bu tələbi rədd ediblər. Bu açıqlamalardan sonra İsrail Livandakı Hizbullah hədəflərini hədəf alan yeni hücum dalğasına başlayıb. Hizbullah həmçinin İsrailin şimalındakı yaşayış məntəqələrinə raket zərbələri endirdiyini açıqlayıb. Bundan bir qədər əvvəl Livan prezidenti Cozef Aun “yeganə həll yolunun” İsrail və Livan arasında atəşkəs, ardınca isə tərəflər arasında “birbaşa danışıqlar” olduğunu söylədi. Livan və İsrail arasında danışıqların gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılır. İranda iki həftəlik atəşkəs haqqında razılaşmaya baxmayaraq, İsrailin Livana hücumları onun tam şəkildə həyata keçirilməsinə mane olub. ABŞ prezidenti Donald Tramp da aprelin 9-da NBC News-a verdiyi müsahibədə İran və ABŞ arasında danışıqlardan əvvəl Netanyahunun Livana hücumlarını “azaldacağını” deyib. Lakin qısa müddət sonra Netanyahu atəşkəsin Livan üçün keçərli olmadığını və hücumlarını davam etdirəcəklərini açıqladı. Bu bəyanatlar İran prezidenti Məsud Pazeşkianın İsrailin Livana ölümcül hücumlarının atəşkəsi “açıq şəkildə pozduğunu” və onların “əllərinin tətikdə olacağı” xəbərdarlığından sonra verilib. Pezeşkian X-də paylaşdığı mesajda “Belə hərəkətlər aldatma və nifaqdan xəbər verir, danışıqları mənasız edir” deyib. O, həmçinin bəyan edib ki, ölkəsi “Livanlı qardaşlarını heç vaxt tərk etməyəcək”.

 

Mənbə:BBC

Tərtib etdi:Səid Mikayılzadə

 

Gundelik.az

Exit mobile version