İyul 8, 2026
Baku
Ədəbiyyat Ölkə

Müdriklik məbədinin memarı-Həsən Fətullayev

Ədəbiyyat aləmində Həsən Elsevər kimi tanınan şair, nasir və dramaturq Həsən Fətullayev (1925-2003) 40-cı illərdən başlayaraq Naxçıvanda ədəbi mühitin inkişafı və zənginləşməsində böyük rol oynamışdır.Müdriklik məbədinin memarı
Həsən Mehdi oğlu Fətullayev 1925-ci ilin mayın 25-də Naxçıvan şəhərində anadan olub. Həsən Fətullayev Naxçıvan şəhər 1 nömrəli orta məktəbdə səkkizilik orta təhsil almışdır (1933-1941). müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olub. Ailə vəziyyətinin çətinliyindən irəli gələrək Naxçıvan Dövlət Musiqili Dram Teatrında (1941, dekabr-1943, fevral) artist kimi əmək fəaliyyətinə başlayan H.Fətullayev 1943-cü ilin fevral ayında (12-də) könüllü ordu sıralarına qoşularaq müharibəyə getmiş və 1949-cu ilin mart ayına qədər ordu sıralarında xidmət keçmişdir. H.Fətullayev 1949-cu ilin aprel ayında cəbhədən döndükdən sonra da əmək fəaliyyətindən qalmamış, iyul ayına kimi Aviasiya Könüllü Yardım Cəmiyyətinin Naxçıvan Vilayət Komitəsində təlimatçı, həmin ilin oktyabr ayından 1950-ci ilin fevral ayına kimi Naxçıvan şəhər 1 nömrəli orta məktəbdə pioner baş dəstə rəhbəri, 1950-ci ilin fevral ayından Naxçıvan Vilayət Komsomol Komitəsində təlimatçı, Hərbi və bədən tərbiyəsi şöbəsinin  müdiri işləmişdir. O, 1952-ci ilin aprel ayından Naxçıvan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində xüsusi müxbir kimi fəaliyyət göstərmişdir. H.Fətullayev Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda təhsil almışdır (1953, sentyabr – 1957, sentyabr). Ali təhsil illərindən sonra Nehrəm kənd orta məktəbində (1957-1960), sonra Naxçıvan şəhər 1 nömrəli orta məktəbdə müəllim (1960-1968), eləcə də Naxçıvan şəhərindəki 1 nömrəli axşam fəhlə-gənclər məktəbinin direktoru (1968-1972) olmuşdur. Bundan sonra yazıçı Naxçıvan Radio və Televiziya Verilişləri Komitəsində fəaliyyətinə davam edərək burada redaktor və böyük redaktor vəzifələrində çalışmış,  eyni zamanda ştatdankənar “Məktəb həyatı” televiziya jurnalının redaktoru, maarif işçiləri nəzdində fəaliyyət göstərən “Valideynlər universiteti”nin rektoru olmuşdur. Yazıçı uzun illər Naxçıvan Muxtar Respublika Kitabxanasına rəhbərlik etmişdir (1984-2002). Həsən Fətullayev 2003-cü ilin mayın 16-da vəfat etmişdir.
