İyul 8, 2026
Baku
Dünya Xəbərlər

NASA-nın Ay astronavtları karantindədir — bu, əslində nə deməkdir?

NASA-nın Ay ətrafına dörd astronavtı göndərəcək Artemis II missiyası ilə bağlı həyəcan getdikcə artır. Missiya çərçivəsində astronavtlar Ay ətrafında 10 günlük səyahət edəcəklər.
Bu çox gözlənilən təşəbbüs 1972-ci ildə başa çatan son Apollo missiyasından sonra Ay istiqamətində həyata keçiriləcək ilk pilotlu uçuş olacaq.
Ekipajın dörd üzvü — amerikalılar Viktor Qlover (Victor Glover), Rid Vaysman (Reid Wiseman) və Kristina Kox (Christina Koch), eləcə də kanadalı Ceremi Hansen (Jeremy Hansen) — səfərə fevralın 6-sı kimi tez bir zamanda başlaya bilərlər. Lakin NASA hələlik dəqiq tarix açıqlamayıb.
Astronavtlar əvvəlcə NASA-nın güclü SLS (Space Launch System) raketi ilə orbitə çıxarılacaq, daha sonra səfərlərini Orion kosmik gəmisində davam etdirəcəklər.
Missiyaya hazırlıq çərçivəsində astronavtlar Hyustondakı NASA-nın Conson Kosmik Mərkəzində (Johnson Space Center) iki həftəlik standart karantin müddətinə başlayıblar.
Bu vacib prosedur ekipaj üzvlərinin uçuşdan əvvəlki günlərdə digər insanlarla təmasını məhdudlaşdırır və onların missiyadan əvvəl və ya missiya zamanı xəstələnmə ehtimalını azaldır.
NASA öz saytında bildirib: “Karantinə indidən başlamaq komandaların fevral ayındakı mümkün buraxılış imkanları üzərində işlədiyi müddətdə çeviklik yaradır.” Əgər mühəndislər son hazırlıqlar zamanı raketdə hansısa problem aşkar etsələr, ekipaj karantindən çıxarıla və yeni hədəf tarix müəyyənləşdirildikdən 14 gün əvvəl yenidən karantinə qaytarıla bilər.
NASA əlavə edib: “Əgər testlər yaxşı keçməyə davam etsə və fəaliyyətlər gələn ay mümkün buraxılışa doğru irəliləsə, onlar buraxılışdan təxminən altı gün əvvəl Florida ştatındakı NASA-nın Kennedi Kosmik Mərkəzinə (Kennedy Space Center) uçacaqlar.” NASA qeyd edir ki, orada Artemis II ekipajı buraxılış gününə qədər Neil A. Armstrong Operations and Checkout Building binasının daxilində yerləşən astronavtlar üçün xüsusi yaşayış bölməsində qalacaq.
Karantin müddətində astronavtlar birlikdə yaşayır və karantin qaydalarına əməl etməklə dostları, ailələri və həmkarları ilə normal əlaqə saxlaya bilirlər. Bu qaydalara ictimai yerlərdən uzaq durmaq, maska taxmaq və son təlim fəaliyyətlərini davam etdirərkən təmasda olduqları insanlarla müəyyən məsafə saxlamaq daxildir.
Bu arada, təxminən 900 mil şərqdə — Kennedi Kosmik Mərkəzində yerləşən Artemis II buraxılış sahəsində NASA mühəndisləri aparatın hazırlıq işlərini davam etdirirlər. Bildirilir ki, mexaniki enerji sistemləri, kriogen yanacaq xətləri və mühərriklər yaxşı vəziyyətdədir.
Növbəti böyük mərhələ bu həftəsonuna planlaşdırılan “wet dress rehearsal” (buraxılışın tam sınaq məşqi) olacaq.
Artemis II missiyası Ayın daha geniş şəkildə elmi araşdırılması və potensial iqtisadi faydalar məqsədilə getdikcə daha mürəkkəb pilotlu missiyalar üçün lazım olan sistem və avadanlıqları sınaqdan keçirəcək. Ay eyni zamanda Mars istiqamətində ilk pilotlu missiya üçün “pilləkən” (keçid mərhələsi) kimi də nəzərdə tutulur.
Mənbə: Digital Trends
Hazırladı:  Ziyalə Əhmədli
Gundelik.az