5G texnologiyası yüksək sürət və etibarlı bağlantı imkanları ilə müdafiə sənayesində yeni mərhələ açır. Bu texnologiya pilotsuz sistemlərin, hərbi rabitənin və süni intellekt əsaslı tətbiqlərin daha səmərəli istifadəsinə şərait yaradır.
Əvvəlki nəsil şəbəkələrlə müqayisədə daha yüksək sürət və aşağı gecikmə müddəti təklif edən 5G eyni anda çoxsaylı pilotsuz sistemlərin, sensorların və nəqliyyat vasitələrinin real vaxt rejimində əlaqəsini təmin edir. Yüksək bant genişliyi sayəsində 4K formatında canlı video axını və artırılmış reallıq tətbiqləri problemsiz şəkildə həyata keçirilir. Millisaniyəlik gecikmə ilə uzaqdan idarəetmə əməliyyatlarının aparılması isə 5G-ni həm mülki, həm də hərbi sahələrdə “oyun dəyişdirən” texnologiyaya çevirir.
Pilotsuz sistemlərdə yeni imkanlar
5G texnologiyasının müdafiə sənayesində ən mühüm təsiri pilotsuz sistemlərdə özünü göstərir. Pilotsuz uçuş aparatları (PUA), yerüstü və dəniz nəqliyyat vasitələri 5G sayəsində daha səmərəli və təhlükəsiz idarə olunur. Aşağı gecikmə operatorlara real vaxtda pilotsuz təyyarələri idarə etməyə imkan verir, həmçinin HD formatında görüntülərin dərhal ötürülməsini təmin edir.
Eyni zamanda, 5G texnologiyası bir neçə pilotsuz sistemin koordinasiyalı fəaliyyətini asanlaşdırır. “South China Morning Post”un məlumatına görə, Çin Xalq Azadlıq Ordusu 10 minlərlə pilotsuz aparat və robotik platformadan ibarət dünyanın ən böyük pilotsuz hərbi birliyini formalaşdırmağı planlaşdırır və bu məqsədlə 5G infrastrukturunu əsas vasitə kimi görür.
Hərbi rabitədə 5G dövrü
5G texnologiyası hərbi rabitədə də strateji əhəmiyyət daşıyır. Bölmələr arasında genişzolaqlı məlumat mübadiləsi, mobil qərargahların yüksək sürətli əlaqəsi və radar-sensor şəbəkələrinin inteqrasiyası bu texnologiyanın əsas üstünlüklərindəndir.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 2020-ci ildə ölkə daxilindəki beş hərbi bazada 5G sınaqları üçün 600 milyon dollar ayırıb. Bundan əlavə, “hərbi 5G və ondan kənar” tədqiqatları inkişaf etdirmək məqsədilə daha 2 milyard dollarlıq investisiya planlaşdırılıb.
NATO-nun çoxmillətli 5G təşəbbüsü
2024-cü ildə başlayan NATO-nun Çoxmillətli 5G Təşəbbüsü (MN5G) müttəfiq ölkələrin 5G texnologiyalarını hərbi sistemlərə inteqrasiya etmək və təhlükəsiz, qarşılıqlı fəaliyyət göstərən infrastruktur qurmaq məqsədi daşıyır. Layihənin təsisçi üzvləri arasında Türkiyə, İtaliya və İspaniya da yer alır. Proqram çərçivəsində 5G-nin milli və NATO səviyyəsində sınaqları aparılır və ümumi texniki tələblər müəyyənləşdirilir.
Süni intellektlə inteqrasiyada 5G-nin rolu
“İstanbul 5G və Yeni Nəsil Silah Sistemlərinin İnfrastrukturu” adlı hesabatda qeyd olunur ki, 5G texnologiyası süni intellekt sistemlərinin daha effektiv fəaliyyət göstərməsinə şərait yaradır. Böyük həcmdə məlumatı çox aşağı gecikmə ilə ötürmə qabiliyyəti sayəsində süni intellekt real vaxtda qərar qəbul edə bilir. Bu isə xüsusilə əməliyyat şəraitində saniyələrin həlledici olduğu hallarda böyük üstünlük təmin edir.
Beləliklə, 5G texnologiyası təkcə müasir rabitə vasitəsi deyil, həm də müdafiə sənayesində əməliyyat effektivliyini, təhlükəsizliyi və süni intellekt sistemlərinin idarə imkanlarını gücləndirən strateji innovasiya kimi ön plana çıxır.
Gundelik.az