Söz xəzinədarı – Elsevər 
Həsən Fətullayev ədəbi yaradıcılığa 1942-ci ildə “Şərq qapısı” qəzetinin 3 aprel tarixli sayında dərc etdirdiyi “Azərbaycan fəxr edir” şeiri ilə gəlmişdir. Ədəbi fəaliyyətə şeirlə gəlməsinə baxmayaraq Həsən Elsevər öz yaradıcılığına nəsrlə davam etmiş, özünü peşəkar nasir  və dramaturq kimi də tanıtmışdır. Onun povest və hekayələrində o dövrün ictimai sifarişinə uyğun olan mövzu və problemlər başlıca yer alsa da, əsərlərində maraqlı və aktual problemlər, müxtəlif insan taleləri əks etdirməyə nail olmuşdur. Çoxsaylı nəsr əsərlərinin müəllifi olan Həsən Elsevərin ilk işıq üzü görən və yazıçını geniş oxucu kütləsinə təqdim edən kitabı 1964-cü ildə çap olunan “Ürəklər bir vuranda” kitabıdır (Bakı, Azərnəşr, 1964, 72 s.). Gənc yazıçının ilk hekayələri daxil edilən bu kitabda saf məhəbbət, ailə-məişət məsələləri, insan taleləri, II Dünya müharibəsinin gətirdiyi dəhşətlər və insanların bir-birinə inam və məhəbbəti və s. özünə yer almışdır. Yazıçının ad olaraq seçdiyi “Ürəklər bir vuranda” qəhrəmanların sevdiyi mahnının sözləridir. Yazıçının bu ilk kitabında “Məhəbbətin qarşısı alınmazdır”, “Tarzən Səfər”, “Ata”, “Nadirovun əməlləri”, “Çobanın nağılı” və s. kimi maraqlı hekayələri yer almışdır. Ümumiyyətlə, yazıçının müxtəlif illərdə 15 kitabı işıq üzü görmüşdür. Yazıçının “Gözəllik bulağı” (Bakı, Azərnəşr, 1974, 32 s.), “Mən əsir doğulmamışam” (Bakı, Yazıçı, 1978, 122 s.), “Ürək daşdan deyil” (Bakı, Yazıçı, 1982, 156 s.), o cümlədən “Zəlzələ” (Bakı, Yazıçı, 1987, 157 s.), “El sərkərdəsi” (şeirlər), “Yaralıdır Azərbaycan” (Bakı, Gənclik, 1998, 84 s.), “Qaçmaq igidlik deyil” (Bakı, Gənclik, 1998, 84 s.), “Məhəbbəti daşa toxunan gözəl” (Bakı, Gənclik, 1998, 70 s.), “İnamsızlıq yaman dərddir” (şeirlər və poemalar) (Bakı, Gənclik, 1999, 44 s.), “Çiçəklənir baharımız” (şeirlər), “İki qardaş” (poema) (Naxçıvan, İnteqral, 1999, 24 s.), “Səgrək (pyes) (Naxçıvan, İnteqral, 1999, 40 s.), “Bir ürəkdir – iki can” (şeirlər və poemalar) (Bakı, Gənclik, 1999, 164 s.), “Əlyar” (mənzum nağıl) (Naxçıvan, İnteqral, 1999, 26 s.), “Cavid və Mircəfər” (Naxçıvan, İnteqral, 2000, 26 s.), “Zəfər” (Bakı, Gənclik, 2002, 72 s.), “Sənsiz bizim bir günümüz olmasın” (poema, şeirlər və mahnılar) (Bakı, 2004, 32 s.) kitabları onun yaradıcılıq uğurlarına işıq tutur.
Yazıçının “Zəlzələ”, “Səda”, “El üçün yanan ürək”, “Mən əsir doğulmamışam”, “Qurban və Süsən” kimi povestləri də maraqlı mövzulara həsr olunaraq xalqa, elə, obaya bəslənilən məhəbbət və sərf edilən əməyin insana gətirdiyi xoşbəxtlikdən bəhs edir. Yazıçının “Ürək daşdan deyil”, “Qan itməz”, “Suvaqçı Aslan”, “Şirin dilə aldanmayın” və b. hekayələrində də saf məhəbbət, ictimai əxlaq, doğruluq və dürüstlük, əməksevərlik və halallıq kimi vacib əxlaqi-mənəvi keyfiyyətlər yer alır. Yazıçının 90-cı illərdə Azərbaycanın və onun alınmaz qalası olan Naxçıvanın ərazilərinə erməni hərbi təcavüzlərinin gətirdiyi ağır problemləri, müharibə dəhşətləri və əhalinin birlik və əzmlə apardığı mübarizəni 90-cı illərdə çap etdirdiyi “Qaçmaq igidlik deyil” kitabında toplanan  “Qaçmaq igidlik deyil”, “Kəşfiyyatçılar”, “Girov” kimi hekayələrində əks etdirmişdir. Azərbaycan xalqının birgə mübarizə əzmi və qəhrəmanlıqlarının əks edildiyi həmin əsərlərdə mənfur erməni millətinin şeytani xarakteri, törətdikləri vəhşiliklər, insanlığa qarşı yol verdikləri qanlı dəhşətlər və s. öz təsvirini tapmışdır. Akademik İsa Həbibbəyli onun haqqında yazır: “Həsən Elsevərin müharibə dövrü nəsrindəki vətənpərvərlik ideyaları yeni nəsillər üçün mühüm əhəmiyyətə malikdir. Yazıçının müasirlərimizin həyatından söz açan əsərlərində də ictimai motivlər insan mənəviyyatı ilə vəhdətdə təsvir olunmuşdur. Yazıçı bütün yaradıcılığı boyu cəmiyyət və qəhrəman münasibətlərinin bədii təqdiminə üstünlük vermişdir”.
