Yaponiyada qırmızı düyü mayası tərkibli qida əlavəsindən istifadə edən 4 nəfər həyatını itirib, 100-dən çox insan isə xəstəxanaya yerləşdirilib. Hadisə sosial mediada geniş təbliğ olunan qida əlavələrinin təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Mütəxəssislər bildirirlər ki, xüsusilə arıqlamaq məqsədilə istifadə edilən qida əlavələri hər zaman zərərsiz deyil. Endokrinoloq və metabolizm xəstəlikləri üzrə mütəxəssis Dos. Dr. Savaş Karataşın sözlərinə görə, bu məhsulların bir çoxu insanlara “möcüzəvi vasitə” kimi təqdim olunur. Halbuki onların bəziləri ciddi yan təsirlərə səbəb olur.
Böyrək və qaraciyər çatışmazlığı yaradır
Mütəxəssis qeyd edir ki, nəzarətsiz istifadə olunan bəzi qida əlavələri allergik reaksiyalara, böyrək və qaraciyər çatışmazlığına, hətta həyati təhlükəyə səbəb olur. Klinik praktikada belə məhsulların istifadəsindən sonra qaraciyər və böyrək çatışmazlığı ilə reanimasiyaya yerləşdirilən xəstələrə rast gəlinib.
Karataşın sözlərinə görə, dərman və əlavələrin təhlükəsizliyi elmi araşdırmalarla təsdiqlənməlidir. Effektivliyi və təhlükəsizliyi kifayət qədər araşdırılmayan məhsullardan istifadə etmək risklidir.
Gənclər daha çox istifadə edir
Mütəxəssis xüsusilə gənclərin sosial mediada gördükləri məlumatlardan daha çox təsirləndiyini və bəzi məhsulları həkim məsləhəti olmadan istifadə etdiyini bildirir.
Məsələn, Braziliya qozunun həddindən artıq istehlakı selenyum zəhərlənməsinə səbəb olur. Bu vəziyyət dəri səpgilərindən tutmuş digər ciddi sağlamlıq problemlərinə qədər müxtəlif fəsadlar yaradır.
Bütün qida əlavələri zərərlidirmi?
Mütəxəssis bütün qida əlavələrinin zərərli olmadığını vurğulayır. Lakin onların istifadəsinə ehtiyac olub-olmadığı və hansı məhsulun seçilməsi mütləq mütəxəssislə müəyyənləşdirilməlidir.
Arıqlamaq istəyən şəxslərə əvvəlcə dietoloqla məsləhətləşmək, istifadə etməyi düşündükləri qida əlavələri barədə isə həkimdən məlumat almaq tövsiyə olunur.
Mütəxəssislərin əsas xəbərdarlığı: “Möcüzəvi” arıqlama və ya müalicə vəd edən məhsulları sosial media tövsiyələrinə əsasən qəbul etmək əvəzinə, həkim nəzarətinə üstünlük vermək lazımdır.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
