Gundelik.az Mədəniyyət və cəmiyyət Muş laləsi alimlərin diqqət mərkəzində
Mədəniyyət və cəmiyyət Xəbərlər

Muş laləsi alimlərin diqqət mərkəzində

Türkiyənin Muş bölgəsində təbii yayılma sahələri ildən-ilə daralan endemik Muş laləsinin qorunması üçün aparılan seleksiya və islah işləri nəticəsində daha çox soğan verən yeni genotiplər hazırlanır. Məqsəd bu nadir bitkinin sayını artırmaq və nəsli kəsilmə təhlükəsinin qarşısını almaqdır.

Şəhərləşmə, yeni əkin sahələrinin yaradılması və çəmənliklərlə otlaqların nəzarətsiz otarılması səbəbindən Muş laləsinin təbii yaşayış sahələri getdikcə azalır. Bu səbəbdən Muş Alparslan Universiteti nəzdində fəaliyyət göstərən Muş laləsi Tətbiq və Araşdırma Mərkəzi lalələrin qorunması, çoxaldılması və dekorativ xüsusiyyətlərinin yaxşılaşdırılması istiqamətində işlər aparır.

Alimlərin həyata keçirdiyi tədqiqatlar nəticəsində normalda ildə yalnız bir soğan verən Muş laləsində 3-4 bala soğan əmələ gətirən yeni genotiplər əldə olunub. Bu, lalənin becərilməsini və çoxaldılmasını xeyli asanlaşdırır.

Mərkəzin direktoru Ahmet Yenikalaycı bildirib ki, Muş laləsinin becərilməsi və islahı üzrə artıq 8 ildir tədqiqatlar aparılır. Hazırda qeydiyyata təqdim edilmiş iki yeni lale növü namizədi mövcuddur və onların sınaqları davam edir. O, yaxın 1-2 il ərzində yeni sortların əldə olunacağına ümid etdiklərini vurğulayıb.

Yenikalaycının sözlərinə görə, Muş laləsinin əsas fərqi ondan ibarətdir ki, bir soğandan növbəti il adətən yalnız bir yeni soğan yaranır. Digər mədəni lale növləri ilə müqayisədə bu xüsusiyyət onun geniş miqyasda yetişdirilməsini çətinləşdirir. Aparılan seleksiya işləri nəticəsində isə 3-4 bala soğan verən bitkilər seçilərək çoxaldılıb.

Alimlər hazırda yalnız soğan sayını və çəkisini artırmağa deyil, həm də çiçəklərin daha iri, daha cəlbedici görünməsinə və çiçəkləmə müddətinin uzadılmasına çalışırlar.

Qırmızı rəngə boyanan Muş yaylası bu günlərdə fotoqrafların, təbiətsevərlərin və sənədli film çəkən qrupların böyük marağına səbəb olur. Lalələrin yaratdığı möhtəşəm mənzərə bölgənin turizm və tanıtma potensialına da mühüm töhfə verir.

Şırnakdan gələn həkim və fotoqraf Elif Demir bildirib ki, lalələrin çiçəklədiyi ərazilərdə “inanılmaz dərəcədə gözəl bir mühit” yaranıb. O, bölgənin təbii gözəlliklərini fotoşəkillərlə sosial şəbəkələrdə paylaşaraq tanıtmağa çalışdığını qeyd edib.

Fotoqraf İskəndər Səlcuq da lalələrin açması ilə tarlaların qırmızı rəngə büründüyünü və mənzərənin olduqca təsirli göründüyünü söyləyib.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version