Brent neftinin bir barreli beynəlxalq fyuçers bazarlarında 98,40 dollardan satılır.
Dünən 99,80 dollara qədər yüksələn Brent neftinin barreli günü 99,39 dollardan bağlayıb.
Bu gün saat 09:21-ə olan məlumata görə, Brent neftinin fyuçers qiyməti bağlanışa nisbətən təxminən 1% azalaraq 98,40 dollar olub. Eyni vaxtda ABŞ-ın West Texas Intermediate (WTI) markalı xam nefti 93,41 dollardan alıcı tapıb.
Neft qiymətləri ABŞ Prezidenti Donald Trampın İranla razılaşmaya yaxın olunduğuna dair açıqlamalarından sonra tədarükün kəsilməsi ilə bağlı narahatlıqların azalması səbəbilə düşüb.
Tramp dünən jurnalistlərə açıqlamasında İran rəsmiləri ilə həftə sonu yenidən danışıqlara başlanıla biləcəyini bildirib və “İranla razılaşma bağlamağa çox yaxınıq” deyib.
O, Tehranla aparılan təmaslarda irəliləyiş olduğunu qeyd edib və razılaşmanın İranın nüvə silahına sahib olmamasını da əhatə edəcəyini söyləyib.
Bu açıqlamalar İranla bağlı mümkün tədarük kəsilməsi riskini azaltdığı üçün neft qiymətlərini aşağı salıb.
Bununla yanaşı, Trampın İrana yönəlik “təhdid” mesajlarını davam etdirməsi qiymətlərin daha kəskin düşməsinin qarşısını alıb.
“Razılaşma olmazsa müharibə davam edər” deyən Tramp, İranın yeni liderlərinin əvvəlkilərə nisbətən daha fərqli və razılaşmaya daha açıq olduğunu bildirib.
O, İranla atəşkəsin davam edib-etməyəcəyi barədə isə dəqiq fikir bildirməyib: “Uzatmağın lazım olduğuna əmin deyiləm. İran razılaşmaq istəyir, biz də onlarla yaxşı şəkildə danışıqlar aparırıq. Bundan 2 ay əvvəl etmədikləri şeyləri indi etməyə hazırdırlar.”
ABŞ Prezidenti Hörmüz boğazının bloklanması məsələsinə də toxunaraq, boğazın artıq açıldığını və yaxın zamanda ölkələrin bundan istifadə edə biləcəyini deyib.
Tramp, razılaşma əldə olunacağı halda boğazın tamamilə açılacağını və “ucuz neft” əldə ediləcəyini bildirib: “Hər şey yoluna düşəcək və düşünürəm ki, neft qiymətləri əvvəlkindən də aşağı düşəcək.”
Brent neftində texniki olaraq 98,46 dollar müqavimət, 97,83 dollar isə dəstək səviyyəsi kimi izlənilir.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