Həsən Fətullayevin yaradıcılığının son dövrlərində çap etdirdiyi bir neçə kitabda poeziya nümunələri toplanıb. Onun şeirlərində də 90-cı illərin ab-havasına uyğun ictimai mətləblər, tarixi motivlər, milli məsələlər və s. ümumiləşərək öz əksini tapmışdır. Onun “Qüdrət”, “İmam Zaman”, “İki qardaş” kimi poemaları da yazıçının poeziyaya olan marağını nümayiş etdirir. Habelə şair H.Elsevərin “Sənsiz bizim bir günümüz olmasın” poeması, “El diləyi”, “Heydər zirvəsi” şeirləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr edilmiş, bundan başqa “Cavid və Mircəfər”, “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında “İki qardaş”, “Dostluq dastanı”, “Məhəbbəti daşa toxunan gözəl”, “Bir ananın fəryadı” və s. kimi poemaları ilə Azərbaycan poeziyasını zənginləşdirmişdir.
Həsən Elsevər yazdığı müxtəlif pyeslərlə özünü həm də bir dramaturq kimi tanıtmışdır. Onun “Vüqarlı gözəl” (1966), “Alınmaz qala” (1976), “Xankəndinin qartalı” (1995), “Koroğlu nəsli” (1998),  “Təhlükəli oyun” (1999), “Səgrək” (1999), “Zəfər”  (2002) kimi pyesləri mövzu müxtəlifliyi baxımından diqqəti cəlb etdiyi kimi, milli mündəricəli problem və qayğıları da hədəfə alması ilə diqqət mərkəzinə gəlir. Dramaturqun müxtəlif əsərləri Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulmuşdur. Ümumiyyətlə, şifahi xalq yaradıcılığı motivləri və klassik ədəbiyyata söykənən yazıçı Həsən Elsevər uşaqlar üçün də maraqlı əsərlər ərsəyə gətirmiş, “Kitabi-Dədə Qorqud” motivləri əsasında “Səgrək” pyesini, “İki qardaş” poemasını, xalq nağılı motivində “Əlyar” mənzum nağılını, “Çobanın nağılı”, “Suvaqçı Aslan” kimi əsərlərini və uşaq şeirlərindən ibarət “Təbəssüm” kitabını ərsəyə gətirmişdir. Onun “Suvaqçı Aslan” hekayəsi öz məzmunu ilə bizə xalq nağıllarımızı, klassik ədəbiyyatımızın nəhəng nümayəndəsi Əbdürrəhimbəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları”əsərini və dünya ədəbiyyatının tanınmış nümayəndəsi Dantenin “İlahi komediyası”nı xatırladır.
Doğruluq və dürüstlük, qəhrəmanlıq və şərəf, məsuliyyətlilik və ləyaqət, əməksevərlik və halallıq, vətənpərvərlik və qəhrəmanlıq kimi mənəvi keyfiyyətlər onun əsərlərində başlıca ideyaya çevrilərək yazıçının yaradıcılıq amalı, kredosuna çevrilmişdir.
Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndəsi Həsən Elsevərin (Fətullayev) əməyi qiymətləndirilərək Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi adına da layiq görülmüşdür.
Həsən Fətullayev SSRİ Yazıçılar İttifaqının üzvü kimi bir sıra müttəfiq sovet ölkələrində olmuş, həmçinin 1981-ci ildən etibarən bir neçə dəfə qardaş Türkmənistanda olmuş, bir sıra tədbirlərdə, habelə poeziya bayramında iştirak etmiş, Türkmənistan yazıçıları ilə dostluq etmişdir. Onun bir neçə şeiri Türkmənistana və türkmən qardaşlara sevgidən yaranıb. Şairin “Məhtimqulu”, “Aşqabad bir may günü”, “Gəlmişəm”, “Ayna bacım” kimi əsərləri məhz bu mövzudadır. Şairin “Məhtimqulu” adlı şeiri böyük türkmən şairi Məhtimquluya  həsr olunmuşdur. Ümumiyyətlə, yazıçının bir sıra əsərlərini türkmənistan Yazıçılar İttifaqının orqanı olan “Sovet ədəbiyyatı” adlı jurnalında da nəşr olunmuşdur. Jurnalın 1984-cü ilin oktyabr ayında buraxılmış onuncu nömrəsində yazıçı H.Elsevərin də böyük türkmən şairi Məhtimquluya həsr etdiyi “Məhtimqulu” şeiri dərc edilmişdir.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Gundelik.az