Gundelik.az Xəbərlər ⁠Ailə, qadın və uşaq Mükəmməl valideynlik real hədəfdirmi?
⁠Ailə, qadın və uşaq Xəbərlər

Mükəmməl valideynlik real hədəfdirmi?

Mükəmməl valideynlik anlayışı uşaqların bütün ehtiyaclarının ən yüksək səviyyədə qarşılanması və onların həyatdakı bütün mənfiliklərdən qorunması cəhdi kimi izah olunur. Lakin bu cəhdin yaratdığı gözləntilər və yüksək standartlar valideynlərin özlərini qeyri-kafi hiss etməsinə və ciddi stress yaşamasına səbəb olur.

Valideynlik bəlkə də həyatın ən çətin, eyni zamanda ən çox məmnunluq verən rollarından biridir. Lakin hər keçən gün valideynlər üzərində mükəmməl olmaq təzyiqi də artır. Xüsusilə sosial media valideynləri daim “qüsursuz” olmağa çalışmağa sövq edir. Ana və atalar bu platformalarda digər ailələrin həyatlarını və uşaqlarını nümayiş etdirdikləri paylaşımları gördükcə özlərini onlarla müqayisə etmək məcburiyyətində qalırlar. Bu isə onlarda qeyri-kafilik hissinin yaranmasına və mükəmməl olmaq təzyiqinin artmasına səbəb olur.

Bəs mükəmməl valideynlik real hədəfdirmi?

Uşaqların ehtiyacı həqiqətən də mükəmməl valideynlərdirmi?

Valideynlər səhv etmək qorxusunu necə idarə edə bilərlər?

Bu və digər sualları psixoloq Mehmet Büyükçorak cavablandırıb.

Mükəmməlliyyətçi valideynlik uşaqlarda narahatlıq, stress və özünəinamın aşağı olması kimi mənfi təsirlər yaradır. Belə valideynlik uşağın daim yüksək standartlara çatmaq təzyiqi altında hiss etməsinə və səhv etməkdən qorxmasına səbəb olur.

“Həm valideynlər, həm də uşaqlar üçün təhlükəlidir”

Büyükçorak bildirir ki, mükəmməlliyyətçi valideynlik adətən valideynlərin özləri üçün müəyyən etdikləri, çatılması çətin olan standart və gözləntilərdən qaynaqlanır:

“Valideyn bu standartlara çatdıqda özünü rahat hiss edir, lakin hər hansı mənfi hal baş verdikdə valideynlik bacarıqlarını sorğulamağa başlayır. Uzun müddətdə bu, valideynlərin özünəinamı üçün dağıdıcı olur”.

Büyükçorakın sözlərinə görə, mükəmməllik axtarışı real yanaşma və istək deyil. O, bunun yalnız valideynlərin daxili dünyasına deyil, uşaqlarla münasibətlərinə də zərər verə biləcəyini bildirir.

“Valideynlərin mükəmməl olmaları lazım olduğuna inanması və ya onlardan belə bir gözləntinin olması heç də real deyil. Hər bir insan səhv edə bilər və hər vəziyyət üçün ideal reaksiya göstərmək mümkün olmaya bilər. Bundan əlavə, mükəmməllik axtarışı valideynlər üzərində ciddi təzyiq yarada və valideynlə uşaq arasındakı münasibətə zərər verən mənfi nəticələrə səbəb olur”.

Sosial medianın yaratdığı mükəmməllik axtarışı

Qüsursuz ailələr, mükəmməl həyat… Sosial media insanların həyatındakı ən gözəl anların toplusu kimi görünür. Buna baxmayaraq, insanlar bu platformalarda gördükləri həyat tərzindən ciddi şəkildə təsirlənirlər.

Sosial media bu baxımdan valideynləri daim “mükəmməl” olmağa çalışmağa sövq edir. Bu isə ana və ataların özlərini qeyri-kafi hiss etməsinə səbəb olur.

Büyükçorak bildirir ki, valideynlər sosial mediada gördükləri “mükəmməl” həyatların əslində hər kəs üçün əlçatan və real olmadığını anlamalı, öz ailə dəyərlərini və həyat şəraitlərini nəzərə alaraq sağlam və real hədəflər müəyyənləşdirməlidirlər.

Uşaqlara necə təsir edir?

Valideynlərin mükəmməl olmaq axtarışı uşaqlarda narahatlıq, stress və özünəinamın aşağı olması kimi mənfi təsirlər yaradır.

Büyükçorak deyir ki, uşaqlar zaman keçdikcə mükəmməl olmaq təzyiqini mənimsəyərək səhv etməkdən qorxan və özünəməxsusluğunu itirən fərdlərə çevrilirlər:

“Mükəmməlliyyətçi valideynlik uşaqlarda narahatlıq, stress və aşağı özünəinam kimi mənfi təsirlər yaradır. Bu cür valideynlik uşağın daim yüksək standartlara çatmaq təzyiqi altında hiss etməsinə və səhv etməkdən qorxmasına səbəb olur.

Uşaqlar müəyyən mərhələdən sonra mütləq mükəmməl olmaları lazım olduğuna dair inanc formalaşdırırlar. Bu isə onların özünəməxsus olmalarına, səhv etmək imkanlarından yararlanmalarına, fərqli düşünmələrinə və doğuşdan gətirdikləri fərdi potensiallarını reallaşdırmalarına mane olaraq zərərli rol oynayır.

Uşaq mükəmməl olmadığı təqdirdə dəyərli olmadığına, sevilməyəcəyinə və qəbul edilməyəcəyinə dair müxtəlif inancları öz şüurunda formalaşdırır. Uzun müddətdə isə yalnız sevilmək üçün belə mükəmməl olması lazım olduğuna inanan böyüklərə çevrilir”.

“Əsas məsələ uşaqların ehtiyaclarını kifayət qədər qarşılamaqdır”

Valideynlərin uşaqlarının hər bir ehtiyacını mükəmməl şəkildə qarşılamalı olduqlarına inanması tükənmişlik və stress kimi nəticələrə də gətirib çıxarır.

Büyükçorak uşaqların sağlam inkişafı üçün mükəmməl valideynlik əvəzinə “kifayət qədər yaxşı” valideynlik anlayışının mənimsənilməsinin vacibliyini vurğulayır:

“Əsas məsələ uşaqların emosional, fiziki və psixoloji ehtiyaclarını kifayət qədər qarşılamaqdır. Valideynlər uşaqlarına sevgi, dəstək və istiqamət verərək onların özlərini kəşf etmələrinə və öz yollarını seçmələrinə kömək edirlər.

‘Mükəmməl yaxşının düşmənidir’ ifadəsindən çıxış etsək, kifayət qədər yaxşı ola bilən hər bir valideyn (qayğı göstərən şəxs) uşağın inkişaf prosesində mümkün qədər ehtiyac duyduğu insandır.

Uşaqların sağlam inkişafı üçün valideynlərin mükəmməl olması deyil, öz qüsurlarını qəbul edə bilməsi daha vacibdir. Valideynlər uşaqlara səhv etməyin insan olmağın bir hissəsi olduğunu və bu səhvlərdən nəticə çıxarmağın dəyərli olduğunu öyrədirlər. Bu yanaşma uşaqların emosional dayanıqlıq formalaşdırmasına və özlərinə qarşı daha mərhəmətli olmalarına kömək edir.”

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version