İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Estoniya dörd ildə müdafiəyə 10 milyard avrodan çox vəsait ayıracaq

Estoniya hökuməti növbəti dörd il üçün dövlət büdcəsi strategiyasını təsdiqləyib. Sənədə əsasən, milli müdafiənin inkişafına 10 milyard avrodan artıq vəsait xərclənəcək.

Gundelik.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə naziri Hanno Pevkurun sözlərinə görə, əsas prioritetlərdən biri hava hücumundan müdafiənin gücləndirilməsidir. Bu məqsədlə yaxın illərdə ayrıca hava hücumundan müdafiə briqadası yaradılacaq, yaxın, orta və uzun mənzilli imkanlar isə IRIS-T, Piorun və Mistral sistemləri ilə təchiz ediləcək. Pilotsuz uçuş aparatlarının aşkarlanması və monitorinqi də gücləndiriləcək.

Məlumata görə, qarşıdakı illərdə müdafiə büdcəsinin yarıdan çoxu maddi-texniki təchizata sərf olunacaq. 2022–2029-cu illəri əhatə edən dövrdə ümumi dəyəri 5 milyard avrodan çox olan sursat alınıb və ya alınacaq. Həmçinin ərazi müdafiə briqadaları əlavə hücum PUA-ları ilə təchiz ediləcək, elektron müharibə və dron imkanları inkişaf etdiriləcək.

Bundan başqa, raketdən müdafiə qruplarının yaradılması və kritik infrastrukturun qorunması üçün C-RAM sistemlərinin inkişafına başlanacaq. Müdafiə infrastrukturu – təlim və atış poliqonları, tədris binaları, komanda məntəqələri və Baltikyanı müdafiə zonası üçün də əlavə investisiyalar nəzərdə tutulub.

Müdafiə sənayesinə və innovasiyalara 51 milyon avro ayrılacaq. Bu vəsaitlə müdafiə sənayesi parkı qurulacaq, məktəblərdə pilotsuz uçuş aparatları üzrə təlimlər keçiriləcək, Silahlı Qüvvələrdə Qabaqcıl İmkanlar və İnnovasiyalar Komandanlığı yaradılacaq.

2026-cı il büdcə layihəsinə əsasən, müdafiəyə ÜDM-in ən azı 5 faizi yönəldiləcək ki, bu da 2025-ci illə müqayisədə 844,5 milyon avro çoxdur. Layihə hava hücumundan müdafiənin, diviziya strukturlarının, dron imkanlarının və müdafiə sənayesinin inkişafını nəzərdə tutur.

Hökumətin məlumatına görə, 2026-cı ildə dövlət gəlirləri 18,6 milyard avro, xərcləri isə 19,5 milyard avro olacaq. Büdcə kəsiri ÜDM-in 4,5 faizi səviyyəsində müəyyənləşdirilib və Aİ çərçivəsində müdafiə xərcləri üçün qəbul olunmuş istisnalara uyğun olacaq.

Estoniya Ukraynaya dəstəyi də davam etdirəcək – 2026-cı ildə bu məqsədlə ÜDM-in 0,25 faizi, yəni 110,7 milyon avro ayrılması planlaşdırılır. Vəsaitlərin böyük hissəsi Estoniyanın müdafiə sənayesi müəssisələrinə sifarişlərin verilməsinə sərf ediləcək.

Büdcə layihəsində həmçinin 2026-cı ildən vergi yükünün 1,4 faiz bəndi azaldılması, yol tikintisi proqramı üçün 276,8 milyon avro, Rail Baltica layihəsinin davamı üçün isə 684,2 milyon avro ayrılması nəzərdə tutulur.

2025-ci il büdcəsi isə ÜDM-in 3 faizi həcmində kəsirlə qəbul edilib. Müdafiə xərcləri 2024-cü ildəki 3,2 faizdən 3,3 faizə yüksəlib.

Gundelik.az