Gundelik.az Mədəniyyət və cəmiyyət Mütəxəssis xəbərdarlıq edir: Keyfiyyətsiz gün eynəyi göz sağlamlığını poza bilər
Mədəniyyət və cəmiyyət Xəbərlər

Mütəxəssis xəbərdarlıq edir: Keyfiyyətsiz gün eynəyi göz sağlamlığını poza bilər

Mütəxəssislər bildirirlər ki, ultrabənövşəyi (UV) şüalardan qoruma xüsusiyyəti olmayan keyfiyyətsiz gün eynəkləri göz sağlamlığı üçün ciddi təhlükə yaradır və müxtəlif göz xəstəliklərinin yaranma riskini artırır.

Onların sözlərinə görə, UV qoruması olmayan eynəklər zərərli günəş şüalarına məruz qalmanı artıraraq katarakta, sarı nöqtə xəstəliyi və pterigium (göz əti) kimi problemlərin daha tez inkişaf etməsinə səbəb olur. Mütəxəssislər vurğulayırlar ki, gün eynəyi yalnız estetik və ya dəb aksessuarı deyil, göz sağlamlığının qorunmasında mühüm rol oynayan vasitədir.

Yay mövsümünün başlaması ilə gün eynəklərindən istifadənin artdığını bildirən göz xəstəlikləri üzrə mütəxəssis Yavuz Özpınar deyib:

“Gün eynəkləri sadəcə kosmetik məqsədlə istifadə olunan vasitələr deyil. Onları göz üçün günəş kremi kimi düşünə bilərik. Göz birbaşa günəş və ultrabənövşəyi şüalara məruz qaldıqda bir çox xəstəliklərin yaranmasını sürətləndirə və ya onların daha erkən ortaya çıxmasına səbəb olur. Bunlara erkən yaşlarda katarakta, pterigium (göz əti), eləcə də erkən başlayan sarı nöqtə xəstəliyi daxildir. Gün eynəyi bu risklərdən qorunmağa kömək edir. Buna görə də gün eynəyi taxmaq yalnız kosmetik məsələ deyil.”

Mütəxəssis yanlış gün eynəyi seçiminin təhlükələrinə də diqqət çəkib:

“UV filtri olmayan və sertifikatlaşdırılmamış gün eynəkləri istifadə edildikdə göz bəbəyi böyüyür. Əgər eynəkdə ultrabənövşəyi şüaları bloklayan filtr yoxdursa, genişlənmiş göz bəbəyi vasitəsilə göz daha çox UV şüasına məruz qalır. Nəticədə qorunmağa çalışdığımız katarakta, sarı nöqtə xəstəliyi və pterigium kimi problemlərin yaranma ehtimalı artır. Bu, birbaşa əməliyyata səbəb olmasa da, gələcəkdə cərrahi müdaxilə tələb edə biləcək xəstəliklərin inkişafını sürətləndirə bilər.”

Özpınar qeyd edib ki, bütün gün eynəkləri hər kəs və hər şərait üçün uyğun deyil:

“Lisenziyalı gün eynəklərinin hamısında UV400 qoruma sistemi mövcuddur və bir göz həkimi olaraq mənim üçün ən vacib xüsusiyyət də budur. Lakin insanın gündəlik fəaliyyəti də seçimdə rol oynayır. Məsələn, uzun yol sürücüləri və ya qarlı şəraitdə hərəkət edənlər fərqli xüsusiyyətlərə malik eynəklərə üstünlük verə bilərlər. Polarizə və əks-parıltı (antirefle) örtüklər müəyyən hallarda faydalı olur. Buna görə də gün eynəyi seçərkən diqqətli olmaq vacibdir.”

Mütəxəssis sonda vətəndaşlara keyfiyyətli və sertifikatlı məhsullar almağı tövsiyə edib:

“Gün eynəyi seçimi təsadüfə buraxılacaq məsələ deyil. Onları təcrübəli və etibarlı optika mütəxəssislərindən almağı məsləhət görürəm.”

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version