ABŞ, İsrail və İran arasındakı müharibə 12-ci gününə qədəm qoyub. Bölgədə gərginlik artdıqca, hər iki tərəfdən müharibədəki inkişaflarla bağlı açıqlamalar verilməyə davam edir.
İran dövlət televiziyası İnqilab Keşikçiləri Korpusunun 30 nömrəli yazılı bəyanatını yayımladı. Bəyanatda deyilir: “Tel-Əvivin cənubundakı peyk rabitə mərkəzini, Qərbi Qüds və Hayfadakı hərbi mərkəzləri, Ərbildəki ABŞ hədəflərini və bölgədəki 5-ci Dəniz Donanmasını ikinci dəfə hədəf alan 37-ci əməliyyat hücumların başlanğıcından bəri ən ağır və ən gərgin əməliyyat idi”. İki tonluq ballistik döyüş başlığı ilə təchiz olunmuş Xürrəmşəhr raketinin istifadə edildiyi bildirilən əməliyyat üç saatdan çox davam edib. İran İnqilab Keşikçiləri Korpusu Bəhreyn, Qətər, Küveyt və İraqdakı ABŞ bazalarına hücum edərək onların əməliyyat infrastrukturunu məhv etdiyini iddia etdi.
İran dövlət televiziyası “Əsl Vəd-4” əməliyyatının 36-cı dalğası ilə bağlı açıqlama yayımladı. Bəyanatda deyilir: “Əsl Vəd-4” əməliyyatının 36-cı dalğasında ABŞ ordusunun əməliyyat infrastrukturu “Qədr”, “Xeybər Şikan” və “Əməd” raketləri ilə məhv edildi.”
Əməliyyat ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki 5-ci Donanmasını, Qətərdəki Əl-Udeyd Bazasını, Küveytdəki Əl-Udeyri Bazasını və İraqın şimalındakı Əl-Hərir Bazasını hədəf aldı.
İSRAİL ÖLƏNLƏRİN SAYINI AÇIQLADI
Müharibənin 12-ci günündə İsrail ordusu İrandan hər gün fasilələrlə raketlər atıldığını və Livandakı Hizbullahın eyni zamanda tank əleyhinə və qısa mənzilli raketlərlə cavab verdiyini açıqladı.
İranın İsrailə qarşı qisas əməliyyatlarında istifadə etdiyi sursata diqqət çəkən açıqlamada, 28 fevralda ABŞ-İsrail hücumlarının başlamasından bəri İranın atdığı raketlərin təxminən yarısının çoxbaşlı raketlər olduğu bildirilir. Bəyanatda İranın qisas əməliyyatlarında 12 nəfərin öldüyü, 200 nəfərin yaralandığı, bunlardan 7-sinin ağır olduğu bildirilir.
Mənbə:Haberler.com
Tərtib etdi:Səid Mikayılzadə
Gundelik.az
